“Şuşanın tanınmış soyları” layihəsi çərçivəsində təşkil olunan budəfəki tədbirdə qala-şəhərdə ilk şirniyyat sexinin yaradıcısı, Cavanşirlər nəslinin nümayəndəsi Ənnəğı Şirinbəylinin oğlu Şirin bəy Şirinbəyli və ümumilikdə Şirinbəylilər soyu haqqında ətraflı məlumat verilib.
Şirinbəylilər şəcərəsindən olan, Fransanın Akademik Palma Ordeninin kovaleri və zabiti Azelma Həsənova, publisist, tərcüməçi Vasif Quliyev, “Bakinskiy raboçiy” qəzetinin Mədəniyyət şöbəsinin rəhbəri Afət İslam Məmmədova, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru Tofiq Süleymanov çıxış edərək, Şuşanın daha bir görkəmli nəslinin Azərbaycan tarixindəki yeri və rolu barədə danışıblar.
Natiqlər XVIII əsrin ikinci yarısında Şuşanın “Çuxur” adlandırılan ilk məhəlləsində məskən salan Ənnağı bəy Cavanşir və onun ailəsi haqqında maraqlı tarixi faktları qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Milli Xalça Muzeyində açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar, həmçinin “Milli sərvətimiz” adlı sənədli filmi izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)