İndi bu ünvan qərənfil yağışına tutulmaqdadır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini hamı yad edir. Hazırda zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzməkdədirlər.
Statistika açıqlandıqca və dağıntılar altından yeni cəsədlər tapıldıqca ölənlərin say hesabı sürətlə artır, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Nəticədə 3419 nəfər ölüb, 20 mindən çox insan xəsarət alıb, 5775 bina çöküb.
Allahdan ölənlərə rəhmət, yaralılara tez sağalmalarını diləyirik.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)