Bakı Kitab Mərkəzi tərəfindən yeniyetmələr arasında elan olunmuş “Hacı Zeynalabdin Tağıyev. Tariximizdə silinməz iz” adında inşa müsabiqəsinə yekun vurulub və qaliblər mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət” portalı Bakı Kitab Mərkəzinə istinadən xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi İlahə Ağayeva 1-ci, Bakı Avropa Liseyinin 5-ci sinif şagirdi Rauf Abdullayev 2-ci, Binəqədi rayonu Namiq Babayev adına 144 nömrəli tam orta məktəbinin 11 “B” sinif şagirdi Məhəmməd Əliyev isə 3-cü yerə layiq görülüb.
Qaliblərə Bakı Kitab Mərkəzi adından diplom və hədiyyə kartları, qalib olmayan iştirakçılara isə təşəkkürnamə və kitablar verilib.
Mükafatları münsiflər heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi, Əməkdar artist, uşaq yazıçısı Bəhram Bağırzadə və Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva təqdim ediblər.