Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Yanvarın 27–də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycanın Gənc Səfirləri”nin növbəti görüşü həyata keçirilib.
Gənc səfirlər bu dəfə Azərbaycan Respublikasının ilk Baş naziri, Fövqəladə və səlahiyyətli səfiri, Tarix elmləri doktoru, professor Həsən Həsənovla bir araya gəliblər.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarına Həsən Həsənovun diplomatik və elmi fəaliyyəti haqda geniş məlumat verib.
Daha sonra Həsən Həsənov “Atropatena dövlətinin yaranması və tarixi sərhədləri" mövzusunda mühazirə ilə çıxış edib. O, mühazirəsində Atropatena dövlətinin qədim tarixi barədə geniş danışaraq, bu dövlətin Azərbaycanın qədim mədəniyyətindəki rolunu vurğulayıb, Qərbi Azərbaycanla bağlılığından bəhs edib. H.Həsənov həmçinin Atropatenanın siyasi təsir sahələrini təhlil edərək, bu irsin günümüzdəki əhəmiyyətini diqqətə çatdırıb.
Və bunu da bildirib ki, 2038-ci ildə Atropatenanın yaranmasının 2650-ci ildönümür. Bu tək Atropatenanın deyil, dövlətimizin və torpağımızın necə qədim tarixi olduğunun sübutudur.
Həsən Həsənovla görüş gənclərin böyük marağına səbəb olub və auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün sonunda xatirə şəkili çəkdirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.
Və fürsətdən istifadə edib, Azərbaycanın ən görkəmli dövlət xadimlərimdən olan Həsən Həsənovla yadigar şəkil çəkdirdim.
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)