Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Şəhər, bir xəyalın təkrarıdır; hər küçə, zamanın arxasında itmiş bir melodiyanı xatırladır və hər bina, kədərli bir həqiqətin gizləndiyi, işıqsız bir göy üzüdür.
Qoynunda sülhün bütün motivlərini, eyni zamanda onun rəmzini daşıyan Sumqayıt şəhəri, zamanla sənaye mərkəzinə çevrilməsi ilə yalnız Azərbaycanın deyil, regionun da inkişafında mühüm rol oynamış bir şəhərdir. Onun qurulması, texnologiya və sənayenin inteqrasiyası ilə həyatın müxtəlif sahələrində yeni bir dövrün başlanğıcını qoymuşdur.
Bu şəhər, insan zəhməti və elmin birgə harmoniyası ilə formalaşan bir dinamizm və dəyişikliklər simvoludur. Şəhər, sanki göyərçinin yavaş-yavaş açılan qanadlarıdır - əvvəlcə titrək, ehtiyatlı, lakin hər çırpıntıda daha cəsarətli, daha əzəmətli. Hər yeni bina, elə bil, o qanadlara əlavə edilən yeni bir lələkdir - bir-birinə calanaraq göyə daha da yaxınlaşır. Asfalt yollar göyərçinin uçuş trayektoriyası kimi şəhərin bağrını çaparaq uzaqlara doğru yol alır, hər küçə döngəsi isə qəfil dəyişən külək axınıdır. Şəhər də göyərçin kimi bəzən dayanır, nəfəsini tutur, amma sonra qəfil sürətlə irəli atılır - zirvələrə, ucalığa doğru.
Günəş şüaları binaların şüşələrində parlayanda, elə bil, göyərçinin qanadlarındakı çiy damlaları şəfəqdə yanır. Hər yeni gün, o göyərçinin yenidən uçmağa qərar verdiyi bir başlanğıcdır daha uzağa, daha yuxarıya, bəzən də görünməz bir hədəfə doğru.
Şəhərin tarixinə nəzər salsaq, bir sıra əfsanələrə şahid olmağımız qaçınılmazdır. Bu əfsanələrdən birinə görə qədimlərdə belə bir hadisə baş verib:
Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa getdi. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilmir.
Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası.
Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.
Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: “ Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur, yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”
Aparılan tədqiqatlara əsasən 7-ci əsrin əvvəlində Sumqayıtın ərazisində pers tayfaları yaşayırdı. Bu vaxtlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş və arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansaray qalıqları bu fərziyyəni təsdiq edir.
Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir. Fransız yazıçısı A.Düma 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz etməkdədir.
Azərbaycan Respublikasında əhalisinin sayına və sənaye əhəmiyyətinə görə paytaxt Bakıdan sonra ikinci olan respublika tabeli şəhərdir Sumqayıt. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midyalılar məskunlaşıb.
Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,
"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."
Sovet İttifaqı rəhbərliyi Abşeron Yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır, lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi.
Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947–1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi. Sumqayıtın tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.
Sumqayıtın əsası, zəhmət və əzmkarlıqla qoyulmuşdur. Şəhərin sənaye inkişafı, yalnız bir istehsal gücü yaratmaqla kifayətlənməmiş, həm də şəhər sakinlərinin həyat tərzini, mədəniyyətini və sosial strukturunu dərin şəkildə dəyişdirmişdir. Sənayenin yüksəlişi, bir tərəfdən şəhərə iqtisadi güc və rifah gətirsə də, digər tərəfdən də bir çox sosial və mədəni dəyişiklikləri ortaya çıxarmışdır. Bu dəyişikliklər, şəhərin həyatını təzələyərək, gələcəyə doğru daha dinamik addımlar atmasına səbəb olmuşdur. Sumqayıtın hər bir bölgəsində bu inkişafın izləri aydın şəkildə görünür — sənaye sahələrinin artması, yeni yaşayış məntəqələrinin qurulması və şəhərin sosial həyatı ilə bağlı müxtəlif yeniliklər və s. Bu gün Sumqayıt, keçmişin izlərini qoruyaraq, gələcəyə doğru sürətlə irəliləyir. Şəhər, əsrlər boyu yaşadığı dəyişikliklərin hər birini, özündə birləşdirərək daha da böyüyür və inkişaf edir. Bu inkişaf, yalnız iqtisadi və sənaye sahələrində deyil, eyni zamanda şəhərin sosial həyatında, mədəniyyətində və infrastrukturunda da özünü göstərir. Sumqayıt, artıq təkcə sənaye mərkəzi olmaqla kifayətlənməyib, həm də daha yaxşı bir gələcək üçün öz əhalisinə yeni imkanlar yaradır. Hər yeni inşa edilən bina, hər yeni açılan yol, bu şəhərin daha da böyüməsinə və inkişaf etməsinə səbəb olur.
Bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Qarabağda əldə etdiyimiz tarixi Zəfər bizə imkan verir ki, bütün sahələrdə dinamik inkişafa nail olaq, iqtisadiyyatımızı daha da yüksəldək.
Sumqayıtın inkişafına xüsusi həssaslıqla yanaşan cənab Prezident şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin fəaliyyətilə daim yaxından maraqlanır, Sumqayıtda sənayenin inkişafı ilə bağlı qərarlar verir. Sumqayıtda fəaliyyət göstərən kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri hazırda var gücləri ilə fəaliyyət göstərirlər. “Azgüntex” zavodu, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, “Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər zavodu, pestisid və aqro-kimyəvi məhsulları, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Azərbaycan iqtisadiyyatında böyük paya sahibdirlər. Sumqayıtdakı “SOCAR Karbamid” və “SOCAR Polymer” zavodları respublikamızın ixrac potensialını artırır.
Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə Cənubi Qafqazda ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. 583,5 hektar ərazidə yerləşən parkda 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 3,4 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 35 faizi ixrac olunub. 9 min nəfərə yaxın vətəndaşın daimi işlə təmin olunduğu parkda istehsal olunan məhsullar 60-a yaxın ölkəyə ixrac olunur.
2024-cü ilin ilk doqquz ayında Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif sahələrində nəzərəçarpacaq inkişaf müşahidə olunub. Bu dövr ərzində ümumi məhsul və xidmətlərin həcmi 3 milyard 547 milyon 371,8 min manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir. İqtisadiyyatda istehsal sektorunun ümumi məhsul buraxılışında xüsusi çəkisi 84,8 faiz, xidmət sektorunun payı isə 15,2 faiz təşkil edib.
Sənaye sahəsindəki göstəricilərdə də artım müşahidə olunur. Faktiki qiymətlərlə sənaye məhsulu və xidmətlərin ümumi dəyəri 2 milyard 849 milyon 209 min manat olub və sabit qiymətlərlə 106,8 faiz səviyyəsində artım qeydə alınıb. Bu nəticələr Sumqayıtın sənaye potensialının gücləndiyini və iqtisadiyyatında yeni dəyərlərin yarandığını göstərir.
Qeyd etməkdə fayda vardır ki, Sumqayıt şəhəri təhsil sahəsində də böyük bir inkişaf dövrü yaşamışdır. SDU-da universitet-sənaye əlaqələrinin genişləndirilməsi istiqamətində uğurlu addımlar atılır və qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılması olduqca əhəmiyyətlidir. Bu istiqamətdə görüşlərin təşkili də vacib amillərdəndir. Heç şübhə yoxdur ki, rektor, dosent Rüfət Əzizovun başçılığı altında universitetimiz çiçəklənməyə və qlobal səviyyədə inkişaf etməyə davam edəcək. Son illərdə atılan xüsusi addımlar və görülən işlər bunun xüsusi sübutudur.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü ifadə etdi. Bildirdi ki, ali təhsil müəssisələrində innovasiya və elmi-tədqiqat zəruridir. Bu səbəbdən də universitetlər öz iş mexanizmlərini uyğun qurmalı, zamanın tələbinə uyğun planlamalıdır. Ali təhsil müəssisələrində tədrisdə məzmunun yenilənməsində birgə fəaliyyət istiqamətləri, elmi-tədqiqat layihələrində birgə əməkdaşlıq aparılmalıdır.
Sumqayıtın sakinləri, burada yaşayan hər bir insan, şəhərin inkişafında müstəsna rol oynayaraq, bu şəhəri dinamik, gələcəyə ümidlə baxan bir yerə çevirirlər. Hər bir insanın zəhməti və özünəməxsus töhvəsi ilə şəhər daha gözəl və hər kəs üçün daha yaxşı bir gələcək vəd edir. Bu gün Sumqayıt, yalnız sənaye ilə deyil, həm də mədəniyyət, təhsil və sosial inkişafla bağlı yeni hədəflərə doğru gedir. Şəhərin bu inkişaf yolunda hər bir addım, gələcəkdə daha da böyük uğurların başlanğıcı olacaq.
Bu şəhər, göy üzündəki buludların oyununda bir nağıl kimi doğur, hər yeni gün isə başqa bir aləmdən gələn bir işıq kimi yol alır – görünən və görünməyən sərhədləri bir-birinə qarışdıraraq.
Sumqayıt, sanki zamanın və məkanın qovuşduğu bir üfüqdə itən bir sirrdir. Hər addımda keçmişlə gələcək arasında nazlı bir rəqs başlayır, şəhər öz sirli nağılını səssizcə fısıldayır. Hər bir bina, hər bir küçə, təkcə gözlə görülən deyil, eyni zamanda ruhda iz qoyan, illüziya kimi solub gedən bir xatirəyə çevrilir, şəhərin havasında yox olan, amma hər an duyulan bir melodiyanın notları qulaqlara çırpılır.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)