Lənkəranda İltifat Saleh anıldı

İlqar İsmayılzadə,

Fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

İyunun 3-də 2025- ci il tarixdə AYB Lənkəran Bölməsi və Liman şəhər 1saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə şair İltifat Salehin 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

 

Şairin qızı, məktəbin musiqi müəllimi Afaq Eyvazovanın xüsusi fəallığı ilə hazırlanmış tədbiri məktəbin kitabxana müdiri Səbinə Hüseynova açdı. Azərbaycanın Dövlət Himni səslənəndən və şəhidlərin xatirəsi bir anlıq sükutla yad edildikdən sonra Səbinə xanım şair İltifat Salehin ömür yolu haqqında ətraflı məlumat verdi.

Şair haqqında videoçarx nümayiş olundu. Videoçarxda AYB-nin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Qabil və AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin şair barədə dedikləri fikirlər dinlənildi. Onun Xalq şairi Rəsul Rzanın uğurlu yolu ilə ədəbi aləmə qədəm qoyduğunu, bu məktəbin layiqli nümayəndəsi olduğunu bildirdilər.

Sonra ilk olaraq söz məktəbin direktoru Xanlar Abasova verildi. X. Abasov qonaqları salamlayıb, tədbirin keçirilməsinin məktəb üçün ən böyük mənəvi borc olduğunu bildirdi, şair haqqında söz deməyi isə qonaqların ixtiyarına buraxdı.

AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli Lənkəran ədəbi mühitinin formalaşmasında 23 il AYB Lənkəran Bölməsinə rəhbərlik edən İltifat Salehin xüsusi rolu olduğunu qeyd etdi, tədbirin məktəbdə keçirilməsinin əhəmiyyətindən danışıb rəhbərliyə minnətdarlığını bildirdi.

Sonra söz digər iştikçılara, şair və yazıçılara verildi. AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad, şairlərdən Xatirə Xatun, Ziyafət Yəhya, Salman Məmmədoğlu, Əlizadə Əsədov və Musa Xanbabazadə, yazıçılardan Səyavuş Süleymanlı və Hafiz Mirzə, şairin dostu və müəllim yoldaşı olmuş Rəhim Hüseynov, məktəbin ədəbiyyat müəllimi Sevda Ələkbərova, şairin şagirdi olmuş ədəbiyyat müəllimi Mayisə Axundova və başqaları çıxış edərək şairin yaradıcılığının müxtəlif məqamlarına toxundular, onun haqqında xatirələrini bölüşüb, səmimi bir insan, gözəl ailə başçısı, xalq arasında xüsusi hörmət qazanmış bir ziyalı olduğundan söz açdılar. Ruhuna rəhmət diləyib, tədbirdə zəhməti olanlara minnətdarlığını bildirdilər.

Məktəbin şagirdlərinin ifasında şairin şeirləri səsləndi. 

Sonda söz məktəbin musiqi müəllimi, şairin qızı Afaq Eyvazovaya verildi. O, atası haqqında söylənən xoş sözlərə görə çıxış edənlərə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi. Sonra xatirə şəkilləri çəkildi və tədbir şirniyyat masası  arxasında davam etdirildi...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.