Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, siyasi şərhçi Əkbər Qoşalının 5 aprel 2024-cü ildə baş tutacaq ABŞ-Avropa Birliyi-Ermənistan görüşü barədə fikirlərini diqqətinizə çatdırır.
2016-cı il Aprel döyüşlərinin 8-ci ildönümündə - 5 aprel 2024-cü ildə baş tutacaq ABŞ-Avropa Birliyi-Ermənistan görüşü nəyə xidmət edir, nə vəd edir, görüşdən sonra nə olacaq?
Aprel döyüşlərini təsadüfən xatırlatmadım, o günlərdə əl-ayağa düşən, barış anlaşması üçün danışıqlara hazır olduğunu açıqlayan Ermənistan başbilənləri atəşkəsdən sonra köhnə metodlara qayıtdı, ən yaxşı halda, sürünən və sonu görünməyən müzakirələrlə başımızı qatmaq istədi. Paralel olaraq, işğal olunmuş ərazilərimizdə daha da möhkəmlənməyə başlayan işğalçılar özlərini isti qucaqda hiss etdi. O vaxtkı Prezident Serj Sarkisyan öz ağlınca guya hiyləgərlik edir, sağlam, nəticəyönümlü danışıqlardan “ustalıqla” yayınırdı. Biz isə danışıq xatirinə danışıq istəmirdik, konkret mövqe, dəqiq cədvəl, ədalətli sülhü təmin edəcək addımlar istəyirdik.
Sarkisyan getdi, Paşinyan gəldi, o da biricik oğlunu Qarabağa hərbi xidmətə yolladı, az qala hər ay Qarabağa qanunsuz səfərlər etdi, Cıdır düzündə özünü günə verdi, kabab yedi, oynadı; bunlar azmış kimi, Xankəndidə “Qarabağ – Ermənistandır və nöqtə” deyə bağırdı da... Sonrası bəllidir. 2018-ci ildə Naxçıvan yüksəkliklərində Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda Tovuz döyüşləri, nəhayət 27 sentybarda 44 gün sürəcək ll Qarabağ müharibəsi baş tutdu... İndi – 8 il sonranın aprelində Ermənistana yalançı “ürək-dirək” vermək lazım deyil, hələ-hələ revanşizmdən qurtula bilməyən bir cəmiyyətçün hər hansı dəstək bölgədə yeni döyüşlərə gətirib çıxarda bilər. Bu kimə lazımdır? – Kimə lazımdırsa da, əslində, “baş tutmamış dövlət” olan Ermənistana heç lazım deyil. Ancaq bunu bizmi düşünməli, bu barədə bizmi uyarıda bulanmalıyıq? Əgər kiminsə başı bizim Dəmir Yumruğumuz üçün giyişibsə, Dəmir Yumruq heç yerə getməyib, yerindədir (daha doğrusu, daha üstün mövqedədir, indi daha güclüdür)!
Əlbəttə, biz nə ABŞ-ı, nə Avropa Birliyini xəfifə almırıq; ancaq onlar da bizi, Güney Qafqazda durumu xəfifə almamalıdır. ABŞ və Avropa Birliyi Qafqazla həmhüdud deyil, onlar bu coğrafiyanın gerçəkliklərini bizdən, qafqazlılardan yaxşı bilə bilməz (hələ bir halımıza da yanalar)... ABŞ, Avropa Birliyi, özəlliklə Fransa Ermənistanı boyundan yuxarı hoppanmağa şirnikləndirməməlidir – çün, “kiçik bacı” bu dəfə ömürlük şikəst qalar... Onsuz da 105 yaşlı (tarixdəki ilk və inşallah son!) erməni dövləti (Paşinyan demiş) kadastrsızdır; üstəlik, bu monoetnik yapıya sahib ölkənin əhalisi aybaay azalır və ilmüdam qıraqdan dəstək axtarışındadırlar. Bəlkə Zəngəzur dəhlizi işə düşsə, beynəlxalq daşımalardan büdcəsinə pul-para gələrdi, lakin belə getsə, o dəhliz Ermənistan nəzərə alınmadan işə salınmalı olacaq. İrəvandakılar ağlı salim davranmasa Ermənistançün yol xəritəsi zatən bəllidir: “...indi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. – Prezident İlham Əliyevin 20 noyabr 2020-ci ildə, Ağdamın azad olunması ilə bağlı Xalqa müraciət edərkən dediyi sözlər öz güncəlliyini saxlamaqdadır.
Bəli, 30 illik işğal Ermənistana heç bir üstünlük vermədi, tam tərsinə, onları bölgəsəl inkişaf proseslərindən qıraqda saxladı, müstəqil ölkə standartları doğrulmadı və budur, biz işğala son vermişik, müharibədən 4 il keçir, onlarsa yenə və yeni ağa(lar) axtarır...
Əlsiz Ermənistanın əli ilə bölgədə münaqişə ocağı yaratmağı planlaşdıran (Fransa öncüllüyündəki) Avropa və ABŞ düşünməyə ehtiyac duymur bəlkə,
o zaman Ermənistan siyasi-hərbi rəhbərliyi düşünsün:
XX yüzilin əvvəllərində də Ermənistandan vasitə kimi istifadə edilib. Ömrü boyu vasitə olmaqla çox uzağa getmək olmaz. Bu, 105 il sürübsə, o demək deyil ki, daha 5-10 il də sürə bilər. Dövlətə də xarakter lazımdır, xarakter!.. – Daxili imkanlar lazımdır, qonşularla adambalası kimi rəftar lazımdır, dürüst olmaq lazımdır...
XX yüzilin əvvəlində “Böyük Ermənistan” – Vudro Vilson planı vardı – cəhənnəmə getdi yoxsa, yox? XX yüzilin sonlarında Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi üçün Ermənistana hərtərəfli dəstək verilir, “907-ci düzəliş” qəbul edilirdi. – Nəticə etibarı ilə ermənilər “ikinci erməni dövləti”ni qura bildi, yoxsa, ilk (və son!) erməni dövləti də iri bir sualın altına itələnir?
Biz Avropa, ABŞ deyərkən, ATƏT-in gorbagor “Minsk qrupu”nun digər həmsədri Rusiyanı unutmuş deyilik. Rusiyanın Azərbaycan torpaqlarının işğalındakı rolu unudulmamalıdır. – Hər şey bir yana - Ermənistana 1 milyard dollarlıq silah-sursatın (əvəzsiz) verilməsi hansı kitab-dəftərə sığırdı? Bax, indi ABŞ və Avropa Kremlin uğursuz ssenarisini təkrarlamaqdadır. İnşallah bu da ötər, bu da keçər...
ABŞ-Avropa Birliyi-Ermənistan görüşü barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması mövzunu sağlam şəkildə açır. Biz o açıqlamanı təkrar etmədən, vurğulamaq istərdik ki, rəsmən elan olunmasa da, 5 aprel görüşü faktiki olaraq hərbi paktın yaradılması kimi bir olayın xəbərçisidir. Belə bir pakt erməni revanşizminin güclənməsinə xidmət edər, bununla da bölgədə sabitliyə, sülh quruculuğuna qarşı akta çevrilər. Bölgəni yeni istiqrarsızlığa, fəlakətə sürükləmək bəlkə, ABŞ və Avropa Birliyinin elanolunmamış maraqlarına xidmət edər lakin cırtdan Ermənistan illa ayaq altda qalar. Qafqazda “ikinci Ukrayna” ssenarisinin gerçəkləşdirilməsi, yaxud (daha anlaşılan şəkli ilə desək), “ikinci cəbhə”nin açılması, (Ukraynadan iraq), Ermənistanın sıfırlanması olar.
Biz başa düşürük ki, ehtimal olunan üçlü hərbi pakt “Ermənistanın təhlükəsizliyinin gücləndirilməsi” adı altında olsa da, Azərbaycana qarşı təzyiq və hərbi müdaxilə planının tərkib hissəsi sayılmalıdır.
Biz onu da başa düşürük ki, ABŞ və Avropa Birliyi başbilənləri Azərbaycanın öz ərazilərini azad etməsi faktı ilə hələ də barışmaq istəmir.
Əlbəttə, onu da anlayırıq ki, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı – baş tutmadı. – Bu söz havadan deyilmir, gəlin son 3 il içində nələr olduğunu birlikdə xatırlayaq:
- “Ermənilərin humanitar fəlakəti” bəhanəsi ilə Azərbaycan Respublikasına, şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldımı? - aparıldı;
- Avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərləri təşkil edildimi? - edildi;
- Qərbin müxtəlif dairələrinin açıq-gizli maliyyələ dəstəyi ilə yaradılmış informasiya resursları gücləndirildimi? – gücləndirildi;
- Bütün cəhdlərə baxmayaraq, günbəgün güclənən Azərbaycana qarşı planlar bir sonuc vermədikcə, indi budur, apaçıq şəkildə hərbi planlar qurub, aktı pakta çevriməyə çalışırlarmı? - çalışırlar...
Sözügedən Pakt Azərbaycanla yanaşı, ümumilikdə bölgə ölkələrinə - vİrana, Rusiyaya, qardaş Türkiyəyə qarşı da yönəlib. Məsələn, vaxtı ilə bölgəyə xarici qüvvələrin gəlişinə qəti etirazda bulunan, bunu özü üçün “qırmızı xətt” elan edən vİran niyə susur? Nə oldu da, vİranın Ermənistandakı səfiri Fransa səfiri ilə birgə Qərbi və Paşinyan rejimini tərənnüm etməyə başladı?
Bəs Rusiya niyə susur Rusiya? Proseslər sonda Ermənistandakı Rusiya hərbi bazasının çıxarılmasını nəzərdə tutursa, Moskva isə ciddi reaksiya vermirsə, torbada pişik var, bəlkə?.. Biz Rusiyanın Ermənistanda qalması qayğısına qalmırıq, biz heç Ermənistanın bir dövlət kimi qalmasının da qayğısına qalmırıq; amma görürük, izləyirik, bilirik. Həncəri deyərlər, bəyəm, siz bilmirsiniz, biz bilirik, siz bilirsiz?
Suallar çoxdur və sualın çox olduğu dönəmlərdə daşlar ətəkdən tökülmür, bəlkə ətəyə daş yığılır... Əslində, biz əl ilə daşın başqa konfiqurasiyasını təklif edirdik. Deyirdik ki, hər kəs əlini daşın altına aparsın...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)