Zəhra Həsənova, “Ədəbiyyat və incəsənət” üçün
Uzun illərin, mürəkkəb tarixi proseslərin fonunda xalqın məişəti, ətraf aləmə və aid olduğu cəmiyyətə dair müxtəlif növ fikirləri məhz atalar sözləri, məsəllər vasitəsilə günümüzə qədər gəlib çatmışdır. Sözsüz ki, şifahi xalq ədəbiyyatının bu əvəzsiz örnəkləri bizə yetərincə geniş, tarixi, mədəni baxış bucağı qazandırır.
Buna baxmayaraq atalar sözlərinin tərkibində, habelə insanımızın yeniləşməkdə olan düşüncə tərzinin arxa planında zərərli sosial normaları özündə ehtiva edən bəzi fikirlər də yatmaqdadır. Türk qadının əsrlər öncə belə dəyərli, öz seçimlərində müstəqil, istər savaş meydanında, istərsə də çadırında qorxusuz və mərd olduğunu nəzərə alsaq, onun yüksək mənəvi keyfiyyətlərini kiçildən, əzən və hətta tənqid bənzəri təhqirə hədəf tutan bəzi deyimlərin gerçəkliklə əlaqəli olmadığını bir daha xatırlatmış olarıq.
Əvvəlcə Azərbaycan dilində bu fəsildən olan bəzi atalar sözlərinə nəzər salaq:
Arvad tutan yolun axırı yoxuşa qalxar
Halbuki keçmişdə və günümüzdə kiçik dövlət adlandırdığımız ailələrin bütün daxili qərarlarının alınmasında ən böyük məsləhətçi daim xanımlar, o evin anaları, nənələri, həyat yoldaşları olur. Necə deyərlər “Hər güclü kişinin arxasında bir ağıllı qadın durur”.
Ərsiz arvad – cilovsuz at
Sözsüz ki, dəyişən və inkişaf edən texnologiyalar əsrində nə “arvadın ərə”, nə də atın cilova ehtiyacı var. Doğru mühitdə bütün canlılar kök salıb çiçək açmağa qadirdir.
Varlığın şərtləndirən əsas amillərdən biri də emosiyalardır. Bura həm xoş, həm də kədərli hiss və duyğular daxildir. İnsan kainatın axışı, təbiətin dəyişimi ilə daim vəhdətdədir. Ətrafımızda baş verən hadisələr bizdə yaxşı və ya pis izlər qoyur, onlar qarşısında ağlamaq, gülmək, qəzəblənmək isə sadəcə insan olmaq deməkdir:
"Arvadın gözündə yaş var, evdə iş var", yəni qadın, yaxud kişi olmaq fərq etmədən zaman-zaman duyğu axışında olmaq yaradılışımızın təməlindədir.
Ər atanı el atar, ər tutanı el tutar.
Yaxşısı “atan” da, “tutan” da olmadan möhkəm təmələ sahib olmaq, özün kimliyindən güc alaraq kök salmaqdır.
Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya.
Süfrəmizdən halva, toyumuzdan nağara əksik etməyib, halal qazanca dair çoxlu fikirlər söyləyiriksə (“Halal mal heç yerə getməz”, Halal incələr, ancaq üzülməz” və s.), sevgi və doğruluqla icra edilən bütün peşələrin xoşbəxtlik gətirəcəyi şübhəsizdir.
Qızını döyməyən dizini döyər
Doğrusunu desək, evində döyüləni ətrafı da, özgəsi də döyər. Dünya ilə ilk tanışlığımızı yaşadığımız, “ev” demək üçün dörd divar, bir tavan və qapıdan daha çoxuna ehtiyac duyduğumuz yuvalarda gördüklərimiz bir ömür boyu gedəcəyimiz yolları, üzərimizə qalxan əllərin saçlarımıza sığal, yoxsa başlarımıza “qapaz” olacağını təyin edir.
Bu cür örnəklər Altay türkcəsində də az deyil:
Altın baştu kadııtan,
Arık baştu er artık “Qızıl başlı qadındansa, arıq başlı ər yaxşıdır”.
Belə anlaşılır ki, bütün üstün cəhətlərinə, seçilən xüsusiyyətlərinə baxmayaraq, qadın sadəcə qadın olduğu üçün hər zaman kişidən daha natamam və zəifdir.
Enezi t'amanıii kızın alba, Ejigi t'amanlUii üyine kirbe. “Anası pisdirsə, qızını alma, qapısı pisdirsə, evə girmə”.
Buna bənzər nümunə Azərbaycan dilində “Anasına bax, qızını al” şəklində işlədilir. Hər nə qədər büyüdüyümüz ailələr, aldığımız tərbiyə və formalaşdığımız mühit xarakterimizin formalaşmasına təsir etsə də, olduğumuz və olmaq istədiyimiz şəxsiyyəti yaratmaq fərd olaraq özümüzdən asılıdır. Bu səbəbdən övladlar valideynlərinin, onların həyat tərzinin məsuliyyətini daşımır.
Kadın kijinin çaçı uzun, agılga kıska. “Qadının saçı uzun, ağlı qısadır”.
Tarixə öz adını qızıl hərflərlə yazmış Tomris, Sara xatun, Nənə xatun, Fatimə Aliyə xanım, Ümgülsüm Sadıqzadə, Qaratel Hacımahmudova, Salatın Əsgərova və adı vərəqlərə, sətirlərə sığmayacaq yüzlərlə, minlərlə qadının hekayəsində aparıcı mövzu saçlar, görünüşlər deyil, ağıl və cəsarətdir.
Sözün müxtəsəri, tez-tez eşitdiyimiz, oxuduğumuz və bəlkə də, işlətdiyimiz bir qrup atalar sözləri, deyimlər uzun bir ömür yolu keçmiş olsa da, artıq tarixin yaddaşında, vərəqlərdə, kitablarda yanlış olduğu bilinərək saxlanmalı, zehnimizdəki yerini bərabərliyə, birlikdə dünyanı daha yaşanmalı, güllərlə, gülüşlərlə dolu bir məkana çevirəcək fikirlərə, qayələrə verməlidir. Dahi şairimiz Hüseyn Cavidin dilindən desək:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)