Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradıcılarından biri, uzun illər İctimai Birliyin bütün yükünü çiyinlərində şərəflə daşıyan, el-obaya, Vətənə ləyaqətlə xidmət edən, hamımızın fəxrimizin Rövşən Babanlının ad günüdür. Onun 85 yaşı tamam olur.
Rövşən Abdulla oğlu Babanlı 3 oktyabr 1939-cu ildə Qazax şəhərində ziyalı ailəsində anadan olub. 1960-cı ildə Qazax şəhər 2 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Pedaqoji İnstitutunun Biologiya-kimya fakültəsinə qəbul olmuşdur. 1965-ci ildə təhsilini başa vuraraq, təyinatla Abşeron rayonunda iki il müəllim işləmişdir. 1967-68-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA) Zoologiya institutunda elmi işçi, 1968-1971-ci illərdə N.Nərimanov adına Neft-qaz çıxarma idarəsində mühəndis, laboratoriya müdiri vəzifəsində çalışıb.
1971-1974-cü illərdə Azərbaycan Elmi-tədqiqat Pedaqoji Elmlər İnstitutunun əyani aspirantı olmuşdur. 1974-1978-ci illərdə Respublika Pedaqoji Cəmiyyətinin məsul katibi, 1978-1992-ci illərdə isə sədr müavini işləmişdir. 1992-ci ildən 2000-ci ilə qədər Azərbaycan ETPEİ-də böyük elmi işçi, 2001-ci ildən Təhsil Problemləri İnstitutunda baş mütəxəssis kimi fəaliyyət göstərmişdir. 1971-ci ildən 2014-cü ilə qədər Respublikanın müxtəlif ali məktəblərində müəllim kimi çalışmışdır.
Təhsil sahəsində göstərdiyi xidmətlərə görə 1981-ci ildə "Respublikanın xalq maarifi əlaçısı", 1986-cı ildə "SSRİ-nin maarif əlaçısı" fəxri adları ilə təltif olunmuşdur.
Rövşən Babanlı Vətənini, el-obasını sevən nümunəvi ziyalılardandır. 1990-cı ildə "Qazax Xeyriyyə Cəmiyyəti"nin yaradılması ideyasını qaldıran təşəbbüs qrupunun fəallarından olmuş, Cəmiyyətin təsis konfransında (1990-cı il) məsul katib seçilmişdir. Bu günə kimi də "Qazax" Xeyriyyə İctimai Birliyinin tədbirlərində iştirak edir, öz məsləhətlərini verir, İctimai Birliyin fəaliyyəti ilə yaxından maraqlanır. Rövşən Babanlı 2019-cu ildə anadan olmasının 80 illik yubileyi münasibətilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə "Fəxri Diplom"la təltif olunmuşdur.
"Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasında və fəaliyyətində müstəsna xidmətlərinə və anadan olmasının 85 illik yubileyi münasibətilə Rövşən Babanlı İctimai Birliyin 03 oktyabr 2024-cü il qərarı ilə "Xalq şairi Səməd Vurğun adına Fəxri Diplom"la təltif olunmuşdur.
2014-cü ildən təqaüddədir. 3 qızı, 6 nəvəsi, 2 nəticəsi var. Övladlarının üçü də həkimdir.
Təbii ki, ona ilk təbrik də “Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovdan, İctimai Birliyin üzvlərindın, o cümlədən Qazax mahalının ziyalılarından gəldi. Biz də təbriklərə qoşulub Rövşən Babanlını 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
85 yaş hələ nədir ki?
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)