Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxana sərgiyə elm, incəsənət, tarix və digər sahələri əhatə edən 300-dən artıq kitab ilə qatılmışdır. Kitabların içərisində kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalması müsabiqəsi” nəticəsində əldə etdiyi, son illər nəşr edilən kitablar, ali məktəb və peşə təhsili dərslikləri üstünlük təşkil edir. Sərginin açılış günü stendi mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Fərid Cəfərov, Xalq yazıçıları Elçin və Anar, akademiklər İsa Həbibbəyli, Rəfael Hüseynov, millət vəkili Günay Əfəndiyeva, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza , “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva və digərləri ziyarət ediblər.
Stendlə tanışlıq zamanı kitabxananın direktoru Aslan Cəfərov qonaqlara “Naxçıvan İli”, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitabxanın gördüyü işlər, hazırladıqları materiallar barədə, stenddə sərgilənən kitablar haqda məlumat verib.
Mədəniyyət naziri Adil Kərimli Respublika Gənclər Kitabxanasının fəaliyyətinin, fondunun mövzu zənginliyinin, həyata keçirdiyi layihə və tədbirlərinin təqdirəlayiq olduğunu söyləyərək, kitabxanaya gələcək işlərində uğurlar arzu edib.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)