Bolqarıstanın 15-ci “MENAR” Beynəlxalq Film Festivalında Azərbaycanın Zəfər rəmzi olan xarıbülbül gülünün hekayəsindən bəhs edən “Xarıbülbül əfsanəsi” sənədli filmi, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Olimpiya” bədii filmi nümayiş etdirilib.
Sözügedən filmlərin təqdimatı Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Sofiya şəhərinin “Kino Evi”ndə keçirilən “Azərbaycan kinosu gecəsi”ndə təşkil olunub. Və bu barədə səfirlikdən mediaya məlumat verilib.
Filmlərin nümayişindən əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və “MENAR” Beynəlxalq Film Festivalının təşkilatçı şirkətinin rəhbəri Zdravko Qriqorov təqdimat mərasimində iştirak edən çoxsaylı izləyicilərə Azərbaycan mədəniyyəti və kino incəsənəti haqqında məlumat veriblər.
“Xarıbülbül əfsanəsi” sənədli filmi haqqında danışan səfir Hüseyn Hüseynov xarıbülbül gülünün Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsində zəfər simvoluna çevrildiyini və bu gülün Azərbaycanın Qarabağ bölgəsi və Şuşa şəhərinə xas olduğunu diqqətə çatdırıb. Səfir görkəmli elm və mədəniyyət xadimlərinin Azərbaycanın Qarabağ bölgəsi və ölkəmizin mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında fikirlərinin, bu şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, eləcə də Azərbaycan ədəbiyyatı və milli musiqi inciləri ilə bağlı düşüncələrinin ekran əsərinin əsas xəttini təşkil etdiyini vurğulayıb.
Sonradan “Xarıbülbül əfsanəsi” sənədli filmi və “Olimpiya” bədii filmi tamaşaçıların diqqətinə təqdim olunub.
Tədbirdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, ölkə parlamentinin üzvləri, yerli mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin nümayəndələri, həmçinin yerli və əcnəbi kinosevərlər iştirak ediblər.
Qeyd edək ki, yanvarın 29-dək davam edəcək “MENAR” Beynəlxalq Film Festivalında 14 ölkədən 40 yaxın film nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)