İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
21 iyul 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasının, Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Milli mətbuatımız – 150” adlı oxucu konfransı keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Nazim Hüseynli, AYB-nin üzvü, oğuzlu yazar, şair-tədqiqatçı Yusif Rzayev, şairə Şükufə Ruhlu, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin və Mərkəzi kitabxananın əməkdaşları, eləcə də oxucular iştirak ediblər.
Konfransı giriş sözü ilə açan MKS-nin direktoru tədbir iştirakçılarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi olmaqla yanaşı, həmin dövrün ictimai-siyasi həyatında da mühüm hadisə kimi tarixə düşüb.
Tədbir çərçivəsində məruzə və çıxışlarda Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin həm naşiri, həm redaktoru, həm də korrektoru təbiətşünas-alim və maarifçilik hərəkatının banilərindən biri olan Həsən bəy Zərdabi idi. Onunla yanaşı, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi ziyalıların da qəzetin yaranmasında və ideya baxımından zənginləşməsində mühüm rolu olub.
Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində media nümayəndələri cəbhə xəttində həm operativ və doğru xəbərlərin çatdırılmasında, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunmaqla xüsusi fəallıq göstəriblər. Qarabağ uğrunda gedən döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilən jurnalistlər bu sahəyə olan yüksək etimadın və diqqətin bariz nümunəsidir.
Tədbirdə Həsən bəy Zərdabinin irsini və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)