Sazlı, sözlü kəlağayı günləri davam edir

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “SAZLI, SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

 

Könül, “Ədəbiyyat və incəsənət”

     

Çağdaş ultradəblər, Avropa meyilli gənclər, texnologiyalar zamanında milli dəyərlərə - geyimə, etik münasibətlərə, mənəviyyata diqqətin, təbliğin azalmasına səbəb olmasının qarşısını almaq üçün müxtəlif tanıtım tədbirlərinin rolu danılmazdır. Xalqımızın zəngin adət-ənənələrinə, əsrlərdən süzülüb gələn digər dəyərlərə müsbət olmayan münasibət gələcəyimiz sayılan nəslə, adət-ənənələrə mənəvi zərbə ola bilər. Bunu nəzərə alaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Ev Muzeyi” yarandığı gündən Respublikamızın müxtəlif bölgələrində eləcə də ali və orta ixtisas məktəblərində ədəbi-bədii gecələr keçirir. Bu tədbirlər barədə biz də müntəzəm məlumat veririk. 

 

2023-cü ildə İctimai Birliyin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ərazilərində keçirilən “Sazlı Sözlü Kəlağayı G ünləri” milli-mənəvi dəyərlərin təbliği istiqamətində uğur kimi yadda qaldı. 2024 cü ildə də belə tədbirlər davam etməkdədir. Bu il Azərbaycanın təhsil ocaqlarında Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə  “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yanvarın 29-da, Kəlağayı Muzeyindən başlayan  ''Sazlı Sözlü Kəlağayı Günləri'- nin davaml fevralın 22-də Bakı Dövlət Universitetində (BDU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi, Universitetin İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə baş tutdu. 

“Sazlı Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii tədbir tələbə və müəllim heyətinin böyük marağına səbəb oldu. Tələbə gənclərin qədim və heç vaxt dəbdən düşməyən milli baş örpəyimiz kəlağayıya diqqəti və ehtiramı bunu deməyə əsas verir.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, və “Sazlı Sözlü Kəlağayı günləri” layihəsinin rəhbəri şair, publisist  Güllü Eldar Tomarlı tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini qeyd etdi və bu gərəkli işə dəstək olan təşkilat və məsul şəxslərə təşəkkür etdi. Onun sözlərinə görə, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək (Yazının sonundakı şəkil qalereyasında tam siyahı verilibdir).

 

Güllü xanım tədbirin keçirilməsində məqsədin milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılması olduğunu qeyd etdi. Birlik sədri vurğuladı ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur. 

Güllü Eldar Tomarlı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 2024- cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyidir. Bu münasibətlə “Anam – kəlağaydı, kəlağay – anam” kitabı nəşr edilib. 

Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verən natiq diqqətə çatdırdı ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə Kəlağayı Muzeyi yaradılıb: 

 

“Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”.

 

“Sazlı Sözlü Kəlağayı Günləri” çərçivəsində keçirilən tədbirdə BDU-nun kafedra müdiri Knyaz Aslan, BDU-nun dekanı Ələmdar Cabbarlı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair Səadət Buta, BDU-nun baş müəllimi Leyla Abbasova, Rusiya Azərrbaycan Qadınları  İctimai Birliyinin Krım nümayəndəsi Qızqayıt Hüseynova və başqaları mövzu ilə bağlı çıxış etdilər. Çıxışlarda tələbələr arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyəti xüsusi vurğulandı.

Tədbir ədəbi-bədii hissə ilə davam etdi, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirildi. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini aşıq Gözəl Kəlbəcərlinin, aşıq Ləman Mübarizqızının, aşıq Ayşə Səyyadqızının, Rəhimə Quliyevanın və Məhəmməd Əliyevin (kamança) ifaları alqışlarla qarşılandı.

 

Bütün il boyu ''Sazlı Sözlü Kəlağayı Günləri' layihəsi çərçifəsində  ədəbi-bədii gecələr, kəlağayı sərgiləri davam edir. Layihənin  icrasının davamı 28 fevral, 2024-cü ildə  Mədəniyyət və İncəsənət Universitetində olacaq. Çətin, şərəfli və məsuliyyətli yolda təşkilata və layihəyə uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.