Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri ofisinin dövlət naziri Aklilu Tadesenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. 

 

Əsas məqsəd Azərbaycanın “ASAN xidmət” modelinin Efiopiyada tətbiqi ilə bağlı layihələrlə yaxından tanış olmaqdır. 

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, proqram çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib. Görüş zamanı qonaqlara “ASAN xidmət”, o cümlədən Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.

 

Dövlət Agentliyinin sədri “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində hazırda işlərin davam etdiyini və bu istiqamətdə mütəxəssislərin qarşılıqlı səfərlərinin həyata keçirildiyini vurğulayıb.

 

Dövlət naziri öz növbəsində 2024-cü ilin 14 may tarixində Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunub. O,  “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi çərçivəsində Dövlət Agentliyi tərəfindən göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.