Respublika Gənclər Kitabxanasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, şanlı Zəfər tarixinin yeniyetmə və gənclər arasında təbliği məqsədilə təşkil edilən tədbirdə mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonradan İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Təsviri incəsənət dərnəklərinin üzvlərinin – gənc rəssamların 8 Noyabr – Zəfər Günü ilə əlaqədar çəkdikləri rəsmlərə baxış keçirildi. Sərgidə 20-dən çox gənc, həvəskar rəssamın Şanlı Zəfər tarixinə həsr etdikləri rəsm əsərləri sərgilənirdi. Təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı qələbənin sevincini əks etdirməklə yanaşı, əksəriyyəti füsünkar Qarabağın, Şuşanın, Laçın və Kəlbəcərin görüntülərindən ibarət idi.
Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi İşlər üzrə direktor müavini Günay Həsənova bu gün Azərbaycan Respublikasının müstəqil, suveren bir dövlət olduğunu sübüta yetirən bir sıra əlamətdar tarixlərin – “8 Noyabr – Zəfər Günü”, “9 Noyabr – Dövlət Bayrağı Günü”, “12 Noyabr – Konstitusiya Günü” və “17 Noyabr – Milli Dirçəliş Günü”nün məhz noyabr ayına təsadüf etdiyini söyləyərək, 44 gün davam edən və 8 noyabr tarixində əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu bildirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən və bütün dünyaya öz gücünü, iradəsini, mübarizliyini nümayiş etdirən Azərbaycan xalqının bu qələbəsinin siyasi arenada öz sözünü demiş bir liderin müdrik siyasəti, bütöv bir xalqın birliyi və neçə-neçə qəhrəman Azərbaycan oğullarının şücaəti əsasında qazanıldığını vurğuladı. Az öncə sərgidə nümayiş etdirilən hər bir rəsm əsərində bir parça Qarabağın, Şuşanın, azadlığın, Vətən sevigisinin olduğunu bildirərək, gənc rəssamların yaxın gələcəkdə bu füsünkar torpaqları ziyarət edərək bu gözəllikləri, orada aparılan yenidənqurma işlərini öz gözləri ilə görə biləcəklərini söylədi.
4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Məshəti Məmmədova iradəmizin rəmzi kimi tariximizə əbədi həkk olunan Şanlı Zəfər Gününə nəzər salaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı, ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi dövlətçilik ənənələrini, siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti, döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı ilə mənfur düşməni diz çökdürərək, şəhidlərimizin qisasını aldığını və şanlı Zəfər tarixinə imza atdığını söylədi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu bildirdi.
Tədbirin bədii hissəsində 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Məktəb teatrının, “Dan Ulduzu” rəqs ansablının ifasında şeir, tamaşadan ibarət kompozisiyalar və rəqslər, kitabxananın Zəfər günü ilə əlaqədar hazırladığı təqdimat nümayiş olundu, “Qönçə” vokal-Xor qrupunun ifasında mahnılar səsləndirildi.
Sonda kitabxananın Elmi İşlər üzrə direktor müavini Günay Həsənova Azərbaycanın gələcəyinin, müstəqilliyinin bu gün böyüməkdə olan gənc nəslin əlində olduğunu qeyd edərək, gənc istedadlara gələcək işlərində uğurlar arzuladı.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)