Ötən gün Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.
Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hər il Əlillər Günü Xalça Muzeyi tərəfindən müxtəlif fiziki məhdudiyyətli insanlar üçün xüsusi proqramlar hazırlanır və hazırda muzeydə sərhədsiz muzey adlı proqram həyata keçirilir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli bildirib ki, bu gün ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır. Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
AzərTAC-dan iqtibas etdiyimiz xəbərə görə, tədbirdə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova və digər çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs ediblər.
Sonra sərgiyə baxış keçirilib.
Sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunub. Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad dərsləri, həmçinin xüsusi internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilib. Bundan başqa, tədbir zamanı sosial videoçarxlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)