Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının növbəti qalibi elan edildi - nəticə gözlənilməz oldu Featured

Gecə saatlarında Londonda Buker mükafatı laureatının adı elan edildi. 

Nobel ədəbiyyat ödülündən sonra ikinci pillədə qərarlaşan Beynəlxalq Buker mükafatının nüfuzu barədə çox deyilib, çox yazılıb. Bu dəfə növbəti Buker laureatının adı Londonda elan edildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı Week-end-ə istinadən xəbər verir ki, nüfuzlu ədəbi mükafatın qısa siyahısına 6 əsər daxil edilmişdi, bunlardan birinin müəllifi kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşmək şərti ilə 50 min funt-sterlinq (təqribən 100000 manat) aldı. 

6 nominant Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyanı təmsil edirdi. Bolqar və katalon dillərində yazılmış əsərlər ilk dəfə namizədlərin qısa siyahısına daxil edilmişdi. 

İndi isə nominant siyahısını təqdim edirik: 

 

Georqi Qospodinov, Bolqarıstan, “Zaman sığınacağı”, 

 

Eva Baltasar, İspaniya, “Qaya”, 

 

Qvadelupe Nettel, Meksika, "Yenicə doğulmuş", 

 

Patrik Arman-Qbaka Breden, Kot-d’İvuar, “Mütəmadi ağır”, 

 

Çeon Myan Kvan, Cənubi Koreya, “Balina”, 

 

Mariz Konde, Fransa, “Yeni dünyanın İncili”.

 

Bəs ən şanslı kim idi? “Ədəbiyyat və incəsənət” sualla bağlı peşəkar kitab redaktoru və ədəbiyyat funksioneri Nadir Cəfərova müraciət etmişdi. Nadir Cəfərovun fikrincə, əsas favorit ənənəvi ədəbiyyat ölkələri sayılan Fransa və İspaniya təmsilçiləri Konde və Baltasar idilər. Amma son illərdə daim gözlənilməz qərarlara şahid olduğumuzdan, güman ki, bu dəfə Buker mükafatını siyasi gedişlərə uyğunlaşdıraraq dünyaya nüvə silahı təhlükəsi yaradan Cənubi Koreya təmsilçisinə vermək jesti nümayiş etdirəcəllərini demişdi. 

Amma tam fərqli bir nəticə oldu. 

Bolqar nasir və şairi Georgi Qospodinov “Zaman sığınacağı” romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi oldu.

Nəticəni Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani bildirdi.

Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırdı. 

Mükafatın qalibi 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq. Bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmamışdı. Əsər Qospodinovun Böyük Britaniyada çap olunan ilk romanı idi. 

Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.