İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
İnsan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir və həmin tarix hər il geniş şəkildə qeyd olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun 2025-ci il tarixləri “İnsan Hüquqları Aylığı” elan olunmuşdur.
May ayının 23-də Oğuz Rayon Mərkəzi Kitabxanasında “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədidir” mövzusunda “Dəyirmi masa” keçirilib.
Tədbirdə Oğuz rayon İH-nin Hüquq şöbəsinin müdiri S.Əliyev, Şəki Zaqatala Regional Gənclər və İdman ldarəsinin Oğuz rayonu üzrə sektor müdiri Ş.Rüstəmov, AYB-nin üzvü, oğuzlu şair-tədqiqatçı Y.Rzayev, oğuzlu yazar Ş.Ruhlu, H.Əliyev Mərkəzinin, Rayon Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, rayondakı müxtəlif idarə və təşkilatların əməkdaşları, o cümlədən Mərkəzi kitabxananın oxuculara xidmət və uşaq şöbəsinin fəal oxucuları iştirak edib.
Tədbir zamanı müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli lideri H.Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
“Dəyirmi masa”da çıxışlarda bildirilib ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası Ümummilli lider H.Əliyev tərəfindən qoyulub. Vurğulanıb ki, Prezident İ.Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşıb, dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramı ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub.
Qeyd edilib ki,Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də insan hüquqlarına, xüsusilə də uşaq, həssas qrupların hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir.
Eyni zamanda bildirilib ki, vətəndaş cəmiyyətləri də bu proqramın həyata keçirilməsində yaxından iştirak etməli, öz töhfələrini verməlidirlər. hər kəs insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalı, bu vərdişlərin yayılmasında səfərbər olmalıdır.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə alınaraq, milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verilməsi tövsiyə olunmuşdur.
Tədbirin sonunda “İnsan hüquqları” adlı videoçarx təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(24.05.2025)