Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
5 il bundan əvvəl, təxminən bu vaxtlar, bu çağlar idi. Bir payız günü, axşamçağı.
İşdən yorğun gəlmişdim, yenicə çay içib, televizora baxa-baxa dincəlirdim. Mobil telefonuma zəng gəldi, baxdım, şəhər nömrəsi idi. Sevindim, bəlkə...
O vaxtlar çox həvəsli idim ki, mənə də bəlkə yaxşı bir yerdən iş, yüksək maaşlı vəzifə zad verərlər. Həm də nəsə buna inanırdım.
Bu vaxt, şəhər nömrəsindən gələn zəng bəlkə...
Amma tez də sevinci qayğı əvəz etdi, bəlkə bankdı, gecikmiş ödənişi xatırladacaq... Nə vaxt ödəyəcəyim haqqında dilimdən söz tutmağa çalışacaqdı...
Bu fikirlər, hisslər sürətlə beynimdən keçdi, telefonu açdım.
-- Sadıq Qarayevdir?
-- Bəli, buyurun.
-- AMEA reyasət heyətindədir, xarici pasportunuzun şəkilini təcili atın.
Sonra vatsap nömrəsi dedi.
-- Xeyirdir, neynlirsiz pasportu?
-- Dubna şəhərinə gedəcəksiniz.
Öz- özümə düşündüm ki, mənim Dubnada nə işim ola bilər.
-- Ora nəyə gedirəm?
-- Orada " Fizika- lirika" Beynəlxalq konfransı keçirələcək. İsa müəllim sizi də nümayəndə heyətinə yazıb.
Bir az düşünüb sual verdim:
-- Neçə nəfər, kimlər gedəcək?
Bu dəfə sualıma zəng edən şəxs duruxdu və soyuq, mənasız suala cavab verirmiş kimi ironiya ilə dedi:
-- Sizə bir aydiyyatı, ya fərqi var neçə nəfər, kimlər gedəcək?
O həm haqlı idi, həm də yox. Adi halda haqlı idi, bu nə sual idi vermişdim..
Amma mənim də bu sualı verməkdə məqsədim, səbəblərim var idi...
Akademik İsa Həbibbəylinin ideya və təşkilatçılığı ilə "Fizika və Lirika" konfransları artıq ənənə halını almışdır. Şamaxıda Astrofizika Elmi Tədqiqat Mərkəzində, Dendrologiya İnstitunda və Botanika İnstitutunda keçirilmişdir.
Alimləri, yazıçıları, elmlə ədəbiyyatı birləşdirən bu konfranslar çox möhtəşəm, maraqlı keçirdi.
Botanika İnstitunda keçirilən konfrnsda İsa müəllim dedi ki, gələn il bu konfransı Dubna şəhərində, Beynəlxalq Nüvə Tədqiqatları İnstitunda keçirəcəyik.
Mən buna inanmadım. O cür nüfuzlu və xüsusi qorumada olan mərkəzdə icazə verərlər?
Yaxşı, bəs versələr kimlər gedəcək? Elə yaxşı olardı ki, mən də gedəm. Çoxdan görmək istəyirdim bu institutu. Axı mənim bütün əsərlərimdə məkan, zaman, kütlənin, kainatın yaranması haqqında söhbətlər, obrazların dili ilə verilmiş müzakirələr vardır. "Orbitlər və universal mövcudluq nəzəriyyələri" oradakı alimlərə maraqlı olardı, rəylərini soruşardım..
Amma mən o heyətə düşə bilərdim?
Çönüb zala baxdım. Akademiklər, professorlar, institut direktorları, bunları qoyub, məni aparmazdılar ki... mənə növbə çatmazdı.
-- Ora 6 nəfər gedəcək. Hələ bilmirəm kimlər olacaq, amma Hamlet İsaxanlı mütləq olacaq.
Düşündüm yaxşı, 6 nəfərin biri Hamlet müəllim, biri də İsa müəllim özü. Qaldı 4 nəfər. Mənim getmə ehtimalım O - nüvə institutunda alimlərin arxasınca düşdükləri protonlar boydadır...
İndi mən bunları nəzərə alıb pasportun surətini istəyən adama- kimlər, neçə nəfər gedəcək- sualı vermişdim.
16 oktyabrda akedimik İsa Həbibbəylinin ad günüydü, 75 illik yubileyiydi. Ürəyimdən gələnləri, təbii yazmaq istəyirəm. Ona görə də bu hadisəni xatırladım.
Və belə qərara gəldim ki, İsa müəllimin bir insan, bəndə kimi, mahiyyətində həqiqəti, haqqı yuxarıda tutmaq var. Axı reallıqda əsərlərundə elmi idrakla bədii təfəkkürün vəhdəti olan yazıçılardan biri də mən idim. O bu haqqı qiymətləndirmişdir.
Deməli həqiqət adamıdır.
Bu yazını yazanda başlıq düşündüm. Adətən mən romanları da əvvəlcə başlıq qoyub, sonra yazıram.
"Arpaçayından Volqaya", "Azərbaycançılıq idealları yolunda əriyən ömür" başlıqları da düşündüm. Amma haradansa ağlıma "Əlincə boyda işıq" gəldi. Xoşum gəldi bu bənzətmədən.
Yazıçılara kömək edən ən önəmli amillərdən biri də qəfil ağıllarına gələn, özünün də mənasını sonralar fikirləşib tapdığı, ya heç zaman tapmadığı fikirlər, ideyalardır. Demək ki, yazıçı fikir, təxəyyül baxımından özündən də yuxarıda olmalıdır, dərkedilməsi çətin olmalıdır, yoxsa bəsitləşib oxucunu diqqət əsarətinə ala bilməz.
Alimlərdə isə sürətli düşünmək, ümumiləşdirmək qabiliyyəti daha çoxdur. Və bunun üçü hansı sahə olursa olsun, riyazi təfəkkür olması zəruridir.
İsa müəllimin çıxışlarında sürətli ümumiləşdirmək, süjet xəttini, mahiyyəti dəqiq təsvir və ifadə etmək həmişə diqqətimi cəlb etmişdi. Bunun təkcə ədəbiyyatla bağlı olmadığı qənaətinə gəlmişdim. Və yanılmamışdım soruşdum bu barədə . Məlum oldu ki, orta məktəbdə riyaziyyatı o qədər mükəmməl oxuyurmuş ki, onun filologiya fakültəsinə qəbul olduğunu eşidən riyaziyyat müəllimi əlindəki çay dolu istəkanı yerə çırpmışdır.
İsa müəllimin Akademiyada işlədiyi müddətdə riyazi təfəkkürü, xarizması, xarakterik keyfiyyətləri, əsas da sözübütövlüyü və həqiqətin, haqqın yanında olması onu həmişə öz ranqında olan, eyni pillədə durduğu insanlardan fərqləndirmişdir.
İnsanlarla ünsiyyət şəxsiyyətin əsas mənəvi göstəricisidir. Özündən yuxarının önündə məstan, aşağının ( təbii ki, vəzifə və ya maddi imkan baxımından) yanında aslan olmaq dünyada geniş vüsət almış, ən mənfi insani göstəricilərdəndir. Müşahidə etdiklərim və şahidi olduğum hadisələrdən belə qənaətə gəldim ki, İsa müəllimə hörmət və nüfuz qazandıran əsas amillərdən biri də onun heç bir təsirə düşməməsi təbiilyini saxlaya bilməsi, mənəvi aləminin həyacanlanıb öz orbitindın aşağı və ya yuxarı stasionar hala sıçramamasıdır.
İnsan dəyişəndə ölür, yerinə başqa varlıq peyda olur.
75 il dəyişmədən, işığı azalmadan yaşamaq, hörmət itirmədən müxtəlif vəzifələrdə çalışıb qürurunu, insanlığını, bəndəliyini, vətəninə, dövlətinə sədaqətini qorumaq böyük hünərdir, bəxtəvərlikdir. Bəlkə də adi haldır, təbiiliyin real halıdır, çox sadə, asan bir şeydir.
Qorumaq... Qalalar qorunmaq, müdafiə, alınmazlıq məkanıdır. Əlincə bu mənada Azərbaycanın, Şərqin rəmzidir.
İsa Həbibbəyli 75 ildə bəndəliyini, insanlığını, alimliyini, vətəndaşlığını qorumuşdur.
Bir insan üçün bundan böyük nailiyyət ola bilməz.
İyun ayının 25-də AMEA - da mənə 50 illik yubiley keçirildi. Elmi ictimaiyyət, ədəbi cəmaeə tərəfindən, ictimai- siyasi mühitdə çox böyük rəğbətlə qarşılandı bu hadisə. Tədbirin adını düşünəndə müxtəlif variantlar dedim, İsa müəllim bizə- dayanın bir dəqiqə düşünüm- deyib, belə bir ad söylədi:
"Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi". Yenə sürətlə düşünə bilmişdir.
Bu yubiley Sadıq Qarayevin şəxsinə keçirilmirdi. Azərbaycançılıq ideallarından, Vətən müharibəsindən, Qərbi Azərbaycandan bəhs edən, böyük zəhmətin elmlə- ədəbiyyatın vəhdətindən yaranmış əsərlərə, həm də relikt bitkilər barədə apardığım tədqiqatlara keçirilirdi.
Harada Azərbaycançılıq idealları, Heydər Əliyev yolu, milli dövlətçilik şüurunu təbliğ edən, bu istiqamətə xidmət edən elmi, ədəbi fəaliyyət varsa İsa Həbibbəyli onu alqışlayar, müdafiə edər, inkişaf etdirməyə çalışar, bunun üçün yorulmaz, usanmaz. İşığın dalğa, zərrəcik xüsusiyyəti var, amma yorulmazdır.
İsa Həbibbəyli ömrü azərbaycançılıq məfkurəsinə, dövlətçilik ideallarının kerçəkləşməsinə sərf olunan, tüstüsüz yanan, əriyən, amma işığı həmişə elm, təhsil sahəsində qalacaq bir ömürdür.
İsa Həbibbəyli şəxsiyyəti bəndəliyin, vətəndaşlığın, ziyayılığın, alimliyin və dövlətçiliyə, azərbaycançılıq ideallarına sədaqətin vəhdətindən yaranmış Əlincə möhkəmliyində, işıq mahiyyətindədir.
75 illik yubleyiniz mübarək Əlincə boyda işıq.
“Ədəbiyyat və incəsənət”
(17.10.24)