İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova ilə görüşüb söhbətləşdik. Ondan rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə bizə məlumat verməsini xahiş etdik.
Vüsalə xanım söylədi ki, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevə ümumxalq təcəssümü olan və onun zəngin həyat yolu, xalqı və vətəni qarşısındakı misilsiz xidmətlərinin dərindən öyrənilməsi istiqamətində iş aparan Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi 2013-cü ilin 3 may tarixindən fəaliyyətə başlamışdır. Respublikamızın Prezidenti cənab İlham Əliyevin ölkəmizin digər bölgələrinə olduğu kimi, şəhərimizə də hər zaman yüksək diqqət və qayğısı daim hiss olunmaqdadır. Bu qayğının bariz nümunəsi Prezidentimizin Sumqayıta mütəmadi olaraq etdiyi rəsmi səfərlərdir. Ölkə başçımız 2016-cı il sentyabrın 27-də şəhərimizə səfəri zamanı buranın hərtərəfli inkişafını əks etdirən açılışlar həyata keçirmişdir. Bu səfər Sumqayıt tarixinə qızıl hərflərlə yazılmışdır. Şəhərimizin ən möhtəşəm memarlıq abidəsi sayılan, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı da məhz bu səfər zamanı baş tutmuşdur.
Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialların elmi cəhətdən öyrənilməsini və hərtərəfli inkişafını təşkil edən, Azərbaycan dili və tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərən dövlət müəssisəsidir. Mərkəzin fəaliyyətində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin şəhər ictimaiyyətinə və şəhərə gələn qonaqlara daha dərindən çatdırılmasıdır.
Heydər Əliyev Mərkəzi ümumilikdə 3 mərtəbə, 1 mansard və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Mərkəzin birinci mərtəbəsinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü ucaldılıb, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto-şəkillər nümayiş etdirilir. Eyni zamanda, fiziki qüsurlu insanların da istifadə edə biləcəyi informasiya xarakterli və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid nadir şəkilləri əks etdirən elektron köşklər, elektrik sisteminin yerləşdiyi server otağı mövcuddur. Həmin mərtəbədə respublika və şəhər səviyyəsində müxtəlif tədbirlərin keçirilməsi üçün möhtəşəm 420 nəfərlik müasir avadanlıqlarla təchiz olunmuş akt zalı yerləşmişdir. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzin ikinci mərtəbəsində kompüter dərnəyinin keçirilməsi üçün kompüter zalı, Azərbaycanın elektron kitabxana portalı olan Alisa proqramı ilə təchiz olunmuş elektron kitabxana, 50 nəfərlik konfrans zalı, gənclər üçün nikahdan öncə laborator-müayinə otağı, intellektual oyun masaları, Sumqayıt şəhərinin inkişaf mərhələlərini əks etdirən kiçik muzey hissə yerləşir. Mərkəzin üçüncü mərtəbəsində xidməti otaqlar, sərgi zalı, xalçaçılıq dərnəyi, planşet, smart lövhə və digər ən müasir avadanlıqla təchiz olunan smart sinif və linqafon otağı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət otağı yerləşir. Nikah zalı mansardda yer alır. Mərkəzimizdə də bu məqsədlə müvafiq şərait yaradılıb. Nikah zalında həmçinin müxtəlif müəssisə və təşkilatların intellektual, əyləncəli və konsert tipli tədbirlərinin keçirilməsi üçün müvafiq şərait vardır. Eyni zamanda, həmin mərtəbədə foto-studiya, mətbəx-bar, rəsm studiyası Sumqayıt sakinlərinin istifadəsindədir.
İl ərzində mütəmadi olaraq məktəb şagirdlərinin gəlməsi və Heydər Əliyev irsinin təbliği həyata keçirilir. Eyni zamanda, mərkəzdə ümumşəhər tədbirləri də təşkil olunur. Mərkəz əməkdaşları, ümumiyyətlə bütün mədəni kütləvi tədbirlərdə fəal iştirak etməklə yanaşı, mərkəzin özündə də xüsusən tarixi əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil edir. Bunlarla yanaşı, mərkəz ideoloji istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirir. Bütün görülmüş tədbirlər yetişməkdə olan gənclərin vətənpərvərlik hisslərini dərinləşdirir, ölkəmizin zəngin tarixinə və mədəniyyətinə hörmət hissini aşılayır. Qonaqlara Ulu öndər Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti ilə bağlı məlumatlar verilir, mövcud ekspozisiya ilə tanışlıq həyata keçirilir.
Bir sözlə, mərkəz mədəni irsimizin təbliğatçısı olaraq Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsində, zəngin irsinin tədqiqi və təbliğində böyük rol oynayır.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)