Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Pendir, yağ və şor maldar əhali arasında, əsasən, motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var:
Qarabağ motalı
Qazax motalı
Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq o qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir.
Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur. Dəri duzu aldıqdan sonra yenidən yumşaldılıb yunlu tərəfi içəri qatlanır. Duzlanmış yağ, pendir və ya şor motala doldurulur. Möhkəm sığanır və ağacla bərk basılır ki, içəridə hava qalıb motalın içərisindəki məhsulu xarab eləməsin.
Motal pendiri nəinki azərbaycanlılar, hətta Cənubi Qafqazın başqa xalqları arasında da yüksək qiymətləndirilir. Onun alıcısı çox, qiyməti üstün tutulur.
Bakı bazarlarında hazırda motal pendiri növündən asılı olaraq kilosu 35-60 manata satılır. Ən yaxşı motal pendiri keçi südündən hazırlanan hesab edilir.
Bəs Axtarma motal nədir?
Ağsaqqal-ağbirçəklərdən öyrənirik bunu:
-Bəziləri pendiri əvvəl-əvvəl çılğıya yığardı. Dərinin təmiz olan ət üzünə. Cılğıda pendir tamam yetişərdi. Sonra dərinin tük üzünə pendiri yığıb içinə azacıq nor, ya şor qatıb, üstünə bir az xama, süd vurub motal basardılar. Motal! Bir deyil-beş deyil, Allah bərəkət versin! Köç boyu özlərinə yük eləyib dağa çıxartmır, işarələdikləri bir yerdə torpağa basdırırlar ki, qayıdanbaş götürsünlər. Motal torpaqda 3-4 ay qalıb yetişir. Köç gedəndə hər yan çəmənzar, yarpaq, meşə idi. Geri qayıdanda həmin ağac-meşə libasını dəyişib, axtardıqlarını çətin tapır, bəzən heç tapmırlar. Qurd-quşa yem olur. Belə çətinliklə tapılan, qalıb torpaqda yetişən pendir bazarda da əl-əl axtarılır. Buna axtarma motal deyilir.
Dədə Ələsgər:
Axtarma motalın, balın, qaymağın,
Zənbur çiçəyindən bal alı, dağlar.
-deyəndə yaylağın digər nemətləri ilə yanaşı, məhz bu "axtarma motalı" nəzərdə tuturdu.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)