Sumqayıtda möhtəşəm bayram konserti keçirilib

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

26 noyabr... Bu gün şəhərin mərkəzi meydanı - Sumqayıt Dövlət Dram Teatrının qarşısı bayram libası geyinib. Axşamüstüdür. Hava bir qədər sərinləşsə də hamı buraya axışır. 

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri də meydana təşrif buyururlar. Uşaqlar da, gənclər də, orta və yaşlı nəslin nümayəndələri də sevinc, fərəh içindədilər. Burada doğma şəhərimizin 75 illik yubileyi münasibətilə bayram şənliyi təşkil olunub. Həmçinin Almaniyadan və Polşadan gələn qonaqlar iştirak edir.

Repreduktorlar vasitəsilə Sumqayıtın şəninə xoş sözlər deyilir, şəhərin keçdiyi tarixi yola bir daha nəzər salınır.

Çox keçmir ki, tədbirin aparıcıları Saleh Bağırov və Lalə Azərtaş səhnəyə daxil olurlar və meydana toplaşanları, bütün sumqayıtlıları əlamətdar gün - şəhərimizin 75 illik yubileyi münasibəti ilə təbriklərini çatdırırlar. Sonra səhnə respublikamızın tanınmış sənət adamlarına verilir. Zülfiyyə Xanbabayeva, Miri Yusif, Nadir Qafarzadə, Fidan Hacıyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Azər  Zeynalov, Aşıq Əli, Aşıq Samirə, Çinarə Məlikzadə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirakçılara bol-bol fərəh dolu anlar bəxş edirlər. İncəsənət ustalarının, müğənnilərin, rəqs qruplarının çıxışları alqışlarla qarşılanır. 

Yubiley tədbiri möhtəşəm atəşfəşanlıqla sona çatır. Göy üzü al-əlvan rəngə boyanır, qəlbləri coşdurur, ürəkləri sevindirir. 

Yaşa, min yaşa, gözəl və əzəmətli şəhər! 

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.