Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Noyabrda Sumqayıt şəhəri öz 75 illiyini qeyd edəcək. Sumqayıtı bizlərə sevdirən nəsnələr çoxdur. O cümlədən, bu sırada Sumqayıt bulvarı dayanır!
Azərbaycanımız hər zaman öz gözəlliyi, ecazkarlığı ilə dünyanın diqqətini çəkməkdədir. O, gündən-günə daha da inkişaf edir, çiçəklənir.
Bu tərəqqidə digər şəhərlər kimi Sumqayıtımızın da böyük payı vardır. 1949-ci ildə yaradılan Sumqayıt hər ötən gün daha da gözəlləşməkdə, daha da inkişaf etməkdədir. Bu şəhərin digər adı isə “Gənclik şəhəri” dir. Mənzərələri, parkları, abidələri ilə yanaşı müasir tikililəri də göz oxşayır, sevilir. Onun ən gözəl məkanlarından biri də şübhəsiz ki, Sumqayıt Bulvarıdır. Xəzər dənizinin sahilində yerləşən bulvar 2016-cı ildə yaradılmışdır. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da bulvarın əsas hissələrindən birini təşkil edir. Bulvarda kiçikölçülü avtobuslar, elektromobillər və velosipedlərdə sahilboyu xüsusi hərəkət zolağı ilə gəzintiyə çıxmaq da mümkündür. Ərazidə 200 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilməklə yanaşı müasir işıqlandırma sistemi də quraşdırılmışdır. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da mövcuddur. “Bayraq muzeyi” bulvara səyahətə çıxanların maraqla qarşıladığı məkanlardan biridir. Əməkdaşlar türkün müzəffər bayraqlarını açıq havaya çıxardaraq musiqi sədaları altında bulvarın daxilində gəzdirir və məlumat verirlər. Bulvarda vaxtaşırı kitab sərgiləri də təşkil edilməkdədir. Həmçinin hər həftənin şənbə günü bulvarda mətbəx sərgisi keçirilir və mətbəximizin ləziz nemətləri nümayiş etdirilir. İlham Əliyevin cənablarının möcüzə adlandırdığı Sumqayıt Bulvarının 2017-ci il iyulun 3-də İspaniyanın paytaxtı Madrid şəhərində, ardlnca da növbəti ildə Fransanın paytaxtı Paris şəhərində “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülməsi də xüsusi qeyd olunmalıdır.
Sumqayıtla yanaşı, Sumqayıt Bulvarı da hər il yenilənməkdə, daha da abadlaşmaqdadır.
“Ədəbiyyat və incəsənət”
(21.09.2024)