Gənclər Kitabxanasının əməkdaşı Sertifikat ilə təltif edilib

 

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçirilib. 

 

Konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, BDU-nun Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin katibi İlqar Fəhmi, ali məktəbin müəllim və tələbə heyəti iştirak edib.

 

Tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin magistrı Lamiə Sarıyeva “Bakı şəhərinin tarixinə dair sənəd axını” mövzusunda təqdimat ilə çıxış edib. Məruzəçi təqdimatında paytaxt Bakının qədim tarixini, özəlliklərini özündə əks etdirən “Azərbaycanın Milli Ensiklopediyası”, “Bakının memarlıq ensiklopediyası” kimi ensiklopedik nəşrlər, “Bakı şəhərinin tarixi”, “Bakı tarixin səhifələrində”, “Bakı 1501” kimi kitablar, dövrü mətbuat nümunələri, elektron baza və Xalq yazıçısı Anarın “Gürcü familiyası” əsərinin motivləri əsasında lentə alınan “Gün keçdi” filmi haqqında məlumat verib. Tədbirin sonunda Lamiə Sarıyeva Respublika elmi konfransında uğurlu iştirakına görə Sertifikat ilə təltif edilib.  

Bu barədə “Ədəbiyyat və incəsənət” pprtalına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından məlumat verilib. 

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.