“Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib

17 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 245 saylı məktəbin şagirdlərinin iştirakı ilə “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Kitabxana əməkdaşı Azərbaycan dilinin əhəmiyyəti, ana dilimizin zəngin tarixi və “Beynəlxalq Ana Dili Günü”nün dünyada dilin qorunması, mədəni irsin davamlılığı baxımından nə qədər mühüm bir mövzu olduğu barədə ətraflı məlumat verib. O, həmçinin dilin hər bir xalqın öz kimliyini qoruyub saxlamağa və gələcək nəsillərə ötürməyə olan gücünü qeyd edib. Ana dilinin varlığını hiss etmək, ona hörmətlə yanaşmaq, onu qorumaq və yaşatmaq hər birimizin hüququ və vəzifəsidir. Ana dili yalnız sözlərin və cümlələrin məcmuəsi deyil, xalqın ruhunun, tarixinin, mədəniyyətinin və kimliyinin əbədi izidir.

Tədbirdə şagirdlər Azərbaycan ədəbiyyatının tanınmış şairlərindən Bəxtiyar Vahabzadənin “Ana dili”, Süleyman Rüstəmin “Dilimə dəymə” və Tofiq Bayramın “Ana dilim” şeirlərini böyük həvəslə səsləndirib, dilə olan məhəbbətlərini və ona olan dərin bağlılıqlarını dilə gətiriblər. Sonra ana dili ilə bağlı müdrik ifadələr söylənib və mahnılar ifa edilib.

Kitabxana əməkdaşları şagirdləri kitabxana ilə tanış edərək, onlara zəngin kitab fondu haqqında məlumat verib, oxumağa olan maraqlarını artırmaq məqsədilə onlara müxtəlif ədəbiyyatlar təqdim ediblər.

Tədbirin sonunda uşaqlara kitabxananın nəşr etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub. Tədbir uşaqların yaradıcılıq potensialını stimullaşdırmaq və onlarda daha çox oxumağa maraq oyatmaq məqsədini daşıyır.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin qorunması və inkişafını təmin etməklə yanaşı, onun daha da zənginləşməsinə və cəmiyyətdə daha geniş şəkildə tətbiq edilməsinə xidmət etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.