AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ - Danimarkada Azərbaycan icması ilə görüş keçirilib Featured

 

Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva Sadiqi bu ölkədəki Azərbaycan icmasının, eləcə də rəhbərlik olduğu “Vətən” Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülən işlər barədə videomaterialı iştirakçılara təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.

Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında icma görüşünün diasporun şəbəkələşməsində və Azərbaycanla əlaqələrin daha da intensivləşməsində əhəmiyyətini qeyd edib.

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. dr. Məsud Aşina Danimarka soydaşlarımızın Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında və mənafelərinin müdafiə olunmasında roluna diqqət çəkib. Görüşdə Türkiyənin Danimarkadakı səfirliyinin baş katibi Özgür Kafadar iştirak edib.

İcma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər. Sonda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib və Məsud Aşina Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Danimarka üzrə koordinatoru seçilib.

İcma görüşü Danimarka-Azərbaycan Vətən Cəmiyyəti İdarə Heyətinin sədr müavini Amid Hüseynov və cəmiyyətin üzvü Leyla Qasımovanın moderatorluğu ilə baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarına, soydaşlarımıza daim diqqət və qayğı göstərilməsi siyasətinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemlərini dinləyir, dünya azərbaycanlılarının vahid şəbəkəsinin yaradılması istiqamətində zəruri addımlar atır.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.