Oğuzda “Əsirlərin yadigarı – bizim milli musiqimiz” adlı ədəbi-bədii kompozisiya Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

16 sentyabr 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasında 18 Sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əsirlərin yadigarı – bizim milli musiqimiz” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Tədbirdə Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektor müdiri Şaiq Rüstəmov və idarənin əməkdaşları, Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllimləri, Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın əməkdaşları və oxucular iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəylinin və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycan milli musiqisinin inkişaf zirvəsi məhz onun adı ilə bağlıdır. 1995-ci ildən etibarən dahi bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Tədbir çərçivəsində Oğuz rayon Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında ölməz bəstəkarın əsərlərindən parçalar səsləndirilib. Müğənni Süleyman İsmayılov isə Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romanslarını ifa edərək tədbirə xüsusi rəng qatıb.

Kitabxananın foyesində “Üzeyir dünyası” adlı sərgi də ziyarətçilərin ixtiyarına verilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.