Atamız o qədər bizimlədir ki, heç vaxt “üç nəfər qalmışıq” demədik! -MÜSAHİBƏ Featured

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Aprel şəhidi mayor Rasim Məmmədovun ailəsinin portalımıza müsahibəsini təqdim edirik. Bu tək bir şəhid ailəsinin yaşam tərzi deyil, əslində, bütün şəhid ailələrinin ümumiləşməsidir. Müsahibənin bu hissəsi isə sizi hədsiz təsirləndirəcək:

Şəhid yoldaşı olmaq necə bir hissdir?

– Şəhid yoldaşı olmaq qürurdur, amma bir o qədər də əzabdır. Ayaqların olmadığı halda ayaq üstə dimdik durmaqdır.

 

AYSU MƏMMƏDOVA – ŞƏHİDİN QIZI

– 23 yaşım var. Azərbaycan Kooperasiya Universitetinin IV kurs tələbəsiyəm. İxtisasım kompüter mühəndisliyidir.

Atanızla bağlı yaddaşınızda ən çox yer tutan xatirə hansıdır?

– Oktyabrın 2-si atamla keçirdiyim son ad günümdür. Həmin gün atam işdə idi. Mən icazə vermirdim ki, atam gəlməmiş tortu kəssinlər. Gecə 12-yə az qalmış gəldi, qapının yanındakı stolda oturdu, məni də dizinin üstünə oturtdu və dedi: “Qızım, niyə qoymadın tortu kəssinlər? Bəs atası olmayanlar neyləsin?” O zaman bu sözlərin mənasını tam anlamamışdım. Haradan biləydim ki, bir il sonra mən də atasız qızlardan biri olacağam… Mən atasızlığın dağını atam özü çəkdi getdi. Sanki bu taleyi özü mənim qismətimə yazdı.

Bu gün sizə tam aydındırmı ki, siz kimin qızısınız?

– Bəli. Hər kəsin qarşısında alnıaçıq gəzmək çox adama qismət olmur. Bu, şərəfli bir ölümdür və biz də bunu qəbul etmişik. Amma nə qədər qəbul etsək də, bu 9 ildə heç nə unudulmayıb. Mənim qismətimə şəhid qızı olmaq yazılıb. Çalışıram ki, bu adı qoruyum və layiqincə daşıyım.

Ata sizin üçün hansı mənəvi dəyəri ifadə edir?

– Bəzən ona oxşayan biri ilə qarşılaşanda, eyni ətir qoxusunu hiss edəndə, atamdan bir parça axtarıram. Mən atam üçün sadəcə qız deyil, həm dost, həm bacı, həm də qardaş olmuşam. Anama deyə bilmədiklərimi atama danışırdım. Bir qızın atasına deyə biləcəyi hər şeyi deyirdim. İndi atasız çırpınıram… O mənim tərəddüdsüzlük limanım idi. Hər zaman arxamda olduğunu hiss edirdim.

Mənim üçün ən böyük çarəsizliklərdən biri universitetə qəbul xəbərini atama verə bilməməyim oldu. Əvvəllər bu daha çox ağrıdırdı, indi zamanla bir az da olsa, alışmışam.

Atamın şəhid olduğunu qəbul edə bilmirdim. Düşünürdüm ki, bəlkə sadəcə üzü yanıb, bəlkə qayıdacaq. Axı biz atamın ayaq səslərindən onun evə gəldiyini bilirdik. Qapıya qaçardıq. O da deyərdi: “Siz necə bilirsiniz, gəlirəm?”

Uzun zaman hərbçi görəndə dayanıb gözləyirdim ki, ayaq səslərinə qulaq asım, atamdı ya yox? Onun gözündəki işığı heç kimdə tapa bilmədim. O işıq mənim üçün atamla söndü.

Aprel ayı sizin üçün nə ifadə edir?

–Aprel döyüşləri 44 günlük qələbənin başlanğıcıdır. Amma bizim üçün çox ağır bir aydır. Hər il aprel ayında yenidən atasız qalırıq. Yaxşı bir hiss deyil. Heç kimə bu hissi yaşamağı arzulamıram. Atam sevgisini, qayğısını bizə ovuc içində verirdi. Onun haqqında bu gün də həm əsgərləri, həm zabitləri yaxşı danışır. Mən də eşitdikcə qürur duyuram.

Atam şəhid olandan sonra anam bizi, biz də anamı böyütdük. Birgə ayağa qalxıb, bir-birimizə dayaq olduq. Bizim yaramız sadəcə qaysaq bağlayır… Sağalmır. Gülərkən belə içimizdə ağlayırıq. Atam o qədər bizimlədir ki, biz heç vaxt “üç nəfər qalmışıq” deməmişik. O, dünən də, bu gün də, sabah da bizimlədir. Onun məzar daşını yeniləyəndə yuxuma gəldi, soruşdu: “Mən qocalmışam?” Dedim: “Yox, ata, sən hələ də 39 yaşındasan.” 13 yaşımda atam çiyinlərimə elə bir yük qoydu ki, 9 ildir bu yükün altından çıxa bilmirəm.

Biz döyüşlərin başlanacağından xəbərsiz idik. Anam soruşanda, zarafatla demişdi: “Bu gün 1 apreldir, səni aldadırlar.” Şəhid olmazdan 15 dəqiqə əvvəl yazdığı mesaj hələ də gözümün önündədir: “Oğluma da, qızıma da deyin ki, ataları ilə fəxr edə bilərlər.”

 

ASİM MƏMMƏDOV, ŞƏHİDİN OĞLU

–İstanbul Fənərbaxça Universitetinin idman müəllimliyi ixtisası üzrə I kurs tələbəsiyəm. Qardaş ölkədə təhsil almaq mənim üçün çətin olmadı. Çünki çox darıxmadım. Atam şəhid olanda 9 yaşım var idi. Karate ilə məşğul olurdum. O, məni idmançı kimi görmək istəyirdi. Həm də ali təhsil almağımı arzulayırdı. Atam bizi çox az görsə də, evə gələndə vaxtını yalnız bizə ayırardı. İşdə olduğu günlərin əvəzini çıxmağa çalışırdı. O, harada idisə, biz də orada idik. Heç vaxt ayrılmamışdıq. O, bizə heç zaman qışqırmazdı. Mənə bir dəfə də olsun əl qaldırmayıb. Əsəbləşəndə əlini üzümə qoyardı və zarafatla deyərdi: “Hələ üzün yetişməyib.”

 

SAMİRƏ MƏMMƏDOVA, ŞƏHİDİN HƏYAT YOLDAŞI

– Rasim məni 13 yaşımda istəyib. Biz xalaoğlu-xalaqızıyıq, eyni kənddənik. O zaman Rasim kursant idi. Aramızda 4 yaş fərq var. Rasimlə gizlicə məktublaşırdıq. Gözümü açandan Rasimi görmüşəm. O sevgi bu günə qədər davam etdi. 1999-cu il avqustun 8-də Rasim Ali Hərbi Məktəbin III kursunda oxuyarkən toyumuz oldu. 2000-ci ildən sonra Naxçıvandan köçdük. Sonra Rasimlə rayon-rayon gəzdik. Yaxşı-pis günlərimiz oldu. Biri oldu, biri olmadı.

Rasim tutduğu vəzifəyə, aldığı rütbəyə öz gücü ilə çatdı. Bizim öz ailəmiz, öz dünyamız vardı. Evləndikdən 3 il sonra qızımız Aysu, 6 il sonra isə oğlumuz Asim dünyaya gəldi. Rasim çox uşaq istəyirdi…

Rasim necə insan idi?

– Heç vaxt onu əsəbi görmədim. Bəzən yorulurdu, amma “mən hərbini buraxıb gedəcəyəm” deməzdi. Çox savadlı kadr idi. Tabor komandiri vəzifəsinə qədər yüksəlmişdi. Əsgərlərinə əsgər kimi yox, övladı kimi yanaşırdı. Bayramlarda, 8 Martda onları ailələri ilə danışdırardı. Baharda yumurta alıb evdə boyayırdı ki, hər əsgərə versin. Yayda ot çayı, qışda soğan suyu dəmlədirdi ki, əsgərləri xəstələnməsinlər. Onları evdəki uşaqlardan ayırmazdı.

Hər il aprel ayında Naxçıvanda oluram. Bu, mənim vəfa borcumdur.

Rasimi yuxuda görürsünüz?

– Əlbəttə, çox. Bir gün yuxuda dedi: “Sən hər gün niyə ağlayırsan? Pəncərəyə bax, məni görəcəksən.” Baxdım ki, pəncərəyə ağ göyərçin qonub. Onda anladım ki, gələn elə Rasim imiş… Həmişə olduğu kimi arxadan gəlirdi. Sağ əli çiynimdə olardı. Barmaqlarının forması hələ də yadımdadır. Azca sıxılanda deyirdi: “Əlim çiynindədir, mən arxandayam. “Sən mənim əsgərimsən. Səni əsgər kimi böyüdürəm, vaxt gələcək, zabit edəcəyəm.”

Son görüşünüzü necə xatırlayırsınız

– Martın 31-də Rasim son dəfə evə gəldi. Gecə saat 11-in yarısı idi. Uşaqlar yatmışdı. Oyadıb hər biri ilə vidalaşdı. Dedi, “yarım saat divanda yatım. Yataqda yatsam, durub gedə bilmərəm.” Oyatdım, dedi: “Dururam.” Getdi. Bilsəydim, bu son gediş olacaq, heç vaxt buraxmazdım.

Hər kəsin “kaş ki”ləri olur… Sizin də?

– O qədər “kaş ki”lərim var ki… Deyirdi: “Bir çamadan paltar yığ, qapının ağzında dursun.” Mənə getmə dediyi halda dostuna demişdi ki, onlara de getsinlər buradan. Özümü hələ də bağışlaya bilmirəm… O gün getdiyim üçün.

Şəhadət xəbərini necə aldınız?

– Yolda təcili yardımlar şütüyürdü. “Allah bizə bu günü göstərməsin” deyirdik. Bakıya çatanda bədənim buz kəsmişdi. Gecə zəng edib dedi: “Mən zəng etməyincə, siz etməyin.” Son mesajında yazdı: “Oğluma da, qızıma da de ki, ataları ilə fəxr edə bilər.” Və sonra şəhid oldu…

Rasimin atası illərdir yataq xəstəsi idi. Zəng etdim, çox narahat idim. Dedilər Rasimin atası rəhmətə gedib hava limanında öyrəndik ki, biz əslində Rasimin yasına gedirdik. Çox ağır xəbər idi. O andan sonra bircə Asimin qışqırığını xatırlayıram: “Biz atasız nə edəcəyik? Hara gedəcəyik? Harada qalacağıq?” 9 yaşlı uşaq belə bizim bir-birimizdən başqa çarəmiz olmadığını hiss edirmiş…

İndi necə yaşayırsınız?

– Yaşamaq deyirsinizsə, yaşayırıq. Uşaqları heç nədən əskik qoymuram. Həm ana, həm ata olmuşam. Amma bəzən çarəsiz qalıram. Qorxuram o sözü eşidim: “Atam olsaydı, başqa cür olardı…” 9 ildə heç kimə imkan verməmişəm ki, uşaqlarıma “atasız” desin. İndi də bir şey lazım olanda “ata canı” deyirik. 6 il sonra Rasimin adına bağça açdıq. Əlimizdən gəldiyi qədər gələcəyin əsgərlərini, həkimlərini, ustalarını, dərzilərini yetişdiririk. O bağçada “şəhid kimdir?” sualını uşaqlara öyrədirik.

Şəhid yoldaşı olmaq necə bir hissdir?

– Şəhid yoldaşı olmaq qürurdur, amma bir o qədər də əzabdır. Ayaqların olmadığı halda ayaq üstə dimdik durmaqdır. Rasimin yoldaşı olduğum üçün fəxr edirəm. Onunla qürur duyuram.

Yenidən dünyaya gəlsəniz…

– Dünyaya bir daha gəlsəm, yenə Rasimlə evlənərdim. Çünki o, mənə heç vaxt yad olmadı. Ən doğma insan kimi tanıdım, ən doğma insan kimi itirdim. Az adama qismət olar belə bir xoşbəxtlik. Rasim təkcə həyat yoldaşı kimi yox, hərtərəfli getdi həyatımızdan. O bizim and yerimizdir. Bu heç vaxt dəyişməyəcək!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.