Gülnarə Cəmaləddin,
AYB Sumqayıt bölməsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün
Millətin oyanışını onun ədəbiyyatının, mədəniyyətinin inkişafında görən, Azərbaycanın siyasi və mədəni həyatında çox önəmli rol oynamış böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bu gün ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.”
Ədəbiyyat tarixi əbədiyyətə qovuşdurur. Zaman-zaman ədəbiyyatın ən çətin anlarında yanında olub, ona dəstək verən, onun inkişafı üçün əlindən gələni etməyə çalışan tarixi şəxsiyyətlər ədəbiyyatın əbədiyyətə qovuşması missiyasını öz üzərlərinə götürüb, o ağır məsuliyyəti öz çiyinlərində daşıyıblar.
Dünyaya Nizami, Füzuli, Nəsimi kimi dühalar vermiş Azərbaycan ədəbiyyatı bu gün də dövlətçilik ənənələrinə sadiq qalaraq, yeniyetmələrdə və gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən əsərlərin araya-ərsəyə gəlməsində, onların təbliğində çox böyük işlər görür.Çünki ədəbiyyat dünyanın özünü yaxşı mənada nizamda saxlayan söz sənətidir.
Hələ 2-ci dünya savaşı ərəfəsində Hüseyn Cavid yazırdı:
“Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi - əhəmiyyətdir.”
Müharibələr, sürgünlər, repressiyalar, işgəncələr, gərəksiz senzuralar, haqsızlıqlar, ədalətsizliklər yolunu çətinliklə, amma mətanətlə keçmiş ədəbiyyatımız indi müstəqillik dövrünün ən parlaq zamanını yaşayır.
Qayğı elə bir dildir ki, kar da eşidə bilər, kor da görə bilər (Mark Tven).
Qələm adamları həssas olur. Onlar üçün diqqət və qayğı hər şeydən önəmlidir. Çünki ən xırda diqqət belə onların yaradıcılığına stimul verir, onları ruhlandırır. Müstəqillik dövrünü yaşayan ədəbiyyata töhfələr vermiş şair və yazıçılarımız da zaman-zaman dövlətin diqqətindən kənarda qalmır, öz layiqli qiymətini alır.
Mən 1988-ci ildən Sumqayıt ədəbi mühitindəyəm.Uzun müddət Ə.Kərim adına Poeziya klubunda fəaliyyət göstərən ”Dəniz” ədəbi birliyinin üzvü olmuşam. Sumqayıt ədəbi mühitinin hansı çətinliklərlə üzləşib, hansı sınaqlardan çıxdığının canlı şahidiyəm. Üzvü olduğum “Dəniz” ədəbi birliyinin zirzəmidən zirzəmiyə sürükləndiyini öz gözlərimlə görmüşəm. Buna baxmayaraq, “Dəniz” ədəbi birliyi də ədəbiyyatımız üçün xeyli işlər görüb. Bu gün imzası respublika ədəbi mühitində tanınan İbrahim İlyaslı, Məryəm Aslanqızı, Əli Nəcəfxanlı, Sabir Yusifoğlu, Gülbala Mehdi, Almaz Ərgünəş Bəyazid, Əyyub Qiyas Abasov, Nadir Azayoğlu, Füzuli Sabiroğlu, Mövlam Hüseynli, Müqəddəs Şahbazov, Avtandil Ağbaba, Zülfəli Zülfəliyev, Akif Avşan, Elçin Elgün, Bəxtiyar Hüseynli, Varis, Xaliq Oğuz, Arif Həsənoğlu, B.Rövşən, Nadir Məmmədli, Mənsurə Xələfbəyli, İlhamə Məhəmməd qızı, Mehdi Cəlal, Şəfa və başqa imzaların yetişməsində çox böyük rol oynayıb.
Yaradıcılığın da, sənətin də, elə şəhərlərin də öz əxlaqı, öz ruhu olur. Sumqayıt öz əxlaqı, öz ruhu olan şəhərdir. Bu şəhərdə yaşamaq, insanların sevgisini qazanmaq həm çətindir, həm də asan. Çətindir ona görə ki, gərək təpədən-dırnağa sumqayıtlı olasan, insanların nə istədiklərini duya biləsən. Asandı ona görə ki, bu şəhərdə hər kəs bir-birinə simsardı, doğmadı, sevgi verdinsə, sevgi qazanacaqsan.
Sumqayıtda ədəbi mühitin yaranmasında və formalaşmasında bir neçə qələm adamının mühüm rolu olmuşdur. İlk olaraq bu ənənənin yaradıcısı mərhum şairimiz Xasay Cahangirov olsa da, sonradan Vaqif İbrahim və Əşrəf Veysəllinin də ədəbi mühitin formalaşmasında, inkişafında çox böyük xidmətləri vardır. Bu gün imzası respublikamızda tanınan Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Feyzi Mustafayev, Məmməd Aslan, Məmməd İlqar, Zirəddin Qafarlı, Sabir Sarvan, Ağəddin Mansurzadə,Süleyman Hüseynov, Nərgiz Cabbarlı, şeirləri dərsliklərə salınmış Məmməd Namaz, Mir Sabir, Tofiq Məmməd və başqaları məhz bu şəhərdə yazıb-yaratmışlar. Şəhərdə respublika səviyyəsində tanınan çoxsaylı imzaların olması və o insanların bu şəhərdə yaşayıb-yaratması burda AYB-nin Sumqayıt bölməsinin yaranması zərurətini ortaya qoyurdu. Buna dəfələrlə çalışılsa da, AYB-nin Sumqayıt bölməsinin yaratmaq cəhdi elə cəhd olaraq da qalırdı.
1996- cı ildə Sumqayıtda müstəqillik dövrünün qaranquşu sayılan, gənclərin ruhunda yaxşı mənada təlatüm yaratmış, “Gənclik” jurnalında ədəbi işçi vəzifəsindən redaktor vəzifəsinə qədər yüksəlmiş, istedadlı şair Sabir Sarvanın ideya və təşəbbüsü ilə AYB-nin Sumqayıt bölməsi yaradıldı. Elə o vaxtdan da AYB Sumqayıt bölməsində məsləhətçi olaraq işləməyə başladım. Uzun müddət əmək haqqı ala bilmədik. Təşkilati məsələlər ilə məşğul olduq. Dostların, qələm adamlarının dəstəyi ilə xeyli işlər gördük. Bölmə yarananda cəmi səkkiz üzvü var idi. Bu gün artıq 90-a yaxın üzvü vardır. Yeni qurulan hər təşkilat müxtəlif çətinliklərlə üzləşir, bir çox çatışmazlıqlarla qarşılaşır. Bölmə də təzə yarananda çox problemlə üzləşdi, amma alnıaçıq, üzüağ çıxdı bütün imtahan və sınaqlardan.
O zaman şəhərdə bələdiyyə sədri vəzifəsini icra edən Zakir Fərəcov bir gün zəng vurub Sabir Sarvanla görüşmək istədiyini bildirdi. Sabir müəllim bu görüşdən çox məmnun qayıtmışdı. Heç nə soruşmadım. Bilirdim ki, özü hər şeyi danışacaq. Bir az keçdi, gəlib oturdu və dedi:
-Gülnarə xanım, bilirsən, Zakir müəllim mənimlə niyə görüşmək istəyirdi?
Dedim:
-Niyə?
-O, bölməmizin vəziyyəti ilə maraqlandı, bizə necə kömək edə biləcəyini israrla soruşdu və dedi ki, Sabir, gəl, ildə bir dəfə də olsa şair və yazıçılar üçün tədbir təşkil edək, onları bir yerə yığaq, həm arzu, istəklərini, həm yeni şeirlərini dinləyək, eyni zamanda onları mükafatlandıraq.
Sabir müəllim özündən çox, rəhbərlik etdiyi bölməni və burada təmsil olunanları düşünən insan idi. Bu təklif onun üçün gözlənilməz olduğu kimi, həm də çox böyük önəm kəsb edirdi. Elə həmin ildən mütəmadi olaraq keçirməyi düşündüyümüz “SÖZ” Poeziya günü şairlər üçün əsl bayrama çevrildi. Onlar həm şeir oxuyur, həm istirahət edir, həm də fəxri fərman, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılırdılar. Elə o vaxtdan da “SÖZ” bayramı artıq şəhərdə ənənə halını aldı və bu gün də həmin ənənə davam edir.
Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu. Ona sumqayıtlıların sevgisini qazanmaq o qədər də çətin olmadı. Çünki Zakir müəllim doğma şəhərinin bütün problemlərini bilirdi, adamlarını tanıyırdı, nə istədiklərindən xəbərdar idi, ən əsası isə ruhən və qəlbən sumqayıtlı idi. Onun şəhərin iqtisadi, mədəni həyatında gördüyü işlər göz önündədir. Burada gedən genişmiqyaslı abadlıq-quruculuq işlərinə baxmayaraq, ilk fürsətdə vaxt tapıb qələm adamları ilə görüşmək istəməsi, onların problem və qayğıları ilə dərindən maraqlanması çox şeydən xəbər verirdi. Şəhərin doqquzuncu mikrorayon ərazisində, Zülfü Hacıyev küçəsində yerləşən geniş, yaraşıqlı binanı yazıçı və şairlərin istifadəsinə verməsi də məhz onun ədəbiyyatımıza, mədəniyyətimizə olan böyük sevgisinin bariz nümunəsi idi. Ulu Öndərin ədəbiyyata, mədəniyyətə sevgisindən xəbərdar olan Zakir müəllim bu dahi siyasətçinin ənənəsini layiqincə davam və inkişaf etdirmək üçün əlindən gələni edir.
Böyük insanlar böyük düşüncələrlə yaşayır və əsl işi mənəvi kapital toplamaq, gələcəyə nəsə ötürə bilmək olur.
Şəhərin Nəriman Nərimanov küçəsində müasir səviyyədə tikilən, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təmin olunmuş “Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi və kinoteatrın qarşısında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəlinin qoyulması birbaşa Zakir müəllimin təşəbbüsüdür. Mütəfəkkir şair İmadəddin Nəsiminin adını daşıyan mədəniyyət və istirahət parkının daha da abadlaşdırılması, burada əhalinin mədəni istirahətinin, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün bir sıra mədəni-kütləvi tədbirlərin təşkili ölməz şairin ruhuna olan sonsuz sevgi və ehtiramın nəticəsidir.
Son on ildə Sumqayıtın iqtisadi həyatı ilə yanaşı, mədəni həyatında da sözün həqiqi mənasında çox böyük dəyişilik və inkişaf baş verib. Heydər Əliyev Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin, Şahmat məktəbinin, Bayraq Muzeyinin, Muğam Mərkəzinin tikilməsi, Sumqayıt Dövlət Dram Teatrının, “Kimyaçı” mədəniyyət sarayının əsaslı təmiri bir daha bizə bunu deməyə əsas verir. Azərbaycan Respublikası Prezidentinin möcüzə adlandırdığı Sumqayıt Bulvarı isə sumqayıtlıların istirahət məkanı olmaqla yanaşı, həm də dünyanın diqqətini özünə çəkməkdədir.
Yol mədəniyyətdir. Şəhərdə məhəllədaxili və məhəlləxarici yolların təmiri və yenidən qurulması da Sumqayıtda gedən inkişafın göstəricisidir.
Sumqayıt zamanın ağır sınaqlarından keçmiş qəhrəman şəhərdir. Haqsızlıqla, şərlə, böhtanla üzləşib. Amma öz ruhunu, öz dəyərlərini həmişə qoruyub saxlamağa çalışıb. Ailənin sağlam və bütöv olması ailə başçısından birbaşa asılı olduğu kimi, şəhərlərdə milli-mənəvi dəyərlərin qorunması, insanların bir-birinə diqqət və qayğı ilə yanaşması da şəhərə rəhbərlik edən şəxsdən çox asılıdır. İstər müqəddəs ailə ənənələrinin qorunub-saxlanmasında, istərsə də həssas təbəqə sayılan şəhid ailələri, qazilərə göstərilən yüksək diqqət, qayğıda da şəhər rəhbərliyinin xüsusi xidməti və rolu vardır.
Şəhərin 70 illik yubileyində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən I Kitab yarmarkası və bu yarmarkada təkcə sumqayıtlı qələm adamlarının deyil, eyni zamanda respublika səviyyəsində tanınan yazıçı və şairlərin iştirakı, 15-ə yaxın qələm adamına müxtəlif fəxri ad və təqaüdlərin verilməsi respublika rəhbərliyi səviyyəsində, eyni zamanda şəhər rəhbərliyi tərəfindən kitaba, qələm adamlarına olan diqqət və qayğının əyani sübutu idi.
Həyata keçirdiyimiz bütün layihələrdə, tədbirlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin iştirakını və diqqətini daim hiss edirik.
Son on illikdə görülən işlər isə Sumqayıtın görkəmini kökündən dəyişmişdir. Bu gün şəhərimiz özünün iqtisadi və mədəni inkişafının ən yüksək mərhələsindədir. Tarixi əbədiyyətə qovuşdurmağın yolu, məsuliyyəti məhz qələm adamlarının çiyninə düşür. Görülən işləri dəyərləndirmək, nəzərə çatdırmaq, gələcəyə ötürmək missiyasını Tanrı yalnız onlara həvalə edib. Çünki tarixi tarixçilərdən çox, yazıçı və şairlər ötürür gələcəyə. Mən də bir qələm adamı olaraq şəhər rəhbərimizin ədəbiyyatımız, mədəniyyətimiz üçün gördüyü işlərin az bir qismini də olsa yazmağı və gələcək nəslə çatdırmağı özümə mənəvi borc bildim.
...Vaxt gələcək Sumqayıtın gözəlliyi, bulvarı, parkları, mədəniyyət müəssisələri haqqında da əfsanələr yaranacaq, dildən-dilə, ağızdan-ağıza dolaşacaq, bu möhtəşəm tikililər haqqında cild-cild kitablar yazılacaq. Və Sumqayıtı qurub-yaradan insanlar daim sevgiylə, hörmətlə anılacaq.
“Ədəbiyyat və incəsənət”
(01.09.2025)