İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” kitabının təqdimatı keçirilib.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi C.Həmidov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektorun aparıcı məsləhətçisi V.Məmmədov, Oğuz rayon ümumtəhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbərləri, Oğuz şəhərindəki məktəblərin X və XI sinif şagirdləri, rayon ictimaiyyəti və kitabxananın oxucuları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Oğuz rayon MKS- nin direktor əvəzi Nəzakət Qasımova tədbir iştirakçılarını salamlayaraq, yazıçının yaradıcılığı barədə ətraflı məlumat verib. O, bildirib ki, şair, yazıçı və publisist Müşfiq Malik Muğanlı indiyədək 9 şeir və esse kitabının müəllifidir. Onun şeirləri və publisist yazıları 1998-ci ildən dövrü mətbuatda dərc olunur. Yazıçının son əsəri olan “Mübarizdən sonra” kitabı iki hissə və dörd bölmədən ibarətdir. Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunub.
Daha sonra kitab barədə çıxışlar edilib. Qeyd olunub ki, əsər vətənə sədaqət və qəhrəmanlığın nümunəsidir, gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynayacaq.
Ardınca kitabın müəllifi Müşfiq Malik Muğanlı çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirib, əsərin əhəmiyyətindən və Mübariz İbrahimovun qəhrəmanlığından söz açıb. O vurğulayıb ki, kitab iki hissədən ibarətdir: birinci hissədə Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun fikirləri və tanınmış şəxslərin Mübariz İbrahimov haqqında düşüncələri, ikinci hissədə isə Mübariz İbrahimovun həyat hekayəsi, esselər və şeirlər yer alıb.
Tədbir boyunca iştirakçılar Milli qəhrəman Mübariz İbrahimov haqqında videosüjetlərə baxıblar.
Sonda müəllif Müşfiq Malik Muğanlı iştirakçılara təşəkkürünü bildirərək, kitablarını hədiyyə edib, xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)