Ölkəmizin iki mədəniyyət xadimi bu arada beynəlxalq uğura imza atıb. Zərifə Salahova və Sahib Paşazadə. Təfsilatını təqdim edirik.
İyunun 29-da Miniatür Kitab Muzeyində Kuba Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə “Kuba Xalqlarla Dostluq İnstitutunun 60 illik yubileyi” xatirə ordeni ilə təltif edilmə mərasimi keçirilib. Və bu tədbirdə xüsusi qonaq qismində Kubanın Xalq Hakimiyyəti Milli Assambleyasının vitse-prezidenti, Ana Mariya Maçato, Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri, Yolanda Ferrer Qomes, Xalq Hakimiyyəti Milli Assambleyasının sədr köməkçisi Zayilin Qaulyak Moraqiyes, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycan Dillər Universitetinin təmsilçiləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.
(Qapaq şəklinə baxın)
Tədbiri giriş sözü ilə açan Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova qonaqlara muzey haqqında geniş məlumat verib. O bildirib ki, 2002-ci il aprel ayının 23-də əsasını qoyduğu Miniatür Kitab Muzeyində 20 il ərzində ümumilikdə dünyanın 83 ölkəsində çap edilmiş 8887 miniatür kitab 39 şüşələnmiş vitrində saxlanılır. Qeyd edib ki, muzey fəaliyyətə başladığı dövrdən 70 min 648 ziyarətçi qəbul edib.
“Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. Muzeyin digər filialı Gəncənin Heydər Əliyev adına baş meydanında yerləşir. Burada da 1120 kitab sərgilənir. Hazırda “Şuşa İli” çərçivəsində Şuşa üçün 847 kitab hazırlanır”, - deyə Zərifə Salahova qeyd edib.
Muzeydə sərgilənən kitabların əksər hissəsinin 1988-ci ildən nəşr olunduğunu deyən muzeyin rəhbəri vurğulayıb ki, təsisçisi və rəhbəri olduğu, dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi tərəfindən “Şuşa Bəyannaməsi” miniatür kitabı və İkinci Qarabağ müharibəsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətlərinin əks olunduğu miniatür kitablar da yer alır.
Qonaqları “Kuba guşəsi” ilə tanış edən Z.Salahova onlara şəxsi təşəbbüsü ilə nəşr olunmuş “Carta de Despedida del Che Guevara a Fidel Castro”, “Los zapaticos de rosa”, “Fidel Castro Ruz - Líder eminente del pueblo cubano” miniatür kitablarının yaranma tarixi barədə məlumat verib.
Tədbirdə Kubanın ölkəmizdəki səfiri Zərifə Salahovaya ölkəsinə göstərdiyi dost münasibətə görə təşəkkür edərək, bunun Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində Bakıya səfər edən kubalı qonaqların ilk qatıldığı tədbir olduğunu vurğulayıb.
Kubanın Xalq Hakimiyyəti Milli Assambleyasının vitse-prezidenti, Ana Mariya Maçato, Zərifə Salahovaya “Kuba Xalqlarla Dostluq İnstitutunun 60 illik yubileyi” xatirə ordenini təqdim edib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Sonda qonaqlar Muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıblar.
Qeyd edək ki, 2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnesin rekordlar kitabı”na daxil edilib.
Yakutiyada isə “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında festival keçirilib. UNESCO-nun Qeyri-maddi və Mənəvi İrs Siyahısına aid olan xalqların mədəniyyətləri və mədəni hadisələri bu festivalda nümayiş etdirilib. Festivala 14 ölkə (Azərbaycan, Böyük Britaniya, Hindistan, Çin, Türkiyə, Koreya, Monqolustan, Ermənistan və s) və Rusiyanın 11 regionu qatılıb. Festivalda Azərbaycanı tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə təmsil edib.
Sahib Paşazadənin orada Gənc Tamaşaçılar Teatrında Yakutiyanın Arko-Artiko Kamera orkestrı ilə birlikdə solo konserti baş tutub. Eyni zamanda, Beynəlxalq Elmi Simpoziumda Sahib Paşazadənin “Tar və onun inkişaf yolları haqqında” geniş məruzəsi də dinlənilib.
Simpoziumdan öncə isə mükafatlandırma mərasimi olub. Gələn qonaqlar arasında sadəcə 4 nəfər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında virtuoz tarzən Sahib Paşazadə var. (İç şəkıə baxın)
Medalla təltif olunan günün axşamı həmyerlimizin Yakutiyada “Oxuyan tar” adlı solo konserti keçirilib. İki gün öncə isə Yakutiyanın “Verxnevilluysk’” kəndində onların məşhur bayramı sayılan “ISIAX”la əlaqədar olan festivalın açılışında çıxış edən həmyerlimiz orada Azərbaycanı çox yüksək səviyyədə təmsil edərək 1 qızıl medal və 3 böyük sertifikat və diplomla təltif edilib.
Bəli, həmyerlilərimizin hər bir uğuruna ürəkdən sevinirik.