Azərbaycanlı rəssam Avropa Təbiət Elmləri Akademiyasının medalına layiq görülüb

Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Peşəkar Rəssamlar İttifaqı və Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü Nəcməddin Hüseynov Avropa Təbiət Elmləri Akademiyasının “Şərəf” medalına layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Səbinə Yusif məlumat verib. 

 

1955-ci ildə Qazax rayonunun Çaylı kəndində dünyaya göz açan və hazırda həmin kənddə yaşayıb-yaradan N.Hüseynov 1977-1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Əsasən abstraksionizm və ekspressionizm üslublarında işləyən rəssamın “Qaçqınlar”, “Hücumdan sonra”, “Xocalı faciəsi”, “Həlledici an”, “Müharibəli Novruz”, “Savaşın sonu” və s. əsərlərində müstəqillik dövrünün təzadlı hadisələrinə münasibəti özünün obrazlı-assosiativ bədii həllini tapıb. Müəllifin “Külək”, “Bizim məhəllə”, “Ay işığı”, “Göyəzən”, “Çaylı”, “Noyabr” və s. əsərləri isə təbiətin və günün müxtəlif anlarının yaddaqalan, duyğulandırıcı bədii təsvirləridir.

Rəssamın Gəncədə, Qazaxda və Bakıda sərgiləri təşkil olunub, ümumilikdə 200-dən çox əl işi nümayiş etdirilib.

Avropa Təbiət Elmləri Akademiyası 2002-ci ildə Almaniyanın Hannover şəhərində yaradılıb. Avropa xalqlarının ümumi elm və mədəniyyətinin bir-birinə yaxınlaşdırılması və demokratik dəyərlərin təbliği ilə məşğuldur.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.