BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Rəna Hüseynova və Zəhra Alıyeva Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 DİREKTOR :

Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir. 

2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.

2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir. 

2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 

2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.

Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı  bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.

Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.

Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında  “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.

Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.

 

ŞAGİRD:

Alıyeva Zəhra Ramiz qızı 28 aprel 2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 2014-cü ildə 102 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2021-ci ildən etibarən isə təhsilini 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hal hazırda 11-ci sinif şagirdidir.

2014-cü ildə, 7 yaşındaykən İTV-də çəkilən Botanikaçı Validə Tutayuqun həyatına həsr olunmuş "Çiçək izləri" sənədli filmində onun uşaqlığını canlandırmışdır.

2022-ci ildə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda inşa müsabiqəsinin bütün mərhələlərindən keçərək Yasamal İcra Hakimiyyətində çıxış etmişdir.

 2022-ci ildə "23 Nisan Çocuk Bayramı" münasibətilə İzmirin Karşıyaka şəhərində "23 Nisan Dans" festivalında Azərbaycanı təmsil etmişdir.

2022- ci ildə Azərbaycan Respublikası, ADA Universiteti və "Mars Academy" tərəfindən təşkil edilmiş "Robogames 2022" müsabiqəsində iştirak etmişdir.

2022-2023-cü ildə "First Lego League Challenge" Azərbaycan turnirinin final mərhələsində uğurla iştirak etmişdir. 

“Robogames" üzrə "Roboyarış" kateqoriyasında qızıl medal qazanmışdır.

“First Lego League Challenge - 2023-2024” Azərbaycan turnirində Respublika üzrə "Robot Design Award" nominasiyası üzrə 2-ci yeri tutmuşdur.

2023-cü ildə keçirilən “Savat idman növü üzrə  Azərbaycan Birinciliyi və Çempionatı”nda fəal iştirak etmişdir.

2023-2024- cü ildə Pinecone Baku -Based Modelling Agency-də "Kids Modelling" üzrə 9 ay boyunca iştirak edərək diplom almışdır.

Kiçik yaşlarından rəsm və rəqs üzrə də qızıl medallar qazanmışdır. Boş vaxtlarında gitara çalmağı, kitab oxumağı, rəsm çəkməyi və rəqslə məşğul olmağı sevir.

 

ESSE

"Təhsil və texnologiya: rəqəmsal dövrün tələbləri"

 

Rəqəmsal dövrün tələblərinin təhsil sistemində böyük dəyişikliklərə səbəb olması çox aktual məsələdir. Çünki müasir texnologiyalar tədris prosesinə inteqrasiya olunur. Bu inteqrasiya təhsilin daha əlçatan və effektiv olmasına şərait yaradır. Onlayn platformalar, elektron dərsliklər və virtual laboratoriyalar yalnız nəzəri deyil, həm də praktiki biliklərin əldə edilməsini asanlaşdırır. Eyni zamanda, texnologiya şagirdlərə fərdi yanaşmanı mümkün edir; süni intellekt hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun tədris planları təqdim edir.

Pandemiya dövründə onlayn təhsilin əhəmiyyəti bir daha üzə çıxmışdır. Onlayn dərslər ənənəvi təhsil metodlarına alternativ ola bilir, təhsili qlobal səviyyəyə daşıyaraq hər kəsə eyni imkanları təqdim edir. Bu, təhsilin daha demokratik olmasına və bilik əldə etmənin daha geniş bir əhatəyə yayılmasına imkan verir. Lakin rəqəmsal savadlılıq məsələsi vacibdir; şagirdlər texnologiyanı düzgün istifadə etməyi, kiber təhlükəsizlik qaydalarını öyrənməyi və məlumatların doğruluğunu qiymətləndirməyi bilməlidirlər.

Müəllimlərin rəqəmsal bacarıqları bu dövrün əsas amilidir. Müasir texnologiyaları mənimsəmiş müəllimlər tədrisin keyfiyyətini artıraraq şagirdlərə  texnologiyadan istifadə etməyi öyrədə bilərlər. Bununla belə, texnologiyanın mənfi təsirləri də mövcuddur. Şagirdlərin sosial bacarıqlarının zəifləməsi, texnologiyaya asılılıq və yanlış məlumatların yayılması kimi problemlər diqqətə alınmalıdır.

Nəticədə, mənim fikrimcə, bugünkü təhsil sisteminin əsas məqsədi texnologiyanı balanslı şəkildə tətbiq edərək daha innovativ, səmərəli və əlçatan təhsil modeli yaratmaqdır. Bu, cəmiyyətin inkişafı və gənc nəsillərin gələcək uğurları üçün əhəmiyyətlidir. Təhsil və texnologiyanın harmoniyası yalnız fərdi inkişafı deyil, həm də qlobal bilik cəmiyyətinin qurulmasına köməyi təmin edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.