Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Onlar şəhadətə ucaldılar. Ailələrinə, yaxınlarına qürurlu olmağı nəsib etdilər. Amma həm də doğmalarını ən azından məzarları önündə dayanıb yasin oxutmaqdan, mərmər daşlarına qərənfil düzməkdən məhrum etdilər.
Çünki onlar məzarsız şəhidlərdir.
1993-cü ilin 25 oktyabrında Cəbrayıl rayon Dərzili kəndi ərazisində, Zəngilanın müdafiəsi zamanı mənfur düşmənlərə qarşı qeyri bərabər döyüşdə şəhadətə ucalmış, Daxili İşlər Nazirliyinin əməkdaşları, 7 polis şəhidimiz İsmayılov İsmayıl Barat oğlu, Bəşirov Fazil Arif oğlu, Quliyev Aqil Mehralı oğlu, Quliyev İlham İmamqulu oğlu, İsmayılov Möhlət Bəhmən oğlu, Paşayev Sabir Əziz oğlu və Nərimanov Elşad Əvəz oğlunun 30-cu anım ili idi, bu münasibətlə
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə anım tədbir keçirilirdi.
Gəncliyə Yardım Fondunda təşkil edilən anım tədbirini ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbiri açaraq sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü, şair Lalə İsmayıla verdi. Lalə İsmayıl 7 şəhid polisimizin ömür yolundan, qəhrəmanlığından söhbət açdı.
Sonra Milli Məclisin deputatları Səbinə Xasayeva, Aydın Hüseynov, Zəngilan rayon İcra başçısının müavini Xanım Rüstəmova qəhrəman şəhidlərimizin qazandıqları
“Qarabağ Azərbaycandır” adlı zəfərimiz barədə geniş söhbət açdılar.
AVMİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və yoldaşlarının çıxışları ilə, vətənpərvər mahnılar bəstəkarı Fərahim Sadiqin Əsgərnamə elegiyası ilə məclis canlandırəıdı. Tədbirin təşkilatçılarından müharibə veteranı, şəhid bacısı Lalə İsmayıla BÖYÜK ZƏFƏR xatirə medalı təqdim edildi.
Yeddi Məzarsız şəhidimizin şəhadətinin şahidi Zakif Abbasov gerçək qəhrəmanlarımız haqqında kitablar yazılması, onların xalqa layiqincə təbliğ edilməsi barədə arzu və istəklərini bildirdi.
Şəhid bacısı Gülizə İbadova,
Şəhid xanımı Sevinc Paşayeva öz çıxışlarında doğmaları barədə xatirələrini dilə gətirdilər, Gülizə xanım öz çıxışından sonra şəhid ailələrinə və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə Yeddi şəhidimizin şəkillərini hədiyyə etdi.
Keçmiş polis əməkdaşı Zöhrab Ağayevin taxta üzərində odla işlədiyi Yeddi Şəhid Polisimizin rəsm əsəri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə təqdim edildi.
Keçmiş Polis əməkdaşı Osman Vəliyevin çıxışında qəhrəman oğulların şəhid düşdükləri yerdə xatirə abidəsinin ucaldılması barədə təklifi Şəhid ailələrinin ürəyincə oldu.
Polis şəhidlərimizin anım günündə DİN-nin nümayəndələri də iştirak edərək, öz ürək sözlərini ailələrlə paylaşdıqlar. Zəngilan rayon 10 nömrəli məktəbin müəllimi İlhamə Quliyevanın şagirdləri ilə birgə hazırladıqları səhnəcik, Ağdam rayon 33 nömrəli məktəbin şagirdi Tünzalə Tağıyevanın, Qaradağ rayon, Elxan İsmayilov adına 253 nömrəli məktəbin şagirdi Mehrac Dünyamalıyevin söylədikləri şeirlər, İsmət Qayıbov adına 1 saylı məktəbin 2-ci sinif şagirdi Fərman Əzizovun ifa etdiyi "Azərbaycan" adlı nəğməsi ürəkləri riqqətə gətirdi.
Çıxışçılar arasında Azad Müəllimlər İctimai Birliyinin sədri, Bakı şəhər 35 nömrəli orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, “UNUTMADIQ” adlı, elə yeddi qəhrəman şəhidimizin də haqqında yazıların yer aldığı kitabı qonaqlara hədiyyə etdi. Şəhid anaları - Müşfiqimizin anası Aygün xanım, Cəmilimizin anası Aygün xanım, Zaur İsmayılzadənin anası Sevil xanım yeddi şəhidimizin ailəsinə “bizlər itirdiklərimizin əvəzinə Vətən qazandıq” deyərək
mənəvi dəstək oldular.
İstefada olan polkovnik-leytenant Bayram Məmmədov ta ki müharibənin ilk günlərindən Azərbaycan polisinin sərhədlərimizdə, vətənimizin müdafiəsi üçün apardığı mübarizə haqqında dəyərli fikirlər bildirdi.
Tədbir boyunca tədbir iştirakçılarına şəhidlərin ömür və döyüş yolu haqqında məlumat verildi, xalqımızın igid övladlarının göstərdikləri şücaətlərdən, Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə bitən Vətən müharibəsindən söz açıldı. Bildirildi ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir qəhrəmanımızın xatirəsi daim qəlblərdə yaşayacaq.
Sonda şəhidlərimiz haqqında videorolik izlənildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AMİN!
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)