Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Bu silsilədən 3-cü və sonuncu məqalə
Məhəmməd Füzuli irsi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin möhtəşəm simvollarından biridir. Onun yubileylərinin dövlət səviyyəsində keçirilməsi yalnız bir sənətkara sayğı göstərmək deyil, həm də milli kimliyin və mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından tarixi və ideoloji önəm daşıyır.
Füzuli kimi dahi şəxsiyyətlərin irsinin dövlət himayəsi ilə yaşadılması, əslində milli mədəniyyətin və mənəviyyatın strateji xəttinin təcəssümüdür. Belə yubileylər: • Gənc nəsillərdə ədəbi-bədii irsə sevgi və maraq oyadır;
• Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması üçün geniş imkanlar yaradır;
• Dövlətin milli-mənəvi dəyərlərə olan qayğısını nümayiş etdirir;
• Elmi-mədəni diqqəti yubileyi keçirilən sənətkarın yaradıcılığına odaqlamış olur və bununla da, yeni araşdırma əsərləri meydana çıxır.
Azərbaycan xalqının mədəni xəzinəsində ən böyük sərvətlərdən olan Füzuli irsi, təkcə ədəbiyyat deyil, eyni zamanda fəlsəfə və mənəviyyat hadisəsidir. Onun yubileyləri yalnız ölkə içində deyil, xalqlararası miqyasda da qeyd olunur; bu isə Füzulinin bəşəri dəyərini və Azərbaycan mədəniyyətinin dünyaya verdiyi töhfələri bir daha təsdiq edir.
44 günlük müharibədə Azərbaycan xalqının qazandığı tarixi Zəfər, Qarabağın və onun bir parçası olan Füzuli şəhərinin işğaldan azad edilməsini təmin etdi. Füzuli şəhərinin yenidən qurulması və burada böyük tikinti-abadlıq işlərinin aparılması, “Böyük Qayıdış” proqramı əsasında məskunlaşmanın həyata keçirilməsi şairin yubileyinə böyük töhfə kimi xarakterizə oluna bilər. Füzulidə çalınan məktəb zənginin, Füzulidə eşidilən şən uşaq səslərinin, gənc gülüşlərin, Füzulidə şen olan ocaqların... – ustadlar ustadının ruhunu şad etdiyinin inancı içindəyik.
“Pənbeyi-daği-cünun içrə nihan” olan Füzuli şəhəri, işğalçı və havadarları tərəfindən ona biçilmiş kəfəni yırtdı, sökdü, əynindən çıxardı və dirilik libasını geyindi!
Füzuli şəhəri, yalnız bir coğrafi məkan deyil, həm də mədəniyyət və mənəvi irsin simvoludur. Böyük şairin yubiley ilində, onun adını daşıyan şəhərdəki təhsil, mədəniyyət ocaqlarında yubiley tədbirlərinin keçirilməsi, adının dərin sayğılarla anılması (necə deyərlər) sıradan tədbirlər kimi qəbul edilməməlidir. Bunlar mədəni irsə olan bağlılığı və ona göstərilən sayğını dosta da, dosta ola bilməyənlərə də nümayiş etdirir.
Füzulinin Füzulidə, ümumən Qarabağda, Gündoğar Zəngəzurda da anılması tarixi ədalətin bərpası ilə mənəvi dirçəlişi bir araya gətirir. Füzuli şəhərinin işğaldan qurtuluşu, ora insanın və insanlığın, mədəniyyətin qayıtması ilə Məhəmməd Füzulinin adının bir daha ucaldılması, Azərbaycan xalqının mədəni dəyərlərinə sahib çıxma əzmini göstərir.
Yubiley tədbirləri Zəfərin yalnız hərbi məzmun daşımadığını, onun həm də mədəniyyətin Zəfəri olduğunu vurğulayır; vurğulayır ki, Azərbaycan xalqının mənəvi irsinin gücü və bütövlüyü bütün dünyaya çatdırılmağı haqq edir. Azad Füzuli şəhərində həyat qaynamağa başlayır; bölgənin yenidən qurulması və mədəni mərkəzə çevrilməsi sürəcinə xidmət edən işlər görülür. Gələcəkdə Füzulidə yeni mədəniyyət ocaqlarının yaradılması; o cümlədən Füzuli irsinin öyrənilməsi üçün elmi və bədii platformaların qurulması kimi təşəbbüslər də təşviq edilə bilər. Füzuli şəhərinin, ümumən Qarabağın, Gündoğar Zəngəzurun dirçəldilməsi, orada mədəniyyət tədbirlərinin, sənət layihələrinin keçirilməsi, dostlara da, dost ola bilməyənlərə də yeni ismarıclar göndərir.
Mədəniyyət və bəşəri dəyərlərə əsaslanan həmin ismarıclar:
Qarabağın yalnız fiziki deyil, mənəvi işğaldan da qurtulduğunu sübut edir; Azərbaycanın mədəniyyət diplomatiyasını gücləndirir və xalqlararası təşkilatların diqqətini cəlb edir.
Böyüklüyündən, yığcamlığından asılı olmayaraq, Füzulinin 530 illiyi ilə bağlı tədbirlər, Qarabağa qayıdış sürəcində mənəvi dirçəlişin təzahürü kimi çıxış edir. Azərbaycan xalqı üçün bu hadisə: Zəfərin gətirdiyi ruh yüksəkliyini mədəniyyətin yüksəlişinə çevirmək; eləcə də, Füzulinin Eşq fəlsəfəsi ilə Vətən sevgisini bir daha vəsf etmək, tərənnüm etmək deməkdir.
“Edəməm tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”! Füzulinin yubileyinin dövlət səviyyəsində keçirilməsi və 530 illiyin onun adını daşıyan azad Füzuli şəhərində də qeyd olunması, Azərbaycan xalqının mədəni özünüdərki, tarixi ədalət və milli mənəviyyatının dirçəlişi baxımından önəmlidir. Bu, yalnız Füzuli irsinə sayğıduyarlıq deyil, həm də Azərbaycan mədəniyyətinin qüdrətini, ruhi gücünü bir daha sübut edən ismarıclardır.
“Canı canan diləmiş, verməmək olmaz, ey dil!” - Eşq poeziyası dahisinin yubiley tədbirləri, onu çağdaş dönəmdə daha aydın və universal şəkildə tanıtmağa xidmət edir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkillərdə: Füzuli şəhəri işğaldan azad edilərkən və indi.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)