Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə 31 may 2023-cü ildə Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-sərgi tədbir iştirakçıları – səhiyyə və tibb işçiləri, ictimaiyyət nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək bildirib ki, akademik Zərifə xanım Əliyevanın zəngin fəaliyyəti, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələridir: “Zərifə xanım insanları traxoma adlı dəhşətli xəstəlikdən xilas etmək üçün ölkəmizdə göz xəstəliklərinin geniş yayıldığı rayonlara gedib, əhali arasında tibbi maarifləndirmə aparıb, bölgələrdə oftalmoloqlarla görüşüb, uğurlu müalicə metodları, profilaktika tədbirləri barədə çıxışlar edib və onun bu əzmkar mübarizəsi uğurla nəticələnib”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlardan söz açlb, peşə oftalmologiyasının əsasını qoyduğunu və bu sahədə qiymətli araşdırmalar apardığını nəzərə çatdırıb.
Çıxışlarda vurğulanıb ki, görkəmli alim, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanı xalqımız sadə və mehriban, savadlı göz həkimi kimi sevib. Təsadüfi deyil ki, ötən əsrdə nümayiş olunan “Göz həkimi” televiziya tamaşası gözlərə işıq, insanlara həyat bəxş edən oftalmoloqların əzmkar fəaliyyətini işıqlandıraraq izləyicilər tərəfindən böyük sevgiylə qarşılanıb. Və budur, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü ilə, İslam Səfərlinin eyniadlı pyesi Zərifə xanımın xatirəsinə böyük ehtiramla yenidən tamaşaya qoyulub, uzun illərdən sonra böyük səhnəyə qayıdıb və elə bu tədbirdə yenidən nümayiş olunub.
Akademik, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanan və yeni quruluşda ilk dəfə nümayiş olunan tamaşanın rejissoru Gülnar Hacıyeva, əsas rolların ifaçıları Gənc Tamaşaçılar Teatrının aktyorları – Əməkdar artistlər: Elnur Bəhramxan, Şəfəq Əliyeva, İlham Əsədov, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev, Mehriban Hüseynova, Ramil Məmmədov, Zümrüd Quliyeva, Ədalət Əbdülsəməddir.
Azərbaycan səhiyyə və tibb işçilərinin fədakarlığından bəhs edən tamaşa alqışlarla qarşılanıb, iradəli, əzmkar, çətin əməliyyatların öhdəsindən uğurla gələn, xalqımızın sadə və mehriban göz həkimi Zərifə xanım Əliyevanın nurlu siması bir daha göz önündə canlanıb.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)