“KİTABİ-DƏDƏ QORQUD” – xalq ensiklopediyası, əxlaq kodeksi Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

 

1300 ildən çoxdur milli-mənəvi dəyərlər xəzinəmizin ən qiymətli incisi kimi mövcud olan“Kitabi-Dədə Qorqud” türkün ensiklopediyasıdır. O, məişətimz, yurdumuz, inam və tapınaqlarımız,  milli adət və mərasimlərimiz, əxlaqımız, dilimiz, düşüncə tərzimiz, xalqımızın qəhrəmanlığı və s. barədə aydın təsəvvür yaradan, hüquq və azadlığımıza, dövlətçiliyimizə, mənəvi bütövlüyümüzə aid əsas məqamları əks etdirən monolit abidədir.

 

 “Kitabi-Dədə Qorqud”a qədər formalaşmış türk tarixi də nəzərə alınarsa, dastanın ömrü xalqımızın yaranması, təşəkkül tapması dövləri ilə üzvi bağlıdır.

İnsanı hünərinə, el-oba qarşısında xidmətlərinə görə qiymətləndirir “Kitabi-Dədə Qorqud”.  Dastanda insanların hüquq və azadlıqlarının pozulmasına, onların şəxsiyyətlərinin alçaldılmasına qarşı bir etiraz hayqırtısı var. Cəmiyyət bu cür halları qəbul etmir. Lakin xalqın adını batıranları, xainləri öz axarından kənara atır. “Axar su mundarlıq götürməz”  misalına rəğmən “Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya” anlamıyla Dədə-Qorqud xalqı, dünyanın işlərini saf-çürük etmək əzmindədir və bu, ali səviyyəli xarakter dəqiqliyidir, insanın dünyəviliyidir.

Səlcuqlar dövründə güney Azərbaycanda yaradılan bir dekorativ nimçədə yazılıb ki, “Türklə ucuz başla danışmaq olmaz”, yəni onunla ali insan xarakteri keyfiyyətləri ilə ünsiyyət saxlamaq mümkündür.” Yüzilliklərlə Dədə Qorqudun türkə yetəri mirası da elə budur. İnanc, güvənc yerimiz, mənəvi təmizlənmə və rahatlanma yolunda vasitəmiz, müşküllərini çözən, düşmənə qalib gəlmək üçün çarələr tapan, zəfər və qələbəyə inandırandır “Kitabi-Dədə Qorqud”.

“Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bütün insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü...ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir”. 

Eposda ata və qardaşlarına, ər və nişanlılarına arxa duran, zərifliyi, mənəvi təmizliyi, intellekti ilə bu günün insanını heyrətə gətirən qadınlar göstərilən mənəvi mirasın əsil sahibləridir. Gənc nəslin tərbiyəsində qadının-ananın üzərinə düşən böyük məsuliyyət Dədə Qorqud cəmiyyətinin bütün incəliklərinə qədər dərk edildiyindən, dastanda qadına xüsusi münasibət yaranmışdır.

Ər meydanında kişilərdən “yey”, hökmlü, sevgisində misli - bərabəri olmayan Burla xatun, nişanlısı Qanturalıdan geri qalmayan Selcan xatun,  sevgilisi Beyrəyi çətin imtahana çəkən, on dörd ilin həsrətinə mərdliklə dözən Banuçiçək və başqa qadın obrazları sanki böyük və möhtəşəm bir sarayın dayanıqlığını və estetik gözəlliyini tamamlayan silsilə sütunlar, atributlardır.

Dastanda oğuz igidləri qadınlara qarşı ədəb-ərkanı, zərif etik normaları bütün dəqiqliyi ilə gözləyirlər. Qadınlara “Xan qızı, qara gözlü yavuqlum, həlalım, qadınım, diləyim-döləyim”, - deyə müraciət edirlər. Oğuz xanımları isə onlara “Başımın baxtı, evim taxtı...”- deyə səslənirlər. Bu ifadələrin dilin estetikliyi cəhətdən qüdrətini heç bir zərifliklə izah etmək mümkün deyildir. Mən demirəm ki, müasirlərimiz bu ifadələri təkrar etsinlər. Ancaq fikrin nəciblik mahiyyəti, koloriti itirilməməlidir. (Birdə ki, həmin ifadələrdən indi də istifadə etməyin nə eybi var ki?! Gözəl səslənməzmi?!)

Oğuz xanımları “göz açıban gördüyü, könül verib sevdiyi” igidlərə ərə gedirlər, yeri gələndə nöqsanlarını açıqlayıb, ağıllı məsləhətlər verirlər, onları ruhlandırır, ürək dostlarına çevrilirlər. Türkün qadını yüzilliklərlə belə olub, ona görə ki, onlar ailə, cəmiyyət qarşısında öz məsuliyyətlərini yaxşı anlayıb, fədakarlıqları ilə seçilib. Bütün bunlarda müasir sayılmayacaq nə var!? Hələ ilk məktəb illərindən balalarımızın bu “əlifba” kitabı,  “xalqımızın ana abidəsi” (H.Əliyev) ilə böyümələrində qəbahət nədir ki ?!

Qazan xan döyüşdən əvvəl “Anamı vergil mana! Savaşmadan, vuruşmadan qaydayım” ifadələri ilə müraciət edir düşməninə. Uruz anasına deyir ki, “qoy məni çəngələ vursunlar, ətimdən qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yediyində, sən iki ye.” Onun dedikləri valideynə, ata hörmətinə, namusuna yüksək səviyyədən baxışın ifadəsidir. “Kitabi-Dədə Qorqud”da ana haqqı tanrı haqqı hesab olunur, anaya bundan yüksək qiymət, bəlkə də, heç bir ədəbiyyatda verilməyib.

Əsərdə qaravaş kimi öz mənliyini alçaldan, ərini hörmətdən salan və ona xəyanət edən, ailə qayğısı çəkməyən, övladlarının tərbiyəsinə laqeyd yanaşan qadınlar kəskin tənqid olunurlar. Belələri “solduran soy, dolduran toy, bayağı qadın” adlandırılır. Mühitimizdə dilini, görkəmini, davranış qaydalarını saxlamağa çətinlik çəkən, yad ənənələrə tapınan, ənlik-kirşanı və geyimi-gecimi, plastik əməliyyatları, rəqsləri əndazəni aşan, hər şeydən əvvəl türk başlanğıcını itirən bəzi müasir “qadınlar, qızlar” Dədə Qorqud qadınları qarşısında nə qədər miskin görünürlər! Belə çıxır ki, biz zəngin bir təlim-tərbiyə xəzinəsinin yanından gözübağlı keçməkdəyik.  Bu isə ancaq təəssüf doğurur.

Bir insan kimi Dədə Qorqud öyrətmələrinin və bu öyrənclər zamansız yarandığına görə onların müasir dünyamızdan da qırmızı işıq kimi keçməsi həmişə mənim arzum olmuşdur. “Milli dəyərlərimizin Avropa dəyərləri ilə qovuşduğu, xaricə böyük insan axınının, dünyada siyasi, iqtisadi və mədəni proseslərin dəyişilməsinin və s. proseslərin baş verdiyi bir dövrdə milli dəyərlər sistemimizi işə salmalıyıq”. Müstəqil Azərbaycanımızın inkişaf edərək dünya birliyində öz layiqli yerini tutduğu bir vaxtda  Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər birimizin, hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsi olmalıdır.

Hər birimiz “Kitabi-Dədə Qorqud" eposuna fokuslanmaqla öz kimliyimizi onda qorunan milli-identifikativ kodlara uyğunlaşdırmalıyıq. Çunki Dədə Qorqud öyrətmələri müasirdir və xalqımızın bütün dünyada öz orjinalında olduğu kimi tanınması üçün misilsiz mənbədir.  Azərbaycan xalqının...düşmən əli dəyməmiş və saxtalaşdırılmamış tarixidir”. Heç bir millətin mənəvi xəzinəsinə bənzəməyən, təkrarsız mənəvi xəzinəsidir.

Bu xəzinəni səhifə-səhifə öyrənmək, təbliğ etmək, onunla öyünmək, ondan qidalanmaq və qürurlanmaq lazımdır ki, bu tarixi, bu mənəviyyatı başqası deyil, mənim xalqım, bizim xalqımız yaratmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.