“ASAN xidmət” İndoneziya hökuməti ilə birgə forum təşkil etdi

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin İndoneziyaya səfəri çərçivəsində “Bilik Mübadiləsi Forumu” keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin təşkilatçılığı ilə baş tutan forumda ölkənin 38 vilayətinin və müxtəlif şəhərlərinin rəhbər şəxsləri olmaqla ümumilikdə 200-dən çox nümayəndə iştirak edib. 

 

Tədbirin açılışında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizlə İndoneziya arasındakı mövcud xoş münasibətlərə toxunub. Dövlət Agentliyinin sədri xidmətlərin effektivliyinin artırılması və vətəndaş məmnunluğuna nail olunması istiqamətində İndoneziyada “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən mərkəzlərin önəmini qeyd edib.  O, bundan sonra da yeni mərkəzlərin yaradılmasında İndoneziyanın şəhər və vilayətlərinə dəstəyə hazır olduğunu qeyd edib.

 

Sonra Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” konsepsiyası və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə geniş təqdimat edilib.

 

“ASAN xidmət” təcrübəsinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığını qeyd edən Dövlət Agentliyinin nümayəndəsi hazırda Azərbaycan modelinin İndoneziyada uğurla tətbiq olunduğunu diqqətə çatdırıb. 

 

Forum çərçivəsində İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin və Banyuvangi vilayətinin nümayəndələri də çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.