ATA VƏ OĞUL - görkəmli din xadimi və tanınmış ziyalılar Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Onlar təkcə Oğuzda deyil, ətraf rayonların ziyalıları arasında da böyük hörmətə və nüfuza sahib olublar. Söhbət Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş görkəmli din xadimi və tanınmış ziyalılar Hacı Camal və onun oğlu Səfərəli əfəndidən gedir.

 

Səfərəli əfəndinin öz xətti ilə yazdığı tərcümeyi-haldan belə məlum olur ki, ulu babası Məhəmməd Quba mahalının kəndlərindən birində doğulub. Paşa Yaqub özünün “Torpağı şərəfləndirənlər” kitabında bu tərcümeyi hala istinadən yazır ki, “…Həmin dövrdə Hüseynəli xan (1726-1758) hakimiyyət başında imiş. Səfərəli əfəndinin yazdığına görə, Xan belə bir iyrənc qayda qoyubmuş ki, kimin toyu olurmuşsa, gəlin həmin gecəni xanla keçirməli, sonra ər evinə getməli imiş. Bu namussuzluğa qarşı çıxanların boynu vurulurmuş. Məhəmmmədgilin ailəsində olan beş uşaq həddi-buluğa çatsalar da, belə iyrənc adətə görə heç biri nə ərə getmir, nə də evlənmirdilər. Xalqı və ailələrini bu qeyrətsiz xanın bəd əməllərindən xilas etmək üçün Məhəmməd, qardaşı Mustafa ilə plan qurub, gecə saraya daxil olur və 1758-ci ildə Hüseynəli xanı qətlə yetirir. Bu hadisədən sonra Məhəmməd ailələrini də götürüb, dağlara çəkilir. Onlar gizli yollarla obalar, kəndlər keçərək Xaçmaz (Şəki qəzası) kəndinə gəlib çıxırlar və burada məskunlaşırlar. Burada ailə quran Məhəmmədin üç oğlu olur…”. 

Haqqında söhbət açmaq istədiyimiz Camal əfəndi Məhəmmədin üçüncü oğlu Hacı Səfərəlidən olan nəvəsi, Səfərəli əfəndi (babasının adını daşıyıb)  isə Hacı Camalın oğlu, Məhəmmədin kötücəsidir.

1870-ci ildə anadan olan Hacı Camal əfəndi ilk təhsilini atasından həmin kənddəki mədrəsəsində almışdır. Sonralar ali dini təhsil almaq üçün İstanbula və Qahirəyə getmişdir. O, mükəmməl dini təhsil almaqla yanaşı, tibb, fəlsəfə və təbiət elmləri haqqında da dərin biliyə malik olmuşdur. (Camal əfəndi qəzəl janrında şeirlər də yazırmış.) Təhsilini başa vurub qayıdandan sonra öz kəndində müəllimliklə məşğul olmuşdir. Camal əfəndi I və II sinflər üçün riyaziyyat dərslikləri yazmışdı. III və IV siniflər üçün dərsliklər üzərində də işləyirdi. Onun məktəbinə Azərbaycanın başqa bölgələrindən də oxumaq üçün gəlirdilər. Bu məktəbdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilirdi.

O, 1883-cü ildən kənddə açılmış dünyəvi məktəbin fəaliyyətinə hər vasitə ilə yardım edir, əhali arasında maarifi, təhsili, məktəbi fəal şəkildə təbliğ edirdi.  

Onun ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı S.Mümtazla dostluq və əməkdaşlıq əlaqəsinin olması da ehtimal olunur.

N.Hüseynli “Oğuzdur elim mənim” kitabında qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulanlardan biri – Abdulla Tahirzadə də bu məktəbi bitirmişdir. Mənbələrdə göstərilir ki, Abdullanın atası çox imkansız adam olub. Çıxış yolu yardım göstərmək idi. Ona görə də günorta namazından sonra Hacı Camal əfəndi süfrəyə qızıl pulla 100 manat atır və onun ardınca namazda olanlar imkanları daxilində kömək edirlər. Yığılan pul toplanır və A.Tahirzadə ali təhsil almaq üçün İstanbula göndərilir.

1898-ci ildə anadan olmuş Sərəfəli də atası Hacı Camalın mədrəsəsində oxuyub. O, təhsilini başa çatdırıb savadlı din xadimi olur, atası ilə xeyir-şər məclislərində iştirak edir. XX əsrin əvvəllərində baş verən hadisələr Səfərəlinin xaricdə ali dini təhsil almasına imkan verməsə də, o, atasından və onun zəngin kitabxanasından istifadə etməklə biliyini artırır. Tezliklə regionda savadlı və geniş dünyagörüşünə malik ziyalı və din xadimi kimi tanınır.

Lakin sovet hakimiyyəti qurulandan sonra Hacı Camalın ailəsi də təqiblərə məruz qalır. N.Hüseynli yazır ki, “Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra dinlə məşğul olan kəslər təqib edilirlər. Bu iş Camal əfəndidən də yan keçmir. Onun evi, var-dövləti talan edilir. Ev əşyaları hərraca qoyulur, evi və qoşqu heyvanları, torpağı, kənd təsərrüfatı avadanlıqları kənddəki “Çaparidze” adına kolxoza verilir”. Evi axtarılanda I və II sinflər üçün yazılmış dərslikləri və şeirlər kitabı yandırılaraq məhv edilir.

1931-ci ildə Camal əfəndi oğlu Səfərəli ilə birlikdə həbs olunub, Nuxa (Şəki) türməsinə göndərilir. Heç bir əsaslı səbəb tapmadıqları üçün üç aydan sonra Səfərəli, bir ildən sonra Camal əfəndi həbsdən azad olunurlar. Kənddəki kolxoza daxil olaraq işləyirlər.

Lakin 1937-ci ildə Hacı Camal əfəndi yenidən həbs edilir və birbaşa Bakı türməsinə göndərilir. İki aydan sonra - noyabr ayında 168 nəfər məhbusla birlikdə gecə vaxtı Nargin adasında güllələnir. Sonralar bəraət verilsə də, artıq gec idi.

Tanınmış din xadimi Səfərəli əfəndi 1943 - 1945-ci illərdə müharibədə iştirak etmiş, uzun və əzablı döyüş yolu keçmiş, 1945-ci ilin may ayının 5-də birinci qrup əlil kimi ailəsinə dönmüşdür. (Qeyd edək ki, onun kiçik oğlu da Qarabağ döyüşlərinin iştrakçısı olub, yaralanmışdır. Müharibə veteranıdır.)

Səfərəli əfəndi Azərbaycanın tanınmış alimləri ilə əməkdaşlıq edirdi. Regionun və ölkənin tanınmış din alimləri, tədqiqatçılar və şərqşünaslar tez-tez onun qonağı olar, özünün və atasından qalan zəngin kitabxanası ilə tanış olar, oradaki qədim əlyazmaları və kitabları öyrənərdilər. Məsələn, Azərbaycan Elmlər Akademiyasının tanınmış şərqşünas alimi Məhəmməd əfəndi dəfələrlə Xaçmaza gəlib Səfərəli əfəndinin qonağı olmuşdur. Ondan şərqşünaslığa aid bəzi kitabların tapılmasına köməklik etməyi xahiş etmişdir. Şahidlərin dediyinə görə. Əfəndi ona istədiyi bütün kitabları tapıb vermişdir.

Şərq dilləri bilicisi Əli Fəhmi də dəfələrlə Səfərəli əfəndi ilə görüşmüş və onunla keçmişdən qalan kitablar və əlyazmalar barədə söhbət etmişdir. O da əfəndinin evindəki kitablarla maraqlanmış və onlarla tanış olmuşdur.

1970-1975-ci illərdə Səfərəli əfəndi Dini Ali Şuranın nümayəndəsi Məhəmməd əfəndi tərəfindən dəfələrlə işləmək üçün Bakıya dəvət olunsa da, bu təklifi qəbul etməmişdir. Cavabında demişdi ki, “…bu, mənim üçün şərəfdir, lakin mən yaşadığım yerdəki adamları atıb, gedə bimərəm”. Əlavə təkliflər də onu fikrindən döndərə bilməmişdir.

Səfərəli əfəndi də atası Hacı Camal kimi maarifçilik ideyalarının fəal təbliğatçılarından idi. Dünyəvi elmərin öyrənilməsini vacib bilirdi. Söhbətlərində təhsilin əhəmiyyəti barədə Quran və hədislərdən nümunələr söyləyər, insanları elm və bilik kəsb etməyə səsləyərdi.

Müasirlərinin söylədiyinə görə, Səfərəli əfəndi həmişə imkansız insanlara əl tutarmış. Çox danışmağı sevməzmiş. Danışığının nə nəticə verəcəyini qabaqcadan düşənirdi. Kənd sakinləri onunla bağlı bir hadisəni yaxşı xatırlayırlar. N.Hüseynli yuxarıda adı çəkilən əsərində həmin hadisəni belə təsvir edir: “…Xaçmaz kəndində rəhbər işçilərdən olan Məmməd Mürsəlovun hüzr məclisi idi. Bu məclisə Vartaşen (indiki Oğuz) RPK-nin I katibi A.Qasımov da gəlmişdi. O, Səfərəli əfəndi haqqında yaxşı sözlər eşitmişdi, amma yaxından tanış deyildi. O, əfəndidən “Yasin” oxumasını xahiş etdi. Əfəndi Quranı oxuduqca o, diqqətlə fikir verirdi. Ayə qurtardıqdan sonra katib ona öz təşəkkürünü bildirdi. Dekabr ayı idi. Qarşıdan yeni il gəlirdi. Ona görə də katib əfəndiyə belə bir sualla müraciət etdi:

-         Əfəndi, yeni il nə üstə təhvil verilir?

     Əfəndi sakitcə cavab verdi:

-         Əmək və zəhmət üstündə.

     Bu cavab katibin çox xoşuna gəldi və razılığını bildirdi. Məclisə xitabən dedi ki, siz xoşbəxtsiniz ki, mollanız yox, aliminiz var. Sonralar katib rayon tədbirlərində onun sözünü misal gətirir, deyirdi ki, o mənə bir başa deyə bilərdi ki, il meymun üstündə təhvil verilir. Amma belə demədi. Mən ona dedim ki, təqvimdə belə söz yoxdur. O da dedi ki, meymun çox zəhmətkeş və əməksevər heyvandır. Bu, molla yox, alim, tədqiqatçı və təşkilatçı söhbətidir. Bizim belə şəxslərə ehtiyacımız çoxdur”.

Səfərəlı əfəndi ömrünün sonlarında öz şəxsi kitabxanasında olan bütün qədim əlyazma və kutabları toplayaraq Azərbaycan Elmlər Akademiyasının kitabxanasına bağışlamışdır.

O, 1978-ci ildə vəfat etmiş, Xaçmaz kəndində dəfn olunmuşdur.

Vəfatlarından uzun illər keçsə də, (87 və 46 il) Hacı Camal və oğlu Səfərəli əfəndi insanlar tərəfindən hələ də tez-tez xatırlanırlar. Nifrətəlayiq bir iş baş verəndə, onu kimin törətdiyini sübut etmək mümkün olmayanda indi də “Bu işi kim edibsə, ona Camal əfəndinin, Səfərəli əfəndinin oxuduqları Quran qənim olsun!” ifadəsi həm Xaçmaz kəndində, həm də bütün Oğuz rayonunda tez-tez işlədilir. Yəqin ki, hələ uzun zaman da işlədiləcək.

 

P.S. Çox təəssüf ki, onların şəkillərini heç çür əldə edə bilmədim.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

                                                                 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.