Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
26 avqust - Laçın Şəhəri Günüydü! 26 avqust unudulmaz və bundan sonra həmişə bayram ediləcək tarixi gündür! Unudulmazlar unudulmazlar! Örnəyi, 1922-ci il avqustun 26-da qonşu qardaş ölkəmizdə Mustafa Kamal Paşanın öndərliyində başlamış Böyük Taarruz unudulurmu? Ondan yüzillər öncə (26 avqust 1071-ci ildə) Böyük Səlcuqlu Sultanı Alp Arslanın başqanlığında qazanılmış Malazgirt Zəfəri unudulurmu? Eləcə də, nə 44 günlük müharibədə (qardaş Türkiyənin unudulmaz mənəvi, siyasi dəstəyi ilə) qazandığımız Zəfər, nə də o Zəfər əsasında əldə edilmiş digər uğurlar, o cümlədən 26 avqust 2022-ci ildə Laçın şəhər mərkəzində bayraq ucaltmağımız undulmayacaqdır!
Qardaşlarımızla sıx işbirliyinə, Türk Dövlətləri Təşkilatına böyük önəm verən Azərbaycan Prezidenti bugünlərdə Macarıstana səfər etdi, ardınca Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi. Qardaş ölkə başçısı Bakı, Füzuli və Şuşada oldu; qardaş dövlət başçısının uçaq güzərgahı beləydi: Daşkənd-Bakı-Füzuli-Daşkənd… Biz Ankara-Füzuli-Ankara, Ankara-Zəngilan-Ankara güzərgahı ilə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın unudulmaz səfərlərini qədirşünaslıqla altun yaddaşa yazmışıq. (Mirziyoyevlə Ərdoğan arasında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Qarabağa səfər etmişdi). Budur, Laçın Beynəlxalq Hava Limanının təntənəli açılışına az qaldı - Prezident və xanımı Hava limanında tikintinin gedişi və görülmüş işlərlə tanış oldu (Bu, Laçın Şəhəri Günündən bir gün öncə baş verdi).. Təsəvvür edirsiz, bütün bunlar - Laçın ünvanlı böyük işlər nə deməkdir?!. Bu, çox möhtəşəm hadisələrdir, çox! - “5+2” deyib-durmuş, Qarabağdakı bir ovuc erməni üçün israrla status tələb edən Ermənistan və havadarlarının nəinki yaxın, heç uzaq planında belə Laçında Azərbaycan bayrağı görünmürdü. (İndi Laçın şəhərində həyatın bərpa edilməsindən başqa, Ermənistan-Azərbaycan şərti dövlət sərhəddində Laçın postumuz fəaliyyət göstərir).
Onlar Laçın və Kəlbəcər üçün öz diqtələrinə uyğun bədəməl “gələcək”dən savayı heç nə təsəvvür etmirdi. Hətta, 44 günlük müharibədən sonra belə, 2023-cü ildə azərbaycanlıların Laçında qaynar həyatı bərpa edə biləcəyinə inanmırdı ermənilər.
Laçında bayramıydı! Bu, yalnız laçınlıların, Azərbaycan xalqının deyil, haqq-ədalətə sayğılı hər kəsin, tərəqqipərvər insanlığın bayramı dəyərindədir! Bu, bizə oxşar taleli ölkələr, xalqlarçün örnək, model təşkil edir! 44 gün içində 30 illik işğala son verən, XXI yüzilin müharibəaparma mədəniyyətini nümayiş etdirən Azərbaycan, doğma yurda qayıdışın da örnəklərini, modellərini yaradır. Hətta ermənilər özləri belə üç onillik işğal dönəmi və dünya erməniliyinin, havadarlarının (və digər qaynaqların) təqribən 40 milyard dollardan artıq xərcləmələri qarşılığında Qarabağın miskin görkəmdə qaldığını deyir; onlar bunu, Azərbaycanın 2-3 il içində qurub-yaratdıqlarını görə-görə idrak edirlər. İdrak edirlər ki, bir qrup müftəxor, buraxma siyasi-hərbi dəllal sadə erməniləri avaragor günə qoyub. Dünyanı aldadan ermənilər məgər ilk növbədə elə özlərini də qəşəngcə aldadırmış! Cəhənnəmə ki!
Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev 25-26 apreldə Kəlbəcər və Laçında açılışlar etdi, təməlqoydu, tikinti-quruculuq sürəciylə yerindəcə tanış oldu, doğma yurda dönmüş laçınlılarla görüşdü və Şəhər Günü bayramında möhtəşəm nitq söylədi.
O möhtəşəm nitq köksümüzü qabartdı, dostlarımızı sevindirdi, dost ola bilməyənləri kədərə boğdu.
Sevinə bilmək Tanrı lütfü, sevinə bilməmək bəndə naqisliyidir. Çünki bizim bayramımız, Zəfərimiz ədalətə, əsalətə əsaslanır. Biz haqsızlığı durdurmuş, öz gücümüzlə işğala son vermişik. Əslində, Qarabağın erməni sakinləri üçün ədalət, insanca yaşam Azərbaycan bayrağı altında mümkündür. Çünki “bayraq” aldatmacası ilə onların başı üstünə qaldırılmış əski parçasının “ömrü”nə çox az qaldığı kimi, Ermənistan adlanan dövlətin bayrağının da uzunmüddətli olacağına zəmanət yoxdur. Kadastrsız (tapusuz) dövlət müstəqil yaşaya bilmir. - Belə olunca nə etməlidir? - Düsturu Müzəffər Ali Baş Komandan 33 ay öncədən verib:
“Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa.”(20.11.2020). Təbii, aydındır ki, başqa ölkənin tərkibinə ermənilər gedəcək, Ermənistan yox. Hələlik Ermənistan adlanan coğrafiyanın əsil yiyəsi yaxşı bilir, oraları necə gül-gülüstanlığa çevirmək olar…
26 avqust möhtəşəm günüydü!
26 avqust 26 avqustda qalmayacaq!
Hələ neçə və necə bayramlarımız olacaq!
BAYRAĞIMIZ UCA OLSUN!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)