Əksliklər görüşü - İkiliklər və dualizm Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Xalq yaradıcılığı nümunələrində və soy-qəbilə adlarında ikili (dual) təfəkkürlə bağlı anlayışlara tez-tez rast gəlmək olur. Məsələn, “Qodu-qodu” xalq tamaşasında Qodunun gülməsi-ağlaması; “Günəşi çağırma” mərasim nəğməsində saçlı-keçəl qız; qeydə alınmış bir əfsanədəki ağ-qara at; “Tapdıq” nağılındakı İşıqlı-Zülmət dünya; “Məlikməmməd” nağılında ağ-qara qoç, işıqlı-qaranlıq dünya; atalar sözlərindəki axşam-səhər, xeyir-şər (“Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır”); “Kitabi-Dədə Qorqud” dastanında Daşoğuz-İçoğuz, Bozoq-Üçoq, sağ bəylər-sol bəylər; müxtəlif deyim, əfsanə, dastan və nağıllarda təsvir olunan ikili səciyyəli quşlar, əjdahalar, ilanlar və s. belə ikili anlayışlardan sayıla bilər.

Qeyd etdiyimiz kimi, xalqımızın soykökündə duran qəbilə birləşmələrinin adlarında da belə ikili anlayışlar öz əksini tapmışdır: Ağqoyunlu-Qaraqoyunlu, Ağsaqlılar-Qarasaqlılar, sağ və sol yabqular və s.

R.Qafarlı “Azərbaycan türklərinin mifologiyası” əsərində göstərir ki, “…İkilik maddi dünyanın istənilən təzahür səviyyəsində özünü göstərir. Dünyamızın fəlsəfi mahiyyəti elə təşkil olunmuşdur ki, onun dual (ikilik) strukturu dərhal gözə dəyir. Ulu əcdadlarımız da bu ikiliyi dərk etmiş və onun əsasında mifoloji dünyagörüşlərini inkişaf etdirmişlər”.

G.Vəkilova “Azərbaycan folklorunda əkizlər mifinin transformasiyaları” avtoreferatında yazır: “Folklorda dualizm problemi kifayət qədər geniş əhatəli və olduqca dərin bir problemdir. Folklorşünaslıqda dualizm obrazı mifdə mövcud olan təbiətin, mədəniyyətin və reallığın əsas strukturudur”.

Bu anlayışlarda xalqımızın düşünmə tərzi, təfəkkür qatı, kosmoqonik görüşləri, qəbilə münasibətləri  və s. öz əksini tapmışdır. K.Mirzəyeva özünün “Estetik fikirdə binar düzənin əski kökləri” adlı məqaləsində yazır ki,  “insan düşüncəsi hər şeydən əvvəl hissi qavrayışa əsaslanır və bəşər adətən, bir şeyi onun zidd (əks) tərəfi ilə daha asanlıqla qavrayır. Hissi qavrayışın təbiətdəki predmetləri eynidir, ona görə ikili qavrayış bütün əski xalqlarda bir-birinə bənzəyir və bunu tipoloji bir hal kimi başa düşmək olar. Digər tərfədən, hissi qavrayışın əsasında müqayisə dayanır - insan iki və daha çox hadisə və predmeti müqayisə etməklə onları bir-birindən fərqləndirə bilir. Insanlar eyni zamanda hadisə və predmetlərə öz münasibətlərini də ifadə edir və həmin münasibət fərqli olur. Burada insanın inanc dünyası, mifoloji baxışları xüsusi yer tutur və bununla o, predmet və hadisələrin mahiyyət və səbəbini izah etməyə çalışır. Predmet və hadisələrin dəyərləndirilməsində də ikili düzən vardır: onların faydalı və ya əksinə zərərli olması. Beləliklə, insanda predmet və hadisələri dəyərləndirmək üçün “yaxşı” və “pis” kimi ikili münasibət yaranır. “Yaxşı” və “pis” qarşılaşması tədricən hissi müstəvidən etik müstəviyə keçir, insanın davranış, rəftar və əməlinin ölçü vahidinə çevrilir. İnanc müstəvisində və mifoloji yöndə etik məna ilə yüklənən daha bir ikili qarşılaşma ortaya çıxır: “xeyir” və “şər”. Bununla da təbiətdə rast gəlinən dual qarşılaşma müxtəlif məna keçidləri ilə etik və əxlaqi, metafizik və estetik səviyyələrdə gerçəkləşir”.

O, “Şərq poetikasında binar düzən” adlı bir başqa məqaləsində isə belə yazır: “Qədim insanlar onu əhatə edən dünya barədə müəyyən düşüncə və təsəvvürə malik olmuşlar. Təbiətlə birbaşa ünsiyyət quran insan həyatda üzləşdiyi bütün hadisə və proseslərdə təzadlı iki tərəf görmüşdür: işıq - qaranlıq, istilik - soyuq, aclıq – toxluq, rahatlıq - narahatlıq və s. İnsan onu narahat edən bütün şeyləri dəf etmək, ətrafında baş verən xaosa qarşı nizamlı bir düzən qurmaq istəmişdir. Onların kainat haqqında baxışları hissi xarakter daşımaqla yanaşı, ikili quruluşa malikdir və bu ikili düzənin ilkin qaynağı təbiət və kosmosdur”.

G.Vəkilova göstərir ki, “Mifologiyada Yaxşı-Pis (yaxşı-yaman) qarşıdurması da aparıcı dual münasibətlər modellərindən sayılır. Bu, folklor mətnlərinə, demək olar ki, eyni ilə transformasiya etmişdir. Bu mövzuda çoxlu nağıllar vardır. Məsələn, “Göyçək Fatma” nağılı müxtəlif əsatiri görüşlərilə zəngin və mürəkkəb mifoloji mətn quruluşuna malik nağıllardan biridir. Bu nağıl demək olar ki, tam şəkildə əkizlər mifinə uyğun olaraq Yaxşı-Pis (yaxşı-yaman) qarşıdurmasını təzahür etdirir. Nağılın mövzusu xeyir və şər qüvvələrin mübarizəsinə həsr olunmuşdur”.

Təbiət hadisələrini “yaxşı” və “pis”ə bölən qəbilə üzvləri “yaxşı”nı dost, “pis”i düşmən kimi qiymətləndirmişlər. Həyatları bu əksliklərdən birbaşa asılı olduğuna görə onlar həmin hadisələri ilahiləşdirmiş və şəxsləndirmişlər. Məsələn, “Günəşi çağırma” mərasim nəğməsində qış-yaz (yay) keçəl və saçlı qız kimi şəxsləndirilmişdir.

Bu ikiliklər, əks istiqamətlər, əks xarakterlər və əks rənglərin xalq yaradıcılığı nümunələrində, qəbilə birləşmələrinin adlarında işlənməsi təsadüf deyil, müəyyən qanunauyğunluqdur. Bu cür ikiliklər mifoloji inamın güclü olduğu bir dövrdə formalaşmış əksliklər görüşü və dual təşkilat quruluşunun qanunlarının tələblərindən irəli gəlmişdir. Bu görüş və qanunlar siyasi və bədii təfəkkürün beşiyi olmuşdur. Ona görə də onların izlərinin xalq yaradıcılığı nümunələrində və soy-qəbilə adlarında özünü göstərməsi təbiidir.

Qeyd olunmalıdır ki, xalqımızın söykökündə duranlar təbii hadisələri anlamağa və təbiəti ram etməyə, ona uyğunlaşmağa səy göstərərkən oradakı əkslikləri də duymağa başlamışlar. Onlar müşahidə etmişlər ki, əksliklər birlikdə mövcuddur, birlikdə yaranır, birgə yaşayırlar. Onların hamısı təbiət hadisələri olduğuna görə kökləri birdir – təbətdir. Dual düşüncənin mahiyyətinə toxunan Əməkdar elm xadimi, professor M.Seyidov yazır: “Əski insana görə, təbiət əksliklərin qaynağıdır. Təbiətdə iki müxtəlif, qarşı-qarşıya durmuş əksliklərin mövcudluğu insan şüurunda, təfəkküründə və onunla bağlı olaraq ibtidai şəkildə olan üstqurumda, kosmik aləmi dərk etməkdə, insanların bir-birinə münasibətində və bunu dürlü-dürlü şəkillərdəki təzahür formalarında, fəlsəfədə, mifoloji, ictimai şüurda, məişətin bəzi sahələrində, təbiət, cəmiyyət hadisələrini aydınlaşdırmaqda ikili-dual münasibət yaratdı”.

Görkəmli tədqiqatçı onu da qeyd edir ki, təbiətdəki əksliklərin mövcudluğu insan şüurunda təbiət və cəmiyyət hadisələrini aydınlaşdırmaqda ikili – dual münasibət yaratmışdır. O, sübut etmişdir ki, türkdilli xalqlarda, o cümlədən azərbaycanlılarda da əksliklər təsəvvürü mövcud olmuş, ilkin qəbilələr dual təşkilat quruluşu sistemində yaşamışlar. Başqa sözlə, dual təşkilat quruluşu ibtidai qəbilələrin ilk forması olmuşdur. Dual təşkilat quruluşu və əksliklər təfəkkürünə görə, insanın yaranmasının və təbiət hadisələrinin kökü birdir, ancaq bu birlikdə əksliklər mövcuddur. Məsələn, yuxarda adı çəkilən “Tapdıq” nağılında İşıqlı dünya (“Gülüstani-Baği-İrəm) və Zülmət dünyası əkslikdirsə, bu dünyanın kökü eynidir, yəni birdir – Qaf dağıdır. Çünki məhz həmin dağın bir tərəfi işıqlı, o biri tərəfi qaranlıq dünyadır. Əksliklərin mübarizəsi isə təkamülün mənbəyidir. 

Dual təşkilat quruluşuna görə, ilkin qəbilə iki soya bölünür. Oğuzların Bozoq və Üçoq soyuna bölünməsi buna misal ola bilər. Bu soylar üçün oq (ox) kökdürsə, boz və üç əksliklərdir. Ağqoyunlular və Qaraqoyunlularda isə qoyun kökdür, ağ və qara əksliklərdir. Həmin qəbilə birləşmələrinin adlarının dual təşkilat quruluşunun qanunları əsasında qoyulduğu göz qabağındadır.

Əkslik – ayrılıq ekzoqamlı (qan qohumluğu nəzərə alınan) nigah üçün əsas yaradır. Tədqiqatçıların yekdil fikirlərinə görə, Azərbaycan xalqının soykökünü təşkil edən bütün qəbilələrdə belə nigahlar olmuşdur. Onlar qan qohumu ilə deyil, çox uzaq qohum və ya yad qəbilənin üzvləri ilə evlənmişlər. Bunun bir nümunəsini Ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanında da görürük. Burada Bozoqdan olan Beyrək Üçoqdan olan Banıçiçəklə evlənir. Ekzoqamlı nigah fizioloji cəhətdən daha doğru idi və qəbilələrarası əlaqələri möhkəmləndirir, içtimai gücü artırırdı.

E.M.Meletinski də ikiliklərdən bəhs edərək göstərirdi ki, bunlarda “…xüsusilə diqqət ona yetirilir ki, təbiət (gündüzlə gecənin nizamlanması, qışın və yayın qaydaya salınması və sərt soyuqların, bərk istilərin zəifləməsi) və sosial (dual ekzoqamiya, nikah qaydaları və s.) sahələr qaydaya salınsın, eləcə də nizamlayıcı, permanent (daimi) qayda-qanunları qoruyub saxlayan məcburi mərasimlərin fəaliyyəti nizamlansın”.

Deməli, xalq yaradıcılığı nümunələrində, eləcə də qəbilə birləşmələrinin adlarındakı ikili anlayişlar dual təşkilat quruluşunun, əksliklər görüşünün, ekzoqamlı nigah qanunlarının tələblərindən irəli gəlmişdir. Maraqlıdır ki, dual təşkilat qanunları, əksliklər görüşü və ekzoqamlı nigahla bağlı bir sıra adətlər, görüşlər indi də yaşamaqdadır. Məsələn, toy həyətlərində qapıdan qırmızı, yas həyətlərində qara parça asılması, yaxın qohumlarla nigaha yol verilməməsi və s.

Ümumiyyətlə, dual təşkilat quruluşu, əksliklər görüşü xalqımızın həyat tərzi, həyatı dərketmə şəkilləri, adət-ənənləri barədə daha dolğun təsəvvür yaradır.  

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.