Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Qarabağ torpağının yaddaşını, müharibəsini yaşadan, tarixini lentə alan və gələcək nəsillərə ötürən insanlardan biri də Şakir Məmmədovdur. Onun yaratdığı "Arxiv Tv Qarabağ" kanalı, təkcə bir media platforması deyil, həm də bir xalqın keçmişinə olan sevgi və ehtiramın təcəssümüdür.
Şakir Məmmədovun arxivindən bəhs edən videolar Qarabağ və Ağdamın keçmişini əks etdirən qiymətli görüntülərlə doludur. 1990-cı illərdən bu günə qədər toplanan materiallar Qarabağ bölgəsinin tarixini əks etdirir. "Arxiv Tv Qarabağ" kanalında yayımlanan görüntülərdə bölgənin mədəniyyətini, adət-ənənələrini və gündəlik həyatını, müharibə dövrünün çətinliyini görə bilərik. Şakir Məmmədov həm media sahəsində, həm də sosial şəbəkələrdə də fəallığı ilə seçilir. Onun Facebook səhifəsində də Qarabağ və Ağdamla bağlı arxiv materialları paylaşılır. Bu kanal Qarabağın tarixini, mədəniyyətini və insanlarını gələcək nəsillərə çatdırmaq üçün əvəzsiz bir mənbədir.
Şakir Məmmədovun əməyi, təkcə bir jurnalistin işi yox, həm də bir vətənpərvərin missiyasıdır. Qarabağın hər daşı, hər ağacı, hər insanı bu arxivdə öz yerini tapır. Bu, bütün Azərbaycanın yaddaşıdır. Şakir Məmmədovun yaratdığı bu arxiv, gələcək nəsillər üçün bir xəzinədir. Onun əməyi, tariximizin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün əvəzsizdir. "Arxiv Tv Qarabağ" kanalı media platforması olmaqla yanaşı, bir xalqın yaddaşının qoruyucusudur. Bu kanal Qarabağın keçmişini, bu gününü və gələcəyini birləşdirən bir körpüdür. Onun yaratdığı arxiv, gələcək nəsillər üçün bir xəzinədir.
Şakir Məmmədovla müsahibəni sizə təqdim edirəm.
-Salam, Şakir əmi, zəhmət olmasa, özünüz haqqında oxucularımıza məlumat verin.
-Mən-Şakir Məmmədov 1966-cı ildə may ayının 13-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşam. Qiyaslı kənd tam orta məktəbinin 10-cu sinfini 1983-cü ildə bitirb, Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşam, 1988-ci ildə həmin ali məktəbi bitirmişəm. elə həmin ildə Ağdam Şampan zavodunda işə başlamışam. 1989-cu ildə ailə qurmuşam. 1993-cü ildən məlum səbəblərdən Bakıda yaşamışam. 1994-cü ildən 2006-cı ilə kimi Azərbaycan Televiziyasının Qarabağ üzrə xüsusi teleoperatoru olmuşam. 2006-cı ildən 2011-ci ilə kimi C. Naxçıvanski adına Hərbi liseydə operator işləmişəm. 2011-ci ildən isə bu günə kimi müxtəlif istiqamətlərdə şəxsi repartyor fəaliyyəti ilə məşğulam. Ailəliyəm, iki övladım, 1 nəvəm var. Hal-hazırda “Arxiv Tv Qarabağ” youtube kanalının rəhbəriyəm.
-Çox gözəl, necə oldu ki, videooperator olmağa qərar verdiniz, kəndimizin tədbirlərini, sonra isə Qarabağ döyüşlərini çəkməyə başladınız ? Çünki biz bilirik ki, keçən əsrin sonlarında Azərbaycanda videokamera hər adamda olmurdu. Məsələn, Ağdamda bir neçə şəxsdə var idi, biri də siz idiniz.
-Deməli, 1989-cu ildə bizim toyumuzda video çəkiliş oldu. Həmin vaxtdan mənim videokameraya böyük marağım yarandı. Atam rəhmətlik də mənim həvəsimi görüb videokamera almaq üçün mənə maddi dəstək oldu. Ondan sonra öz kəndimizdə, Ağdamda tanıyanlar, xəbəri olanlar məni el şənliklərinə, ad günlərinə çağırırdı. İnan səmimiyyətimə, o qədər həvəsim var idi ki, əksər tədbirləri ödənişsiz çəkirdim ki, bu sənəti öyrənim. Hətta kaseti də özüm alırdım.
Bildiyimiz kimi, 1988-ci ildən başlayan Qarabağda erməni separatizmi 1990-ci illərdə artıq müharibəyə çevrildi. Mən də hər bir qarabağlı kimi könüllü silaha sarıldım. Ağdamda Şirin Mirzəyev tərəfindən yaradılmış Qiyaslı könüllü batalyonunda döyüşlərə qatıldım. Onu da deyim ki, Şirin Mirzəyevin yaratdığı bu batalyonu müasir Azərbaycan tarixində ilk nizami ordu hesab etmək olar. Mənim əsas silahım kameram idi. O igidlərin arzularını, igidliyini, şücaətini lentə alırdım.
-Bəli, elə növbəti sualım da bu istiqamətdədir: Ən yadda qalan çəkilişləriniz haqqında bizə danışa bilərsinizmi?
-1991-ci ildə Ağdamın Qiyaslı kəndində 20 Yanvar hadisələrinin 1-ci ilini yad etmək üçün tədbir keçirilirdi. Rayon rəhbərliyi də iştirak edirdi. Qiyaslı məscidində ehsan verildi. Şəhidlərimiz yad edildi. Mənim ilk çəkilişim idi. Bu tarixi anlar idi.. İkinci ən yadda qalan çəkilişim Şahbulaqda rəhmətlik polkovnik-leytenant Şirin Mirzəyevin bizim Qiyaslı rotası ilə görüşə gəlməsi idi. Yaxşı ki, bunu çəkmişəm.7 dəqiqə 20 saniyəlik kadrlar çox dəyərlidir. 1992-ci ildə Şirin Mirzəyev şəhid oldu, yuxarıdan qərar verildi ki, onun yaratdığı könüllü batalyon ləğv edilsin. Bu zaman mən və silah yoldaşlarım buna etiraz etdik. Dedik ki, biz indiyə kimi bir manat maaş almamışıq və öz torpağımız üçün vuruşuruq. Yenə təmənnasız vuruşmağa hazırıq. Bu mənim çəkilişlərimdə də var. Düzdür, həmin vaxt ləğv etmədilər. Amma üstündən bir neçə ay keçəndən sonra könüllü batalyon ləğv edildi. Allahverdi Bağırov, Canpolad Rzayev və digərləri şəhid oldu. Ağdamın vuran qollarını bir-bir kəsdilər və Ağdam işğal olundu…(gözləri dolur, qəhərdən danışa bilmir).
Ağdamla bağlı son çəkilişim oldu. 21 iyulda Ağdamın Şampan zavodunu ermənilər vurdular. Ora təhlükəli olsa da, çəkiliş etdim. 1993-cü ilin iyunundan sonra Bərdədə yerləşdik, çox ümidli idik ki, tezliklə qayıdacağıq. Amma 30 il gözləməli olduq. Həmin vaxt Bərdədə yerləşən qaçqınlar üçün çadır düşərgələrini çəkdim. Ergi kəndində Milli Qəhərəman İbad Hüseynovun və kəşfiyyat dəstəsinin tarixi çəkilişini etdim. İbadgil 5 qardaşdır və hamısı Qarabağ müharibəsində can qoyublar. Sonra həmin çəkilişi İbadın özünə də təqdim etdim. Sonra Bakıya getdim, Ağası Hun ilə Azərbaycan Televiziyasına getdik. Orada Allahverdi Əsədovla görüşdük. İş elə gətirdi ki, Az.TV-nin Qarabağ üzrə xüsusi teleoperatoru oldum. 1994-cü ildə mart ayı əks həmlə əməliyyatı olmalı idi. Həmin vaxt döyüşdən əvvəl həmin hərbçiləri çəkdim. Bu da tarixi anlar idi. Onlardan şəhid olanlar oldu, son görüntülərini və danışıqlarını mən çəkdim. (yenə danışa bilmir, qəhərlənir). Ruhları şad olsun. Ən yadda qalan çəkilişlərdən biri də 1994-cü ildə mart ayının 14-də Ağdamın Kökəltmə deyilən ərazisində baş verdi. Əraziyə getdik, mövqeylərimizi çəkdik. Bizimkilər əks hücuma keçmişdilər. Tank və toplardan düşmənə atəş açılırdı. Bir neçə yaralını çəkdim. Onların içində özü Qarabağ qazisi, qardaşı birinci Qarabağ müharibəsində itkin düşmüş, oğlu isə 2020-ci ildə Murovdağ istiqamətində şəhid olmuş Mehman Göyüşov da var idi. Bundan sonra düşmənin atdığı mərmi düz bizim durduğumuz yerə düşdü. Bu zaman qəlpə rəhmətlik Cabiri ağır yaraladı. Əslində kameranı yerə qoyub ona kömək etmək istədim. Amma yoldaşlar çox idi. Həm də ölümcül yara idi. Özümdə güc tapıb onun şəhid olma anını lentə ala bildim. Bu, Qarabağ müharibələri tarixindən təkrar olmunmayan səhnə idi. Mən bir qəhrəmanın həyat və şəhidlik arasındakı məsafəsini çəkə bilmişdim…(yenə qəhər boğur, gözləri dolur.)
-Allah şəhidlərimizə rəhmət eləsin! Elə bil an olubmu ki, fikirləşmisiniz ki, bu çox tarixi və vacib anlardır, bunu lentə alım, amma çəkə bilməmisiniz?
-Çox sağ olun, çox yaxşı sualdır. Ümumiyytlə, 12 iyun- 23 iyul 1993-cü il tarixiləri Ağdam uğurundə qızğın döyüşlərin getdiyi bir vaxtlardır. 22 iyulda şəhər işğal olunur. Uzundərə istiqamətindən Bərdəyə sarı gedirik.Yol boyu insan axını, top, mərmi səsləri, uşaq qışqırtısı, qadınların fəryadı, şəhər yanır… (qəhərlənir….) Həmişə də kamera yanımda olur. Nə qədər cəhd elədim ki, çəkiliş edim, sanki qollarım qırılmışdı, özümdə deyildim, edə bilmədim. Maşını saxlayıb dikə çıxdım. Bu xalqımın başına gətirilən müsibəti, yanan doğma şəhərimi çəkə bilmədim…
-Çox ağırdır… Şakir əmi , 3 il özünüz döyüşmüsünüz, 15 ilə yaxın isə hərbi repartyor olmusunuz. Çəkilişlər zamanı ən çox sizi təəccübləndirən, təsir edən nə olub?
-Qardaş oğlu, ürəyimi oxuyursan, bunu deməliyəm. Çox məqamlar olubdur. Birini deyim, 1994-cü ilin may ayının 12-də atəşkəs elan edildi. Bir müddət sonra ermənilər atəşkəsi bütün cəbhəboyu pozmuşdu. Bu zaman biz səfirliklərin nümayəndələri ilə cəhbə xəttinə getdik. Goranboyun Tatqarayoyunlu kəndi istiqamətində ordumuzun mövqeylərində olduq. Bu zaman erməni postu ilə çox yaxın idik. Müşahidə və çəkiliş zamanı bir leytenant gəlib girdi mənimlə düşmən postunun arasına və mənə dedi ki, siz kamera çəkirsiniz, sizi vurarlar. Təsəvvür edirsiniz, bizim necə qeyrətli oğullarımız var? Öz-özümə dedim ki, İlahi, dünyanın harasında bu cür ordu var? Öz vətəndaşını qorumaq üçün ona canını sipər edən oğullar, vallah, hər millətdə olmur. Bizim 1-ci Qarabağ müharibəsində də bu cür oğullarımız çox idi. Təəssüf ki, vahid komandanlıq olmadı. Yoxsa biz nə bu qədər itki verərdik, nə də torpaqlarımız işğal olunardı.
-Şakir əmi, necə oldu ki, “Arxiv Tv Qarabağ” youtube kanalını yaratmaq qərarına gəldiniz?
-Hə, deməli, videokasetlər uzun müddət qalanda görüntülər öz effektini itirir. Biz hər dəfə Ağdamın işğal günlərində Bakıda Şəhidlər xiyabanına yığışırdıq. Yoldaşlara müraciət etdik. Diskə köçürdük. İnsanlar məndən özlərinin və doğmalarının görüntülərini istəyirdilər. Köçürüb verirdim. Bir daha səmimi deyim, mən bu işləri təmənnasız etmişəm. Sonra fikirləşdim ki, bu videoları həm qorumaq üçün, həm də təkcə Azərbaycandan yox, xaricdən olanların da baxması üçün youtube kanalını yaratdım. Əlimdəki videoları ora yerləşdirdim, böyük səs-küyə səbəb oldu. Hətta bəzi videolara 1 milyon baxış var. Bu məni xoşbəxt edir.
Kanalı linkini sizinlə bölüşürük: https://www.youtube.com/c/ArxivTvQaraba%C4%9F
-Çox şükür bu günə, Qarabağımız, Ağdamımız 2020-ci ildə azad oldu. 30 ildən sonra Ağdama ayaq basmaq, orada yenidən çəkiliş etmək necə hissdir? Zəhmət olmasa, təsüratlarınızı bizimlə bölüşün.
-Çox şükür, 2021-ci ilin sentyabrında Mirzəyevçilərlə (Şirin Mirzəyevin könüllü dəstəsində olanlar özünü belə adlandırır), şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı, bacımız Sevinc xanımın, Şirin Mirzəyevin həyat yoldaşı Flora anamızın iştirakı ilə 30 nəfərlə Ağdama getdik. 836 nömrəli hərbi hissənin yaradıldığı yerə getməli idik. Əlmədədli kəndindəki Peşə məktəbinə getdik. Bərdədən başladım çəkməyə, həm də izah etməyə... Yol boyu, sevinc, qürurur, kədər, fərəh və s. dünyada elə bir hiss yox idi ki, mən o hissi yaşamayım… Ağdamın şəhidlər xiyabanına gəldik. Dəhşətə gəldim. Goreşənlər bütün şəhidlərin qəbirlərini eşmişdilər…(Kədərdən səsi batır, gözləri yaşarır). Qiyaslı və Ağdam məscidində olduq, ziyarət edib qayıtdıq… O torpaqlar uğrunda şəhid olanlar, torpağın həsrəti ilə bu dünyada köçənlər gəldilər gözümün qabağın... Çox şükür ki, qiasası aldıq, xarabalıq da olsa, şəhid şəhərimizə-Ağdamımıza qovuşduq. Mənə bu günləri görmək qismət oldu.
-Şakir əmi, vaxt ayırıb xatirələrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Son olaraq, indiki fəaliyyətiniz haqqında danışın və arzularınızı dilə gətiririn.
-Qardaş oğlu, yaradıcı adamlar kövrək olur. Mən sizə təşəkkür edirəm ki, vaxt ayırıb gəldiniz. Bilirisniz, keçmişi hamı danışmalıdır ki, gələcək nəslin xəbəri olsun. Həm döyüşçülər, həm mülki şahidlər, həm bizim kimi reportyorlar öz gördüklərini, eşitdiklərini, etdikləri danışmalıdır ki, biz sayıq olaq. Biz qalib gəlmişik, amma müharibə bitməyib, düşmən yatmayıbdır. İndi mən şəhidlərimizin anım günlərinin çəkilişlərini edirəm. 1-ci Qarabağ müharibəsi qaziləri ilə Vətən müharibəsi qazilərinin görüşlərini təşkil edirik. Bu zamana da mən çəkilişlər edirəm. Sağ olsun, Şamil Əbilov və digər qazi qardaşımız, bu işdə bizə dəstək olur. Rayon rəhbəri, cənab Vaqif Həsənov da çox sağ olsun, bu işdə bizə həm mənəvi, həm də maddi dəstək olan şəxsdir. Qiyaslı və digər kəndlərdən çəkilişlər edirəm… Bilirsən, qardaş oğlu, Dünən bu gün üçün, bu gün isə sabah üçün tarxidir! Bu tarixi lentə almalıyıq ki, gələcək nəsilə miras qalsın. Unutmayaq, unutsaq, yenə bu müsibətlər başımza gələcək. Ən böyük arzum budur ki, Qarabağdakı kəndlərlə yanaşı, qəbiristanlıqlar, gorgahlarımız bərpa olunsun. Yurd yeri o zaman doğmalaşır ki, orada sənin əzizlərin uyuyur. Onları ziyarət edə bilirsən. Buna görə, insanlarımız kəndlərə gedəndə gedib təmənnasız çəkiliş edirəm. Qoy mənim də gələcək qarşısında bir xidmətim olsun. Mən belə düşünürəm, belə yanaşıram: “Yaşadanlar yaşayacaqdır!”
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)