“İnsan haçan unuduldusa, bu onun ölümüdür” – MƏMMƏD İLQARLA MÜSAHİBƏ Featured

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri – “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıt şəhərinin 75 illiyinə həsr edilmiş “Sumqayıtın tanınmış qələm adamları” layihəsində növbəti görüşdə sizləri xoş gördük. 

Müsahibimiz ŞAİR adından başqa heç bir fəxri adı və mükafatı olmayan, işemik insult nəticəsində yaddaşını və sağlamlığını itirmiş gözəl şairimiz Məmməd İlqardır.

 

Mənim təcnis dostum, gəraylı dostum,

Yaddaşı ilqarsız, ilqarlı dostum.

Sənin yaddaşının itdiyi gündən,

Mənim bütün dostlar çıxdı yadımdan.

               (Sabir Sarvan)

 

 -Necəsiz, Məmməd müəllim?

 

-Pis deyiləm, bala. Ancaq, heç deyəsən, yaxşı da deyiləm. 

 

-Ağrıyan yerinizmi var?

 

-Yox əşi, elə ağrıyan yerim zadım yoxdu. Elə belə dedim.

 

-Şairlər hardan gəlib, niyə bu dünya onları sıxır, darıxdırır?

 

-Mən şairləri ilahiləşdirməyi sevmirəm.  Bilmirəm, yaxın dostlardan kiminsə sözüdür: “Bir ananın balasıdır şairlər", mənim də qənaətim belədir. 

(Oğlu Babək kömək edir: -Ağamalı Sadiq Əfəndinin sözüdür.)

Ağamalının sözüdür? Ay sağ ol. Elə Ağamalı da sağ olsun. Sual necəydi, unutdum. 

(Oğlu yenə kömək edir: -Şairlər hardan gəliblər və niyə darıxırlar?)

Darıxmaq...Mənim belə bir şeirim var:

 

"Dünya sənin anan ölsün

Bic oğlu bic dünyasanmış.

Hayıf mənim göz yaşıma

Sən ki gülünc dünyasanmış.

 

Çırpındım uça bilmədim,

Barından keçə bilmədim.

Elə qapıların oldu,

-qılıqsız aça bilmədim...

Anan ölsün, gidi dünya"...

 

Məncə, sualınızın cavabı elə bu şeirdədir. 

(Oğlu yenə düzəliş edir: "İntəhası, şeirin müəllifi sən yox, Ağamalı Sadiq Əfəndidir").

Bilirəm hə, Ağamalınındır. 

(-Sən dedin, mənim şeirimdir -oğlu xatırlatmağa çalışır.)

Mən elə şey demərəm. Ağamalının şeiridir! (Qətiyyətlə deyir, həm də elə bil, əsəbiləşir oğluna.)

 

-Bir çox şairlər kimi Sumqayıt “sizin də ilham mənbəyiniz” olub. Burda ağlamısınız, burda sevinmisiniz. Çoxmu sevirsiniz bu şəhəri? Az da olsa, siz  xöşbəxt edibmi bu şəhər? 

 

-Hə, Sumqayıtda yaşamışam. Evimiz olub orda. İntəhası elə də çox xatırlaya bilmirəm. Məsələn, soruşsanız harda, hansı küçədə yaşamışam, xatırlaya bilmərəm. Gərək uşaqlara deyim, bir gün aparsınlar məni Sumqayıta.

(-Hal-hazırda Sumqayıtdayıq, -oğlu yenidən xatırladır.) 

Doğrudan? -təəccüblənir,- Bura kənd deyil ki? Həə, elə bildim kənddəyik.

(Əliylə saçına daraq çəkib baxışlarını pəncərəyə dikir.)

Sumqayıtda gözəl günlərim olub, bilirəm. Bir başqa vaxt yadıma salıb danışaram.

 

-Sabir Sarvanın hansı şeirini daha çox sevirsiniz? Onu tez- tezmi xatırlayırsınız? 

 

-Sabir dostumdu mənim. Həm də gözəl şairdi. Çoxdandı görmürəm onu. Siz görüb eliyirsinizmi onu?

(Ortalığa sükut çökür. Baxışlarını üzlərdə gəzdirib cavab ala bilməyəndən sonra əlavə edir:)

Görsəniz, salam deyin ona. Deyin, Məmməd İlqar salam deyir, tanıyacaq məni. (Dediyindən şübhəyə düşüb yenidən əlavə edir:)

Hər halda tanıyar, elə bilirəm.

 

-Fələyin yaxası əlinizə keçsəydi ona nə deyərdiniz?

 

-Fələyin yaxasının əlimə keçməyi üçün gərək əvvəlcə mənim yaxam fələyin əlinə keçə. Yəni, gərək əvvəlcə öləm.

(Üzümüzdə təbəssümü görüb o da istehzayla gülümsəyir.)

 

-Allah gecindən versin, deyək ki, tutalım bir gün bu baş verdi. Onda nə deyərdiniz fələyə? 

 

(Yenə əlini daraq edib saçına çəkir. Xeyli sükutdan sonra dillənir:)

O vaxt bir şeir yazmışdım:"Məni baxtıma tapşırma", yəqin onu deyərdim. 

 

 -O şeiri bütövlüklə deyə bilərsiniz? 

 

-Yadıma salan olsa deyərəm!

("Dağın bir üzü görünməz,

Dərdin tüstüsü görünməz"-oğlu şeirin əvvəlini xatırladan kimi qalanını özü deyir:)

 

"Dağın bir üzü görünməz,

Dərdin tüstüsü görünməz.

Kimsən, a gözəgörünməz?

Haqqın taxtını aşırma!

 

Yetər bunca sınadığın,

Çək üstümə qanadını.

Ta arzumu inadımın

Ölən vaxtına tapşırma.

 

Ən zulumlu dərdə tapşır,

Bu yiyəsiz yurda tapşır.

İtə tapşır, qurda tapşır-

Məni baxtıma tapşırma..."

 

(Şeiri bitirib içini çəkir.)

 

 -Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?

 

-Sumqayıt mənə dostlar verdi, Allah hamısının canını sağ eləsin. Uşaqlarım bu şəhərdə doğuldu. Aldıqlarını deyə bilmərəm, bir az çətin sualdı.

 

-Azərbaycan ədəbiyyatında sayılıb- seçilən imzalardsınız. Amma indiyə kimi heç bir fəxri ad və mükafat almamısınız.Bu tale məsələsidi,yoxsa? 

 

-Yəqin ki, o dediyiniz mükafatlara, adlara layiq şeir yazmamışam hələ, ona görə. Bu gün sayıb məni axtarırsınızsa bu da mənim bəsimdi. Elə mükafat sayıram bunu. Dostlarımı da mükafat sayıram özümə.

 

-Həyat nədir, insan niyə dünyaya gəlir? Heç özünüzün özünüzə suallarınız olur? 

 

-Bu sualınızın cavabı ölümdə gizlənib. Ölməmiş bu sirri faş etmək mümkünsüzdür. Ancaq insan dünyaya gəldisə bütün hallarda əxlaqlı olmalıdır. Özünü tərbiyə etməlidir. Başqalarının yaşayışına yaxşı mənada təsir etmək gücündə deyilsə, o adamlara zərər də verməməlidir. İnsanı digər canlılardan fərqləndirə biləcək əsas keyfiyyət də məncə budur.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı? 

 

-Şəhər rəhbəri Şakir Abışovdumu? Mənim dostumdu.

(Qətiyyətlə deyir. Araya xeyli sükut çökür.)

(Düzəliş edirəm:)

 

-Xeyir, Məmməd müəllim, Zakir Fərəcovdu şəhərin rəhbəri. Şəhərimiz üçün, mədəniyyətimiz üçün xeyli işlər görüb, ədəbiyyata, sözə, sənətə dəyər verir.

 

(Susur)

-Eləmi, bala?

 

-Bəli, Məmməd müəllim.

 

-Nə bilim, ay bala, mən çoxdandı Sumqayıta getmirəm, kənddə oluram...

(Gözləri yol çəkir)

Elədirsə, demək onu rəhbər təyin etməkdə yanılmayıblar. İşlərində uğurlar arzulayıram Zakir müəllimin. Allah köməyi olsun!

 

-Sizi daha çox nə güldürür və nə ağladır? 

 

-Üzümü nəvəm İlqar güldürür bircə, hardadı o?

(Gözü İlqarı gəzir.)

 

 -Bəs sizi nə ağladır, Məmməd müəllim?

 

-Nə ağladır yox, xanım, kim ağladır soruşsaydınız mən də deyərdim Fatma (xanımını deyir) ağladır.

(İstehzayla gülümsəyir.) 

 

- Ölüm var olmaqdı, sizcə? 

 

- Ölümdən nə çox danışdıq (gülümsəyir yenidən).  Elə ölülər var ki, aramızda yaşayır. Yəni yaddaşımızda, könlümüzdə yaşayır. İnsan haçan unuduldusa,

 bu onun ölümüdür.

 

 -AYB Sumqayıt bölməsinin işindən razısınızmı? 

 

-Hal- hazırda heç kimdən narazı deyiləm. 

 

 -75 yaşlı gənc şəhərimizə arzunuz. Şəhərimizin 75 illik yubileyi ərəfəsində istək və təklifləriniz? 

 

-Sumqayıtı nəzərdə tutursunuz da?

 

-Bəli. Bu il şəhərimizin 75 illik yubileyidir. Yeri gəlmişkən, üzümüzə gələn bu yaxın aylarda sizin də 75 yaşınız tamam olur. Bəri başdan sizi təbrik edib, uzun, sağlam ömür arzulayıram sizə. 

Həmyaşıdınız sayılan doğma şəhərimizə- Sumqayıtımıza arzularınızı eşitmək istəyərdik.

 

-Əmin-amanlıq arzulayıram. Evlərimizdən körpə qığıltılarının, körpə gülüşlərinin səsi gəlsin. Ağ yuxular yatıb, aydın sabahlara çıxsın Sumqayıtımız. 

 

-Ürəyinizdən keçən bir bənd şeir?

 

-"Dünya, sənin anan ölsün,

 Bic oğlu bic dünyasanmış

Hayıf mənim göz yaşıma,

Sən ki, gülünc dünyasanmış"

(Yenə Ağamalı Sadiq Əfəndidən bu parçanı deyir.)

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.