İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oktyabrın 29-da "Yaşıl dünya naminə həmrəylikili" çərçivəsində Oğuz rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət və uşaq şöbələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qorumaq üçün həmrəy olaq!" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon üzrə sektor müdiri Şaiq Rüstəmov, Dövlət Aqrar İnkişaf Mərkəzinin Hüquq və Kadr Məsələləri üzrə böyük məsləhətçisi Əfəndiyev Aydın və idarənin əməkdaşları, sahibkarlar: Liviyev Rafiq, Mikayılov Rasim, Cumayev Mehman və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.
Öncə vətənin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oğuz rayon MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Nəzakət Qasımova qonaqları salamlayaraq, konfransın mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Sonra “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar videosujet nümayiş olunub.
Mərkəzi kitabxananın əməkdaşları “Yaşıl dünya naminə həmrəy Azərbaycan” və "Yaşıl" və davamlı inkişaf naminə qlobal və milli çağırışlar” mövzulu məruzələrdə təmiz mühiti qorumaq üçün yaşıllıqların salınmasının vacibliyindən, COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsindən, dünya birliyinin Azərbaycanı dəstəkləmə səbəbindən, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olan iqlim dəyişmələri, onların canlı aləmə təsiri haqqında geniş məlumat veriblər.
Çıxışlarda dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirindən söz açılıb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)