İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Tanınmış sumqayıtlılar barədə söhbətlərimiz davam edir. Bu dəfə sizlərə Aqil Hüseynov barədə danışacağam.
Azərbaycan elminin və təhsilinin inkişafında öz dəsti-xətti ilə seçilən, elm yolunda yorulmadan çalışan professor Aqil Həmid oğlu Hüseynov 1955-ci ildə Cəbrayıl rayonunun yaşıllığı və saf bulaqları ilə tanınan Süleymanlı kəndində dünyaya göz açıb. Uşaqlıq illərinin pak kənd həyatı onda zəhmətsevərlik, təmkin və məqsədyönlülük kimi xüsusiyyətləri formalaşdırıb. Bu xüsusiyyətlər onun bütün ömrünə işıq salan yol nişanlarına çevrilib.
1972-ci ildə Sumqayıt şəhərindəki 15 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirən gənc Aqil Hüseynov elə həmin il böyük bilik səfərinə çıxaraq Bakı Dövlət Universitetinə qəbul olub. Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisasına yiyələnən bu gənc üçün elm sadəcə peşə deyil, həyat amalı idi.
1982-ci ilin may ayından əmək fəaliyyətinə Sumqayıt Dövlət Universitetində başlayan Aqil müəllim burada əvvəlcə Hesablama Mərkəzində mühəndis-proqramçı, böyük mühəndis, EHM rəisi vəzifələrində çalışıb. Onun hər addımı peşəkarlığın və dəqiqliyin nümunəsinə çevrilirdi. 1990-cı ildən isə universitetin informasiya texnologiyaları kafedrasında pedaqoji fəaliyyətə başladı. Assistentdən professorluğa qədər yüksələn bu şərəfli yol onun zəhmətinin, bilik və bacarığının canlı sübutudur.
2010-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin elmi katibi kimi çalışaraq təhsilin təşkilati inkişafına da mühüm töhfələr verib. 2017-ci ilin may ayından isə İnformasiya texnologiyaları kafedrasına rəhbərlik edərək yeni nəsil mütəxəssislərin yetişdirilməsi missiyasını davam etdirir.
Aqil Hüseynov elmi pillələri ardıcıllıqla, inamla fəth edib. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin aspiranturasını bitirib, 1992-ci ildə texnika elmləri namizədi, 2015-ci ildə isə Kompüter elmləri ixtisası üzrə texnika elmləri doktoru elmi adını alıb.
Onun əmək fəaliyyəti Azərbaycan sərhədlərini çoxdan aşmışdır. Dünyanın nüfuzlu elmi jurnallarında dərc olunan 175-dən çox məqaləsi, informasiya texnologiyaları və intellektual layihələndirmə sahəsində yazdığı dörd monoqrafiyası, sözün əsl mənasında, elmi irsidir. Bu monoqrafiyalardan üçü xarici ölkədə işıq üzü görüb, təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilibdir.
Professor bir sıra beynəlxalq nəzəri jurnalların redaksiya heyətinin üzvü olaraq, müxtəlif ölkələrdə keçirilən konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycanın elmi nüfuzunu yüksəltmişdir.
Aqil Hüseynov respublikamızda zəkalı kadrların hazırlanmasında da xüsusi rol oynamışdır. Onun rəhbərlik etdiyi dissertasiya şuralarında 24 iddiaçı texnika üzrə fəlsəfə doktoru elmi adını almış, bu gün ölkəmizin ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında uğurla çalışırlar.
O, pedaqoji fəaliyyəti ilə yanaşı, bakalavr və magistr hazırlığında müasirliyi təmin etmək məqsədilə çoxsaylı metodik işlər aparmış, 13 kitab və çoxlu dərs vəsaiti ilə nümunəvi xidmət göstərmişdir. Bu əsərlər informasiya texnologiyaları üzrə təhsil alan tələbələr və bu sahədə dərs deyən pedaqoqlar üçün dəyərli bələdçidir.
Aqil Hüseynovun illərlə davam edən səmərəli elmi-pedaqoji fəaliyyəti dövlət səviyyəsində də qiymətləndirilib. 30 noyabr 2012-ci ildə Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil İşçisi” döş nişanı, 2 noyabr 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu mükafatlar onun təkcə bir alim deyil, həm də Vətəninə sədaqətlə xidmət edən ziyalı olduğunu təsdiqləyir.
Bu gün professor Aqil Hüseynov informasiya texnologiyaları sahəsində təhsilin yenilikçi inkişafına, gənc kadrların yetişdirilməsinə və Azərbaycanın beynəlxalq bilik aləmində tanıdılmasına xidmət edən əsl ziyalıdır. Onun ömür yolu sübut edir ki, elmə, zəhmətə, Vətənə sevgi ilə yanaşan həyat heç vaxt unudulmur, zaman keçsə də iz qoyur.
Bəli, ömrünün müdriklik çağında olan professor Aqil Hüseynov ötən onilliklər ərzində qazandığı uğurlar, yetişdirdiyi tələbələr və informasiya texnologiyaları sahəsinə verdiyi töhfələrlə Azərbaycanın təhsil ictimaiyyətində seçilən simalardandır. Yarım əsrə yaxın elmi-pedaqoji fəaliyyətində o, yüzlərlə tələbənin yoluna işıq saçmış, ölkəmizin nəzəri potensialının güclənməsinə mühüm töhfələr vermişdir. Həmçinin Sumqayıt Dövlət Universitetinin ağsaqqallar şurasının sədri kimi də ictimai fəaliyyəti ilə seçilərək məsləhət və tövsiyələrini hər kəsdən əsirgəmir. Lakin Aqil müəllimi tamamlayan təkcə sadaladığım uğurları, ictimai fəallığı deyil, o həm də nümunəvi, xoşbəxt ailə başçısıdır. Həyat yoldaşı Rima xanım peşəkar həkim-pediatrdır. Yeganə oğlu Həmid ali təhsilli, doktorantdır, məsuliyyətli bir sahədə çalışır, İkinci Qarabağ müharibəsinin şanlı veteranıdır. Aqil müəllim bu gün iki gül kimi qız nəvənin qürurlu babasıdır.
Həmkarlarının, tələbələrinin və geniş elmi ictimaiyyətin hörmətini qazanan professor Aqil Hüseynovu yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Onun zəhməti, bilik və təcrübəsi gənc nəsillər üçün örnəkdir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2025)