Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
Zamanın dumanlı pərdəsinin arxasında, şəhərlərin səs-küyü və yalan xəbərlərin qarışıqlığı insanları çaş-baş salırdı. İnsanların gözləri açıq olsa da, kor kimi idilər. Qulaqları eşitsə də, gerçəkləri dinləmirdilər. Doğrunu, yanlışı ayırd etmək, gerçəyin izinə düşmək getdikcə çətinləşirdi. Gerçək isə artıq yalnız axtaranın tapa biləcəyi bir xəzinəyə çevrilmişdi.
Məhz belə bir qaranlıq çağda, unudulmuş bilgilərin yankılandığı, qədim və sirli bir meşənin qoynunda Çölçü Bilgə adlı bir müdrik yaşayırdı. O, yaşamın sirlərini doğadan öyrənmişdi. Külək ona dözümlülüyü, çaylar qərarlılığı, dağlar sarsılmaz iradəni, ağaclar isə birliyi öyrətmişdi. O, bilginin quluna çevrilməmiş, gerçəyin ağasına çevrilmişdi. Bilgi onun üçün yığılan bir xəzinə deyil, paylaşılması gərəkli olan dəyərli bir dəyər, ağlın və ruhun işığı idi.
Onun evi, meşənin ən gizli guşəsində, uca bir dağın yamacında yerləşən sirli mağara idi. Lakin bu mağara sadəcə daş divarlarla çevrilmiş bir yer deyildi. Bu, bilgəlik ocağı, ruh məbədi idi. İçərisi bitiklərlə, xəritələrlə, əski toplumlardan qalma əlyazmaları ilə, doğadan toplanmış dəyərli daşlar və sağaldıcı otlarla dolu idi. Divarlara Çölçü Törəsinin başlıca tələbləri dönəmin və bilməməzliyin aşındıra bilmədiyi gerçək kimi qazılmışdı.
BİLGƏNİN ÇAĞIRIŞI
Şəhərlərin yorğun, ümidsiz və axtarış içində olan insanları doğru yolu tapmaq ümidi ilə uzun və çətin bir səfərdən sonra Bilgənin mağarasına gəlirdilər. Bura gələn hər kəs sadəcə bir gəzintiyə deyil, həm də daxili bir dönüşümə qədəm qoyduqlarını hiss edirdilər. Bilgə onlara təkcə sağ qalmağı deyil, həm də düşüncələrini və ruhlarını aydınlatmağı, özlərini yenidən tapmağı öyrədirdi.
Bir gün, öyrənciləri ona sual verdilər: "Bilgə Çölçü, şəhərdə insanlar bir-birinə qarşı o qədər amansız və duyğusuz olublar ki, sanki qəlbləri çürüyüb. Bilgisizlik və yalanlar hökm sürür, doğru yolu necə tapacağıq?"
Bilgə dərindən nəfəs alıb cavab verdi: "Övladlarım, şəhərdəki bu qaranlıq “Aydın kirliliyi” və “Toplumun Duyğusal Çürüməsi”nin nəticəsidir. Eynilə zəhərli sarmaşıqların meşəni sardığı kimi, düşüncələr də yalan və nifrətlə sarılıb. Çıxış yolu – özümüzü və bir-birimizi yenidən qurmaqdır."
O gün Bilgə öyrəncilərinə “Uğur Yollarını”nı, yəni düşüncələrini bəsləyəcək bilgi bağlarının önəmini anlatdı. "Birlik çevrələri yaradın." – dedi. "Necə ki, meşədəki ağaclar kökləri ilə bir-birinə tutunur, siz də eyni şəkildə bir-birinizə dayaq olun. Unutmayın, tək ağac fırtınaya tab gətirə bilməz, amma meşə əyilməzdir."
"Bilgi Axını, meşədəki çaylar kimi olmalıdır – doğru bilgini yayaraq bilgisizliyin quraqlığını aradan qaldırmalısınız. Çünki bilgi də su kimi, dayandıqda bataqlıq yaradar, ancaq axdıqca yaşam verər."
"Və ən gərəklisi, “Toplumla bağlantı” meşə yolları kimidir. İnsanları bir-birinə bağlayır, yol göstərir, bələdçilik edir. Əgər siz bir-birinizdən ayrılsanız, yollar itər və toplum qaranlıqda getməyə məcbur olar."
BİLGƏNİN SINAĞI VƏ DƏRSİ
Bilgə mağaranın dərinliyindəki gizli bir keçiddən keçərək tələbələrini meşənin ən qədim guşələrinə apardı, onlara həm bitkilərin sağaldıcı gücünü, heyvanların davranışlarını və ulduzların sirlərini anlatdı, həm də insanın öz bənzərinə qarşı şəfqət, mərhəmət və ədalətlə yanaşmasının toplumun ruhunu necə sağalda biləcəyini öyrətdi.
Sonra tələbələrinə dönərək dedi: "Övladlarım, “Aydınlanma Yeri” təkcə sizin üçün bir sığınacaq deyil, həm də topluma işıq tutacaq bir məşəldir. Bilgiləndikdə, onu yalnız özünüz üçün saxlamayın. Paylaşın, öyrədin, yol göstərin. Unutmayın, bilgi gizlətmək üçün deyil, yaymaq üçündür."
"Meşə yanğınını söndürmək üçün birlikdə savaşdığımız kimi, bilgisizliyin yanğısına qarşı da çiyin-çiyinə savaşmalıyıq. Birliyimiz yalnız bir bilgi paylaşımı deyil, eyni zamanda bir xeyirxahlıq davranışı olsun. Ehtiyacı olana yardım edin, yolunu azanlara bələdçilik edin, ümidsizlərə ümid olun. Və ən əsası, bir-birinizə sevgi və hörmətlə yanaşın. Qəlbinizi şəfqətlə doldurun. Sevgi – nifrətin yeganə əks-zəhəri, bu zəhərdən qorunma yoludur."
"Unutmayın, övladlarım, bir toplumun yüksəlişi fərdlərin inkişafı ilə - özünüinkişafla başlayır. Sizlər bu meşənin toxumlarısınız. Bilgi ilə suvarıldıqda, sevgi ilə böyüdükdə nəhəng bir meşəyə çevriləcəksiniz. O zaman cahilliyin və nifrətin qaranlığına qarşı dayanacaq, aydınlıq və sevgi dolu bir gələcək quracaqsınız."
ÇÖLÇÜ TÖRƏSİNİN DOĞUŞU
Öyrəncilər Bilgənin sözləri ilə ürəklərində bir qığılcım hiss etdilər. Artıq yalnız yaşamaq deyil, yaşadıqları toplumu daha gözəl bir yerə çevirmək üçün də öhdəlik daşıdıqlarını bilirdilər. Şəhərə döndükdə, onun öyrətdiklərini yerinə yetirdilər. Bir-birinə dəstək oldular, bilik və təcrübələrini paylaşdılar, çətin anlarda bir-birlərinə arxa durdular.
Bu birlik - onların arasındakı sevgi, sayğı şəhərdəki insanların diqqətini çəkdi.
"Necə bu qədər bir və xeyirxah ola bilirsiz? Sizin kimi yaşamağı necə öyrənək?" – deyə suallar verməyə başladılar.
Və beləcə, Çölçü Bilgənin öyrətdikləri şəhərdə və ətraf kəndlərdə yayılmağa başladı. İnsanlar, öyrəncilərin qurduğu “Aydınlanma Yerləri”nə qatılır, onların izində gedirdilər. Bu sayaq da Çölçü Törəsi doğdu.
Bu törə bilgiyə, dayanışmaya, sevgiyə və sayğıya dayanırdı. İnsanlar bu törə sayəsində həm öz yaşamlarını, həm də toplumun ruhunu yaxşılaşdırmağa başladılar. Və həmin gün Çölçü Bilgə mağarasından uzaqda, bu gözəl dəyişikliyi izləyərkən qəlbində ağıla belə gələ bilməyəcək bir qürur duydu. Çünki artıq cəhalətin və nifrətin qaranlığına qarşı, bilginin və sevginin nuru sonsuza qədər yanacaqdı!
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)