“Ədəbiyyat və incəsənət” portalı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun yazısını təqdim edir.
Ermənistan rəhbərliyi birbaşa və ya dolayısı ilə Qarabağ İqtisadi rayonunun şimal hissəsinin baş kəndi olan Xankəndi şəhərinin ermənilərə məxsusluğu ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat yayırlar. Araşdırmalar göstərir ki, keçən əsrin əvvəllərinə, yəni 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər belə erməni millətindən insan yaşamayıb.
Və ermənilərin özününküləşdirmə siyasətinin qurbanına çevrilən Qarabağın Xankəndi şəhəri digər Azərbaycan şəhərlərindən daha gənc olması ilə fərqlənir. Etibarlı mənbələrdən əldə edilən məlumata əsasən, Xankəndi XVIII əsrin axırlarında mövcud olan müstəqil Azərbaycan dövləti Qarabağ xanlığında yaşayan zadəgan ailələr üçün istirahət mərkəzi kimi istifadə olunub. Xankəndi istirahət mərkəzi xanlığın paytaxtı Pənahabadın – indiki Şuşa şəhərinin 10 kilometrliyində, Qarabağ dağ silsiləsinin şərq yamacında kiçik bir düzəndə yerləşir.
İlk illər istirahət düşərgəsində sadəcə xan və onun ailəsi yaşayırdı. Məhz bu səbəbdən həmin bölgə el arasında "Xanın kəndi" (Xankəndi) kimi tanınıb. Lakin sonralar bu məntəqəyə sənətkarlar, tacirlər və digər peşə sahibləri köçüb, yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüyüb və genişlənib. Xankəndi şəhərinin 15 əsas məhəlləsi olsa da, 1918-1920-ci illərə qədər şəhər bir qədər böyüdüldü və məhəllələrin sayı 37-yə çatdı.
Xankəndində Qara Hüseyn, Məcidli, Alış, Yaşıl, Siyafur, İmam Əli, Xarrat usta Qulu, Ərminavan, Əyridam, Çaykənarı, Səmirabad, Sarı, Biləndərli, Yurdyer, Böyük, Mirzələr, Kiçik adlı ümumi sayı 17 olan məscid xidmət göstərib. Şəhər yaxınlığındakı qəbiristanlıqlarda 17 türbə, Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri, eyni zamanda, Seyid Məhəmməd, Kərki, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı, Böyük Pir ziyarətgahı kimi iman gətirilən inanc yerləri olub.
Mərkəzşəhər, Seyid Məhəmməd, Mahallı, Məcidli, Saatlı, Yazarlarar, Tarzənlər, Ağa, Xanbağı, Böyükbazar, Tacirlər, Yuxarı, Dağ, Aşağı, Baiqar və Üçyol Qurdları məhəllələri Xankəndi şəhərində ilk salınan 15 əsas məhəllə sayılır. Məşədi Əsədulla, Qayabaşı, Zəngəzurlular, Ozan, Qala, Təzə, Çaparxanlı, Xərratlar, Orta, Zadəganlar, Qarqar, Cüdürxan, Alakeşlər, Allahgərək, Kotanqaya, Böyük, Kiçik, Biləndərlilər, Qabıcıq-Hökmavar, Qoyqəşəm, Poylu və Şingədan kimi məhəllələr isə sonradan salınıb. Ümumiyyətlə, Xankəndi şəhərində yerləşən məhəllə adları içərisində heç bir erməni adına və ya toponiminə rast gəlinmir.
Bölgənin tarixi qaynaqlarında 1920-ci ilə qədər Xankəndi şəhərində yaşayan 1375 ailədən və təqribən 8 minə yaxın əhalidən bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. Qarabağ xanlığının Rusiya tərəfindən işğal edildiyi vaxta - 1805-ci il mayın 14-dək Xankəndi şəhəri, Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin mülkü hesab olunurdu. Yəni indiki Xankəndi şəhərinin yerləşdiyi ərazi, hər hansı etnik qrupa, millətə deyil, bir azərbaycanlı xanıma aid mülk olub.
Rusiyanın təzyiqi ilə İbrahimxəlil xan və Rusiya generalı Pavel Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçərək faktiki olaraq Rusiya tərəfindən işğal olundu. Daha sonra - 1806-cı ildə mayor Lisaneviç başda olmaqla rus hərbçiləri İbrahimxəlil xan və onun ailəsini qətlə yetirdilər. Rusiyanın Qarabağı işğal etməsi, Xankəndinin də taleyinə ciddi təsir etdi. İşğaldan dərhal sonra Xankəndində çarın ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Məhz bu səbəbdən həmin ərazi 1847-ci ildə hazırlanmış Rusiya hərbi xəritələrində rəsmi şəkildə Xankəndi adı ilə qeyd olundu.
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan keçmədi. Tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarında ruslar tərəfindən məskunlaşdırılan ermənilər illər sonra bölgəni mənimsəyib Ermənistan dövlətini yaratdılar. Bu hadisədən ruhlanan erməni millətçiləri Naxçıvan, Zəngəzur, Qarabağ və ümumilikdə bütün Azərbaycan torpaqlarına qarşı ərazi iddiası sürməyə başladılar. Həmin dövrlərdə cərəyan edən mürəkkəb siyasi proseslər zamanı erməni hərbi birləşmələri bölgədə azərbaycanlıların yaşadığı şəhər və kəndlərə hücum edib, dinc insanları öldürürdülər. Lakin 1918–1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində qismən erməni millətçilərinin Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu. Təəssüf ki, cümhuriyyətin süqutundan dərhal sonra ermənilərin Xankəndində məskunlaşdırılması sürətlə artmağa davam etdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında” dekret qəbul etdi. Həmin dekretə əsasən Xankəndi DQMV-in mərkəzi şəhəri elan olundu. Lakin 1923-cü il sentyabrında qədim Azərbaycan şəhəri olan Xankəndi Bakı Komissarları Sovetinin başçısı, çoxsaylı azərbaycanlının qatili Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.
Həmin dövrlərdə müxtəlif şəhərlərdən Xankəndinə köçürülən ermənilərin sayının sürətlə artması bölgədə yeni yaşayış evlərinin yaranmasına zərurət yaradırdı. Məhz bu problem ermənilərin Xankəndi şəhərində apardığı “yenidən qurulma” siyasətinin işə düşməsinə səbəb oldu. Bu faciəvi “yenidən qurulma” planı zamanı Xankəndi şəhərində yerləşən azərbaycanlılara məxsus qədim memarlıq abidələri, yaşayış evləri və inzibati binalar “köhnəliyin” əlaməti kimi dəyərləndirilərək kütləvi şəkildə söküldü. Şəhərin bəzəyi sayılan 37 məhəllə sökülərək ləğv edildi. Eyni zamanda, bütün tarixi-mədəniyyət abidələri, 15 məscid, 17 türbə, 5 ziyarətgah, 2 məbəd, 15 məhəllə və qəbiristanlıqlar xüsusi vəhşiliklə dağıdıldı.
Qədim abidələr sökülərək yerində yeni üçmərtəbəli, beşmərtəbəli yaşayış evləri tikildi. Azərbaycanın mədəni irsinin xarabalıqları üzərində yeni parklar, restoranlar, qastronomlar, erməni separatçılarının liderlərinin şərəfinə monumental heykəllər, qurğular inşa edildi. Xankəndi şəhərində məhdud sayda XVIII – XIX əsrə aid yaşayış evləri və inzibati binalar qalsa da, onların xarici interyerləri dəyişdirilərək tanınmaz hala salındı...
Şəkillərdə: Xankəndi indi və Sovetlər dönəmində ilk quruculuq illərində
“Ədəbiyyat və incəsənət”
(23.08.2023)