“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) üzvləri noyabrın 2-də açılışı keçirilən 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalına Birlikdən verilən məlumata görə “Uşaqlıq şənlikdir” şüarı altında TÜYAP kompleksində təşkil olunan sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ilk dəfə sərgidə fəxri qonaq ölkə qismində iştirak edir.
Sərginin açılışında İstanbul valisi Davud Gül, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un baş katibi Sultan Rayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, Türkiyə Naşirlər Birliyinin sədri Kenan Kocatürk, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elçin, eləcə də gənc yazarlar iştirak ediblər.
TÜYAP Sərgi Kompleksinin rəhbərliyindən İlhan Ersözlü açılış nitqi ilə çıxış edərək 41-ci İstanbul Sərgisi münasibətilə təbriklərini çatdırıb.
Davud Gül, Əkrəm İmamoğlu, Taner Beyoğlu, Kenan Kocatürk, sərginin fəxri yazarı Yalvaç Ural və başqaları çıxış edib, sərginin əhəmiyyətini vurğulayıblar.
Fərid Cəfərov tədbir iştirakçılarını salamlayıb, belə nüfuzlu sərginin fəxri qonaq ölkəsi olmaqdan məmnunluq duyduğunu diqqətə çatdırıb. Bundan başqa, Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkürünü bildirib, sərginin işinə uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları sərgi məkanında Azərbaycan stendinin açılışında iştirak ediblər.
Stenddə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinə üzv olan 20-dən çox nəşriyyatın ümumilikdə 2000-dən çox nümunəsi də yer alır.
Birliyin sədri Şəmil Sadiq naşirlərlə birlikdə sərgi ziyarətçilərini qəbul edərək işgüzar və ədəbi müzakirələr aparıb.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)