Sumqayıt Dövlət Dram Teatrı dünən və bu gün Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Mənim üçün teatr Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir məkandır.

 

İlyas Əfəndiyev, Xalq yazıçısı 1949-cu il ilin noyabrında Sumqayıt şəhər statusu aldıqdan sonra Azərbaycanın bölgələrindən, habelə o vaxtkı İttifaqın müxtəlif şəhərlərindən gənclər işləmək üçün Sumqayıta üz tutdu. Sumqayıt nəhəng inşaat meydanına çevrildikcə zəhmətkeş gənclərin asudə vaxtlarının təşkili və sosial-mədəni ehtiyaclarının ödənilməsi zərurəti də meydana çıxırdı. Beləliklə, kitabxanalar, klublar, mədəniyyət evləri, rəqs meydançaları yaranmağa başladı. Klubların musiqi qrupları ilə yanaşı, xalq teatrı dərnəkləri də güclü inkişaf edirdi. 1968-ci ildə Azərbaycan teatrları sırasına bir sənət ocağı da qoşuldu. Sumqayıtda - gənclik və quruculuq şəhərində Sumqayıt Dövlət Gənclər Teatrı açıldı. Teatrın ilk baş rejissoru Nəsir Sadıqzadə təyin edildi.

1969-cu ilin martında isə gənc teatr ilk dəfə öz pərdələrini sumqayıtlıların üzünə açdı. Xalq artisti Cənnət Səlimova böyük mütəfəkkir, dramaturq M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyasına quruluş verdi. Bəstəkarı Emin Sabitoğlu idi.

Sumqayıtlı gənclər səhnə əsərini böyük maraqla qarşıladılar.

Bir il sonra sənət ocağı Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı adlandırıldı. Burada dünya və Azərbaycan dramaturgiyasından incilər uğurlu səhnə taleyi yaşadı. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində ünlü sənətkarlar çıxış ediblər. Ötən əsrin 70-ci illərində görkəmli rejissor Ağakişi Kazımov Nəcəf bəy Vəzirovun "Müsibəti- Fəxrəddin" faciəsinə quruluş verərkən baş rollara korifey sənətkarlar Rza Əfqanlı və Barat Şəkinskayanı dəvət edib. Habelə sonraki illərdə Məlik Dadaşov, Kübra xanım Əliyeva, Ramiz Novruz, Hacı İsmayılov, Vaqif Əliyev, Hicran Hüseynov, Afaq Bəşirqızı, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur və başqaları bu teatrda obrazlar qalereyası sərgiləyiblər.

80-ci illərdə tamaşaya qoyulan "Qoy bütün Şərq bilsin" dramı böyük əks-səda doğurdu. Nəriman Həsənzadənin mənzum dramına görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov quruluş vermişdi. Doktor Nəriman Nərimanov obrazına Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Məlik Dadaşov dəvət almışdı. Dövlət başçısı Heydər Əliyev yaradıcı heyətə yüksək qiymət vermiş və tamaşanın Moskvada oynanılmasına təşəbbüs göstərmişdi.

Sumqayıt Dövlət Dram Teatrı müstəqillik illərində də yetərincə uğur qazanıb və öz repertuar siyasətində milli mücadilə tarixinə, yurd sevgisinə, hərbi vətənpərvərlik tərbiyəsinə, milli-mənəvi dəyərlərə önəm verib. Yaradıcı heyət Hindistan,Türkiyə, Ukrayna, Türkmənistan, Gürcüstan, Rusiya səfərlərində tamaşaçıların diqqətini çəkməyə nail olub.

Sumqayıt teatrı yaradıcılıq bazası olub. Respublikada tanınmış sənətkarlardan çoxunun ilk fəaliyyət məkanı məhz Sumqayıt Dövlət Dram Teatrı olub. Yaradıcı heyət illərdir ümumşəhər tədbirlərində şəhər icra hakimiyyəti ilə birgə böyük layihələr gerçəkləşdirir. Sənət məbədinin repertuar siyasətində aktual, kreativ mövzular önəm daşıyır. Məhz Sumqayıt Dövlət Dram Teatrının səhnəsində ilk dəfə Ulu Öndər Heydər Əliyevin bədii obrazı yaradılıb. Aqşin Babayevin "Xilaskar" əsərində Xalq artisti Firudun Məhərrəmovun quruluşunda Ulu Öndərin bədii obrazını Əməkdar artist Namis Şirməmmədov canlandırıb.

Yazıçı Hidayət Orucovun yazdığı, Xalq artisti Firudun Məhərrəmovun quruluş verdiyi "Burdan min atlı keçdi" tamaşasında isə Heydər Əliyevin imperiya içində milli mücahidləri qoruması və dövrün ictimai-siyasi mənzərəsi verilir.

44 günlük Vətən müharibəsinə, möhtəşəm Zəfərə teatr öz töhfəsini verib. Hafiz Ataxanlının yazdığı, Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi "Missiya" qəhrəmanlıq dramı son illərin ən uğurlu tamaşaları sırasındadır. Habelə Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Xeyir xəbər" əsəri müharibə mövzusundadır. Əsərə gənc rejissor Fuad Cavadzadə quruluş verib. Xatırladaq ki, Sumqayıt Dövlət Dram Teatrının bina problemi köklü şəkildə həll edilmiş, məkanın yüksək səviyyədə yenidən bərpasına və təmirinə nail olunmuşdur.

Şəhərimizin yubileyi də Sumqayıt Dövlət Dram Teatrının səhnəsində öz əksini tapıb. Əli Əmirlinin "Sevgilim Sumqayıt" əsərində bir gəncin taleyi kontekstində Sumqayıtın inkişaf yolunun xəritəsi cızılır.

Quruluşçu rejissor Fuad Kazımov balacalar üçün çox maraqlı bir tamaşa hazırlayıb. Dyula Urbanın "Şoma və Fruji" əsəri sədaqəti, dostluğu, saf məhəbbəti və mübarizə aparmaq prinsipiallığnı təlqin edir. Daha bir uşaq tamaşası isə bu günlərdə təhvil verilib. "Sehrin gücü" nağıl tamaşasının quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov, rejissorları Əməkdar artist İlahə Səfərova və Ləman Məmmədlidir.

Gənc rejissor Ümid Abbas S.Mrojekin "Mühacirlər" əsərini "Mənfi 1" adı ilə işləyərək quruluş verib. Səhnə əsərində gənc aktyorlar Kamran Muradlı və Elay Xasıyev maraqlı oyun nümayiş etdirirlər.

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti mütəmadi olaraq Mədəniyyət Nazirliyinin təşkil etdiyi festivallara, bədii qiraət müsabiqələrinə, monotamaşalar yarışmasına qatılır və mükafatlandırılır. Həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi Qonaq Teatr layihəsi çərçivəsində Aktyor evində teatr tamaşalar nümayiş etdirib və diplomlara layiq görülüb.

Sumqayıt Dövlət Dram Teatrı hazırda yeni inkişaf mərhələsindədir. Təzə təyin olunmuş direktor Samir Şəfiyev çağdaş teatr tələblərinə bələd mütəxəssisdir. Uzun müddət mədəniyyət sferasında məsul vəzifələrdə işləyib. Ümumşəhər tədbirlərində təşkilatçı rejissor olub. Hazırda teatr rəhbərliyi bir sıra layihələr üzərində çalışır. Qərbi Azərbaycan icmasının dəstəyi ilə Hidayət Orucovun “İrəvanda nəyim qaldı” əsərinin səhnə həlli tapması da növbəti il üçün planlaşdırılır. Quruluş Xalq artisti Firudin Məhərrəmova məxsus olacaq.

Qabaqcıl, müasir ideyalara söykənən Sumqayıt Dövlət DramTeatrı son illərdə yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxıbdır, əhalinin milli-mənəvi inkişafında mühüm rol oynayır və bu tərəqqiyə töhfələr bəxş edir.

İnanırıq ki, qarşıdakı illərdə də teatr bir-birindən maraqlı tamaşaları ilə daha böyük uğurlara imza atacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.