“Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək
Ölkəmizdə fəaliyyət göstərən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi qonşu dövlətin Ukraynaya təcavüzündən sonra çox fəaldır və mədəni tədbirləri sıralamaqdadır. Bu tədbirlər sırasına daha biri əlavə edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mərkəzə istinadən xəbər verir ki, aprelin 5-dən 8-dək Bakıda “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Tədbirin ideyası kifayət qədər mötəbər təsisatlardan gəlir, tədbirin təşkilatçısı isə “ELS prodakşn” prodüser mərkəzidir.
“Azərbaycanda Rusiya kinosu günləri” keçirilməsi ideyası Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan), “Savalan “Savalan - ASPI Winery” şirkəti, “Hyatt Regency Baku” və Natalya Naftaliyevanın Moda Evi tərəfindən dəstəklənib.
“Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir aktyotla yaradıcılıq görüşü daxildir.
Filmlər “Nizami” kino mərkəzində və Beynəlxalq Muğam Mərkəzində nümayiş etdiriləcək.
“Azərbaycanda Rusiya kinosu günləri”nin təntənəli açılış mərasimi aprelin 5-də “Nizami” kino mərkəzində keçiriləcək. Nümayiş ediləcək filmlər bunlardır:
5 aprel, “Nizami” kino mərkəzi
“On bir susqun kişi”
(rejissor Aleksey Pimanovun bu filmini teatr və kino artisti Pavel Kraynov təqdim edəcək).
6 aprel, Beynəlxalq Muğam Mərkəzi “Suvorov: Böyük səyahət”
(rejissor Boris Çertkovun filmini Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq təqdim edəcək).
“Libereya: Xəzinə ovçuları” (rejissor Qleb Orlovun filmi)
7 aprel, Beynəlxalq Muğam Mərkəzi
Rusiya Federasiyasının Xalq artisti Yuri Nazarov və teatr və kino artisti Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək.
8 aprel, “Nizami” kino mərkəzi
“1941. Berlin üzərində qanadlar” (rejissor Konstantin Buslovun filmini teatr və kino artisti, “Dram sənəti məktəbi” teatrının aktyoru Andrey Xarenko təqim edəcək).
Bakı “Azərbaycanda Rusiya kinosu günləri” ilə bağlı bütün tədbirlərin aparıcısı teatr və kino artisti, “Teatr na Taqanke”nin aktrisası Polina Neçitaylo olacaq.
Bu layihənin prodüseri Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.
“Azərbaycanda Rusiya kinosu günləri” aprelin 8-də baş çatacaq.
“Ədəbiyyat və incəsənət” portalı filmlərin biri barədə fikir söyləməklə ümumi təsəvvür yarada bilər. İlk nümayiş olunan “On bir susqun kişi” filmi soyuq müharibə şəraitində - 1945-ci ildə Moskvanın “Dinamo” futbol klubunun Britaniyaya səfərindən bəhs edir. Film sadəcə futbol klubunun timsalında rus insanının necə iradə və güc sahibi olmasını sübut edir.
Kim deyər ki, bu, güc nümayişi deyil?
Şəkildə: filmdən kadr
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)